Azər Qaraçənli
Xaqani[1], üç şeydən gözəl, de, nə var:
Cavanlıq, rahatlıq, bir də güzaran.
Sənin ki, hər ücü varındır, şükr et,
Onları bir yerdə tapmaz hər insan[2].
Ancaq ömrü keşməkeşlərdə keçmiş Xaqani Şirvaninin cavanlığında da bir rahatlıq, güzəran tapdığına inanmaq çətindi. Dülgər oğlu şairliyi seçdiyinə görə atasıyla həmişə münaqişədə olub. Saray şairliyinə qəbul olunsa da, gözümçıxdıya salınıb, istedadı paxıllıq doğurub, ictimai-siyasi baxışlarına görə bədxahları onu şahın qəzəbinə gətirib. Şaha mədhiyyələr yazsa da, bunun peşmanlığını çəkib. Zəmanədən həmişə şikayətçi olub. Doğma yurdundan qıraqda rahat nəfəs alsa da, Məkkə ziyarətindən vətəninə dönüb. Şah onun Şamaxıdan çıxmağına yasaq qoyub, Şamaxıdan gizli çıxmaq istədiyini biləndə zindana saldırıb, üstəlik, zindanda əl-qolu zəncirli, ayağı kündəli saxlatdırıb. Xaqani zindandan çıxandan sonra, ikinci Məkkə ziyarətindən də Şamaxıya qayıdıb. Axırda Təbrizə köçməli olub. Düşmənləri onu Təbrizdə də rahat buraxmayıblar. Bütün bu müsibətlər Xaqaniyə çox yer eləsə də, onu şükürdən uzaq sala bilməyib. Şair bir qəzəlində deyir:
Edirəm şükr şikayət yerinə Yusiftək,
İstəyir mən şərəfə, ya da ki, zindanə çatım[3].
Xaqani başına gələnlərə fəzilət sahibi olmağının, yəni istedadca, əxlaqca başqalarından üstün olmağının nəticəsi kimi baxırdı. Fəzilət sahibisənsə, deməli, səni istəməyən çox olacaq, paxıllığını çəkən, ayağının altını qazıyan olacaq. Elə bil bu, üstünlüyün çıxacağıdı – çıxmalıdı, cəriməsidi – ödənməlidi. Ona görə başına gələnlər şairi incidirdisə də, o biri yandan da bu müsibətlər ona öz üstünlüyünü xatırladırdı; Xaqani zəmanədən, bədxahlardan, paxıllardan şikayətlənsə də, fəzilət sahibi olmağına şükür eləyirdi, şükür eləyirdi ki, Tanrı ona belə bir istedad, bilik, əxlaq verib.
Bir şeirində deyir fəzilət baş ağrısıdı, fazil adamlar həmişə dərdli olar. Deyir harda ilansız xəzinə qalar? Hansı sərkərdə döyüşsüz şöhrət qazanıb? Başçılıq bəlasız əldə olunmaz. Ceyranın göbəyindən ətir (müşk) alanda adamın burnu qanaya bilər. Sonra şair özünü nəzərdə tutub deyir ətrin dünyanı tutub, buna görə Tanrıya şükür elə, bil ki, naşükürlük kafur kimidi, müşkün ətrini vurub dağıdar.
Fəzilət, Xaqani, baş ağrısıdır,
Həmişə dərdlidir fazil adamlar.
Hünər sahibləri, ağıllılar da,
Dərdi-sər içində edir ahü zar.
Taca baş ağrısız kim əl tapıbdır?
Harada ilansız xəzinə qalar?
Başçılıq bəlasız əldə edilməz,
Döyüşsüz şöhrətə çatmaz bir sərdar.
Fil əziz olsa da, lakin hər yetən
Dəmirlə beyninə döyər biqərar.
Sürməni nə qədər narın üyütsən,
Onun qiyməti də o qədər artar.
Göbəyi kəsilən zaman uşağa
Mamanın yazığı gəlməz, aşikar.
Sözüm bal kimidir, paxıllar, amma,
Bal yeyib, ağzından tökdü zəhrimar.
Arı pətəyindən bal tutan adam
Toxunmaz arıya, arılar sancar.
Odur ki, üzünü palçıqla örtər,
Bal tutmaq istərkən ağlı olanlar.
Musanın əlləri palçığa batmaz,
Xızr xəzinəyə çəkməli divar.
Sən bilik şirinin balası ikən,
Cəhlin qarışqası edir səni xar.
Sən fərəh sərvisən, güman etmə ki,
Qəm sənin üstünə səpməz toz, qubar.
Hünərin bir ceyran müşkünə bənzər,
Nə əcəb, müşkdən başmı ağrıyar?
Ceyran göbəyindən ətir alanda,
Vaxt olar, adamın burnu qanayar.
Ətirin tutmuşdur bütün cahanı,
Eylə Yaradana şükrünü izhar.
Bil ki, naşükürlük kafura bənzər,
Ki, müşkün ətrini vurub dağıdar[4].
Naşükürlüyü kafura – kəskin qoxulu maddəyə bənzətməklə şair islam dinindən gələn “şükür neməti artırır, naşükürlük azaldır” prinsipindən çıxış eləyir. Deyir ətrin dünyanı tutub, şükür elə, naşükürlük eləsən bu nemətdən məhrum olacaqsan, naşükürlüyün kafur kimi sənin ətrini vurub dağıdacaq, müşk yerinə kafur qoxusu verəcəksən. Deməli, şükür yaradıcı, naşükürlük dağıdıcıdı.
Şair bir rübaisində deyir hər nəfəs alanda Allaha şükür elə ki, Tanrı sənə yardım göstərsin. Bu sözüylə şair şükürün Tanrıya xoş gedən, Tanrının yardımına gətirib çıxaran bir məziyyət olduğuna inamını ifadə eləyir. Bu inam da dindən gəlir. “Quran”da Tanrı dəfələrlə xəbərdarlıq eləyib bildirir ki, şükürün mükafatı, naşükürlüyün cəzası var. Xaqani rübaisində deyir:
Dostuna söz verdin, əməl et hər an,
Əhdini, əzizim, pozma heç zaman.
Hər nəfəs aldıqda Allaha şükr et,
Ta kərəm göstərsin sənə Yaradan[5].
Müsibətlərin şükürdən məhrum eləyə bilmədiyi Xaqani ustadı Bəhaəddin Səid ibn Əhmədə yazdığı mədhiyyəsində özü haqqında belə deyir:
Xəsislərin əllərində əsir olmam zər kimi,
Var-dövlətdən üz döndərrəm bir vüqarlı ər kimi.
Hər qapıya çörək üçün su tək axmadım, inan,
Ona görə torpaq kimi tapdanıram hər zaman.
Allahıma min bir şükür eyləyirəm qəlbi şad,
Mənə dinar verməmişsə, vermiş bilik, etiqad.
Kənar gəzdim insanlardan, hümmət oldu dayağım,
Hümmətimin sayəsində göyə dəydi papağım.
…Mən söz düzən Xaqaniyəm, sözlərimdə yox yalan,
İsa mənim əşarımı nəzmə salar hər zaman.
Şükr olsun ki, çəkməmişəm mən xəcalət kimsədən,
Xəciləm bir Allahımdan, bir də ustad Əhməddən[6].
Xaqaninin şükranlığı dərin adamın şükranlığıdı, zahiri ziyanın içində xeyiri, batindəki gülüstanı görməyi bacaran müdrik bir şükranlıqdı. Şair bir fəxriyyəsində yazır:
Əgər nəfsin məzarında tikan bitmişsə, şükr eylə!
Tikan zahirdədir, sən batinə bax, gör gülüstanı[7].
Bir qitəsində deyir:
Məhv etdisə gecənin əsərini zəmanə,
Gündüzün müjdəçisi işıqlı dan doğuldu.
Çox şükür, söz bağında çiçəklər töküldüsə,
Budaqlar bəhərləndi, məna, ürfan doğuldu.
Söndü axan bir ulduz, parıldadı şəhabı,
Torpaq su içdi, ondan xoş gülüstan doğuldu[8].
Bir qəzəlində deyir:
Həsrət çəkmə sən bizim ötüb keçən günlərə,
Ümid yerim var hələ ki, şad olum vəslində.
Əgər ölüm yazıbsa, Xaqani, yarın sənə,
Buna sevin, şükr elə ki, oldun ona bəndə[9].
Xaqaninin hökmdarlara yazdığı mədhiyyələrdə də şükranlığa rast gəlmək olur. Ancaq bu şükranlıqlar eləcə şükür sözündən ibarətdi, burda dərin bir məna bildirilmir. Həm də şair belə mədhiyyələrinə görə sonradan peşman olub. Buna görə də onların üstündə dayanmağa ehtiyac qalmır.
____________
[1] Xaqani Şirvani (1126-1199) – şair, filosof
[2] Xaqani Şirvani “Seçilmiş əsərləri”. Tərtib eləyəni: Məmmədağa Sultanov. Bakı, “Lider” nəşriyyatı, 2004-cü il. Səh. 512
[3] Orda, səh. 465
[4] Səh. 410-411
[5] Səh. 552
[6] Səh. 164-165
[7] Səh. 102
[8] Səh. 114
[9] Səh. 487
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür