Vahid Qazi
Qəribə millətik. Görəsən adamını bizim qədər dilemmalar, seçimlər qarşısında qalmağa məcbur edən ikinci bir toplum varmı, üzü o yandan bəri bu gen dünyada?!
“Hünərli olmaq”la “həyalı qalmaq” arasındakı dilemmadan danışıram. Belə ağır seçim basqısına adammı tab gətirər?
Abrını qorumaq istəsən, pıçhapıç düşər – “Qorxur”. Qorxmayıb danışarsan, yazarsan, deyərlər: “Abrını qoru, həyanı əldən vermə!”
Nə edəsən ki, hər ikisini saxlaya biləsən? Bax, bu sualın cavabı yaşadığın cəmiyyətə bağlıdır.
Abırlı adamların qorxmadan danışa bildiyi cəmiyyətdi – yaxşı cəmiyyət!
“Abrını qoru!” sözünü başa düşürəm, amma xoşum gəlmir “abrına qısıl” söhbətindən. “Qısılmaq” sözü “əyilmək”, “büzüşmək”, “qatlanmaq” sözlərini də ehtiva edir. Necə yəni, “abrına qısıl”? Yəni nə? Əyil? Büzüş? Qatlan?
İnsan üzünün şərm-həyası nə deməkdir? Abır-həya necə olur? Alınırmı? Satılırmı?
Abırın, həyanın ən qiymətli dəyər olduğu yerdi – yaxşı cəmiyyət!
Abır-həyanın bir parça çörəyə, iş yerinə, medala, qranta, mükafata satıldığı yerdi – pis cəmiyyət.
Abır vicdandan sonra ən qiymətli dəyəridi insanın.
İnsan üzündəki şərm-həyanın qiyməti neçəyədi? Bax, bunlardan danışmaq istəyirəm.
Uzağa getməyəcəm “Çöl Qala” povestindəki bir pritça cavabdı sualıma.
“Çöl Qala”dan oxuyaq:
“Bir gün varlı bir tacir dükanı qarşısında oturubmuş. Çarşablı bir qadın ona yaxınlaşıb əl açır. Tacir pul kisəsini çıxarıb qadına bir mis sikkə uzadır. Pulu dilənçinin ovcuna qoyanda çarşab qadının başından düşür, üzü görünür. Tacir gördüyü gözəlliyə heyran qalır. Ona əl açan Ay parçası bir qızmış. Qız cəld çarşabını başına çəkib çaparaq aralanır. Onların bir anda toqquşan baxışları tacirin ürəyinə vəlvələ salır, qığılcım alova dönür, vulkan kimi püskürür. O, itaətkar qul kimi qızın arxasına düşüb gedir.
Belə bir gözəlin dilənməsində sirr olmamış deyil! Yol boyu ürəyində boy verən dəli ehtiras marağa qarışır. Bir xeyli küçə keçir, tin dönürlər. Sonunda qız böyük bir imarətə girir. Tacir marağından elə bil bu andaca çatlayacaqdı. Tərəddüd etmədən imarətin darvazasını döyür.
Onu içəri alıb bir otağa gətirirlər. Çox keçmir, evin sahibi gəlir. Tacir görür ki, bu, çox varlı bir qaraçıdı. Salamdan sonra tacir başına gələni ev sahibinə danışır. O qızı xəbər alır, bu sirri açmasını xahiş edir. Öyrənir ki, o, ev sahibinin qızıdı. Tacir qızı almaq istədiyini, nə qədər lazımsa pul verəcəyini söyləyir. Ev sahibi razılaşmır.
Ordan havalı ayrılan tacir özünə yer tapmır. Qızı başından çıxara bilmir. Ona dəli bir eşqlə aşiq olur. Səhəri yenə qızgilə gedir, o biri gün yenə. Amma varlı qaraçını razı salmaq mümkün olmur.
Tacirin inadından dönmədiyini görən qaraçı axırda bir şərtlə qızı ona verə biləcəyini deyir: “Sabah obaşdan şəhər darvazası ağzına çıxarsan, bütün günü dilənərsən, gün boyu yığdığın pulu axşam gətirərsən, qızı sənə verərəm”.
Tacir eşitdiklərinə inanmır: “Mən sənə kisə-kisə qızıl verərəm, qara qəpikləri neyləyirsən?”
Qaraçı deyir: “Mənə sənin gətirəcəyin qara qəpiklər lazımdı”.
Tacir yenə ordan kor-peşman ayrılır. Şəhər əhlinin tanıyıb ehtiram elədiyi bir adam indi küçəyə çıxıb necə dilənsin?
Bütün gecəni yata bilmir…
Səhər tezdən şəhərin darvazaları açılanda üzü-başı bağlı tacir qala divarları dibində oturub şəhərə girən karvan əhlinə əl uzadırdı. Keçənlər bu qəribə dilənçinin ovcuna pul basırdılar.
Axşam tacir diləndiyi pulları da götürüb qaraçının yanına gəlir, ona bir kisə qara qəpik uzadır. Qaraçı pulu alıb deyir: “Mən hardan bilim ki, sən bu pulları dilənmisən?” Tacir deyir: “Dilənmişəm! Bütün günü şəhər darvazasının ağzında oturmuşam”.
Qaraçı onu sınayıcı baxışlarla süzür: “Yaxşı, baxarıq! De görüm, ovcuna ilk qəpik qoyulanda hansı duyğuları keçirdin? Nə oldu?” Tacir başını aşağı dikib dərin fikrə gedir. Sonra baxışlarını pud daşı kimi qaldırıb bu sözləri deyir: “İlk qəpiyi mənə elə mən yaşda bir tacir verdi. Pulu ovcuma basanda canımdan üşütmə keçdi. Gözüm qaraldı, bədənimi soyuq tər basdı. Alnımda sıralanmış tər dənələri üzümə axdı. Bir-iki dəfə də tərlədim, sonra daha belə olmadı”.
Qaraçı qalxıb əlini tacirin çiyninə qoyur:
– Düz deyirsən, pulları dilənmisən. Qızı verirəm!
– Səni anlamıram. Qızı əvvəldən niyə vermədin ki, bu qara qəpiklərdimi onun dəyəri?
– Yox, mənim qızımı heç bir qızıl pul əvəz eləməz. Onu yalnız dəlicəsinə sevən birinə verəcəyimi əhd eləmişdim. Mənə sənin qızılların lazım deyil. Mən səndə daha qiymətli olanı aldım. İnsanda ən dəyərli şey üzünün həyasıdır. Ovcuna pul basılan anda səndən çıxan o soyuq tər sənin şərm-həyan idi. Mən səndən onu aldım”.
Bəs bizim üzümüzdə şərm-həya varmı? Varsa, neçəyədir?
30 oktyabr 2015
Kungsmarken, İsveç