İbrahimxəlil
Etiraf edim ki, mən tarixi hərdən-hərdən qulağa xoş gəlmək səviyyəsində bilirəm. Amma tarix elmini həqiqəti demək səviyyəsində bilən Mirzə Qələm iddia edir ki, burada haqqında söhbət gedən “kor xəlifə”nin neçə əsr bundan əvvəl Bağdad tərəflərdə kor edilmiş və düz on yeddi il dilənçi vəziyyətində yaşamış Əl-Qahirlə heç bir iddia edilən qohumluq teli yoxdur; üstəlik, onun (haqqında söhbət gedən “kor xəlifə”nin) qüsuru gözlərində deyil, qulaqlarındadır. Sadəcə olaraq sümsü burnunun ucundan o yanı görə bilməyə-bilməyə gündəmdə az qala kor xəlifə qədər qala bildiyi üçün bu ləqəbi daşıyır. Məgər uca Allah hər quluna daşıya bildiyi qədər yük vermirmi?
Amma bir qədər uzaqdan başlasam məsləhətdir…
…bu motiv hələ üzü Vergili dövründən qaynaqlanan “Xoruz və inci” təmsilinə də bənzəyir; xatırladıram: xoruz peyinlikdən inci tapır və təəssüflənir ki, inci əvəzinə bircə arpa dənəsi tapsaydı daha dilaram olardı.
Bütün hallarda inanan da, inanmayan da daşa dönmədiyindən buyurub baxa bilərsiniz.
Təbii ki, Tiflis də Allahın altı olan digər yerlər kimidi; yəni burada da hamıya yer var: oğruya da, doğruya da, Mirzə Qotura da, Mirzə Salehə də… müxtəsəri, məsələn, vaxtilə hansı minvalla ki, “Kəşkül” jurnalını nəşr edən Ünsizadə qardaşlarına da, “Molla Nəsrəddin”çilərə də, “Şərqi-Rus”un naşiri Məhəmməd ağa Şahtaxtinskiyə də yer var idi, eynən həmin minvalla müasir modernist-şizofrenik N.N.Ünsizadəyə də (soyad eyniliyi zərurət deyil, təsadüfdür), hind qozu qabığından düzəldilmiş qabını (kəşkülünü) arada-sırada zoddu-zoddu nümayiş etdirən pop-art “təmsilçimiz” Kibar Kəbirzadəyə də yerlibaz yer var. Və “kor xəlifə” də Allahın bu hər cür yerliçilikdən uzaq səxavətindən sui-istifadə edərək gah Başkeçid, gah Sınıq körpü, gah da Gəncəbasar tərəflərdə öz mah-mənzər mühazirələri ilə bəzi bəxti-mənhus mirzələri misilləmə müştaq və mümtaz edir.
Gah filologiya üzrə fəlsəfə doktoru, gah Borçalıda erkən evlilik üzrə fəlsəfə doktoru (yeddi nəfər yaxın qohumunun erkən boşanması olduğu üçün erkən boşanmalara toxunmur), Parisin “dərvişsayağı” partladılması üzrə fəlsəfə doktoru, itaəti-nijad inteqrasiya üzrə fəlsəfə doktoru, gah coğrafiya üzrə fəlsəfə doktoru, gah da tarix üzrə fəlsəfə doktoru rolunda görsənir. Gör yazıq-yavuz fəlsəfə nə günə qalıb ki, elmə heç bir dəxli olmayan da özünü fəlsəfəyə bu sayaq sırıya bilir. Hayıf Pifaqor fəlsəfəsindən!
“Kor xəlifə” Sınıq körpü tərəflərdə gömrükxanadakı ədalətsizlikdən çox danışır; sonra da belə məlum olur ki, onun məqsədi əslində nə rüsumda, nə rüəsada, nə də rövnəqi-karda imiş. Sadəcə olaraq xalası qızı Nazlı Tükəzbanın “yolunu açmaq” niyyətini güdürmüş. Çünki xalası qızının böyük mandarin biznesi var; o üzdən də iki gündən bir gömrükxana adlayır.
“Kor xəlifə”nin tənqid atəşi altına arada-sırada Azərbaycan Dövlət Neft Şirkəti də düşür. Sən demə, ARDNŞ son qəpiyinə qədər Gürcüstanda, daha doğrusu, Borçalı Süsən-Sünbülündə (Nazlı Tükəzbanın qeydiyyat yeri) qoymalı imiş. Bəlkə də ARDNŞ-nin Gürcüstan nümayəndəliyi Nazlı Tükəzbanın yeznəsini abırlı bir işə götürsəydi, bu tənqidbazlıqlar-kritikanlıqlar da olmazdı. Amma “kor xəlifə” adətkar tənqidbaz-kritikandır: sonra Yazıçılar Birliyini “yıxıb-sürüyür”, sonra Rəssamlar İttifaqını, sonra da Bəstəkarlar İttifaqını “çamura batırıb-çıxarır”… Gündəmdə uzunmüddətli qalmağının yeganə yolu da elə budur… Yəni xroniki tənqidbazlıq əslində xroniki bədbəxtlik xəstəliyi deyilmi? Amma Gürcüstanla bağlı bircə kəlmə tənqid də işlətmir ki, birdən işdi-şayəd, Mirzə S.Simonişvilinin xatakün xətrinə dəyə bilər.
“Kor xəlifə”yə görə tənqid təkcə Azərbaycan tərəfə aiddir; çünki Gürcüstan – əlbəttə, yenə də “kor xəlifə”yə görə – çox demokratik məmləkətdir və bu baxımdan da “kor xəlifə”nin kamyab könlündən arada-sırada “gürcülərtək azad olmaq” keçir; sanki bütün gürcülər (eləcə də bütün ərəblər, ispanlar, fransızlar, yaponlar… və sairə) bircə nəfər gürcüdən ibarət imiş və elə bil o bircə nəfər gürcü də (eləcə də ərəb, ispan, fransız, yapon… və sairə) bütün gürcülərin səlahiyyətli təmsilçisi imiş. Bu yerdə, o necə deyərlər, unudulmaz Diogenin “qəm köynəyi”ndən keçmiş inkoqnito kosmopolitə Allah – əlbəttə, öz dininin üstündə – rəhmət eləsin. Demişdi ki, yalnız öz ölkəsini tanıyan adam Dünya adlı Kitabın tək bircə səhifəsini oxuya bilib. Davam edib bunu da demişdi ki, mən öz vətənimə nifrət edirdim. Uzun səyahətlər zamanı aralarında yaşadığım bəzi xalqların… barbarlığı məni vətənimlə barışdırdı; dünya doğrudan da yekrəng imiş…
…Misilləmə misal üçün deyim ki, Mirzə Qələm Tiflisdə “Rustavi – 2” telekanalının ətrafında gedən həqqülfüqəra hadisələrlə bağlı “Azadlıq” qəzeti üçün yarımbozqır yazı yazmışdı. “Kor xəlifə” az qaldı rüfət və rəfah dolu Rustaveli prospektini Mirzə Qələmin bədi-kəlam başına çevirə! Sən demə – yenə də “kor xəlifə”yə görə – bir çanaqda yer almaq üçün gərək mütləq öz çıxdığın çanağı bəyənməyəsən; bəyənməmək nədir, gərək mənsub olduğun icmaya da kərrü-fərx küfrlər yağdırasan.
Yenə də misilləmə misal üçün, Mirzə Qələmin qardaşı oğlu Alpay da mənzil qonşusu Emzar Cavaxişvili kimi Almaniyaya gedib “qaçqın” statusu almaq istəyir, amma kimdir onu oralara buraxan? Gərək Aralıq dənizi keçə…
Amma indi “kor xəlifə”nin “problemçözən” olaraq birdən-birə gömrükdən, neftdən, rəsm sərgilərindən sürüşüb ədəbiyyata keçməsi imanlı adamın könlünü doğrudan-doğruya bulandırır.
Belə ki, “kor xəlifə” indi də Tiflisdə hazır ədəbiyyat reseptləri verməklə məşğuldur: Frans Kafkanı oxumaq lazımdır, yoxsa Lev Tolstoyu? Səməd Vurğunu əzbərləmək lazımdır, yoxsa Sərdar Cəlaloğlunu? İnternet ədəbiyyatı üstündür, yoxsa kitab ədəbiyyatı?
Ona idbar irad tutanlar tapılır ki, ay kor, axı bizim öz “Xlestakov-müfəttiş”imiz, öz “problemçözən”imiz, hətta öz “kor xəlifə”miz var, bəs sən hardan çıxdın?
O da qayıdır ki, bəs deməzsənmi, sizin olsa-olsa “xəlfə”niz ola bilər, xəlifəniz ola bilməz! “Xəlfə” də, məlumdur ki, bir zamanlar molla-müəllim köməkçisinə deyirlərmiş. Yoxsa canişin hara, siz hara?..
P.S. Bir günorta xəbər tutdum ki, “kor xəlifə” indi də Tiflisdən Qaraçöp tərəflərə keçib. Tiflisdən tez qaçmasının səbəbi isə guya Mirzə Fətəlinin ev-muzeyinə yaxın paytaxt suyunun ona düşməməyi olub.
“Birgünlük xəlifə”nin sorağı günlərin bir günü Yeni Zelandiya tərəflərdən də gəlsə, qətiyyən təəccüblənmərəm. Çünki “problemçözən”in özünü realizə etməyə bir örüşü olmalıdır, yoxsa yox?..
Bütün hallarda özünü, hətta birgünlük də olsa, “xəlifə” elan etməkdən böyük biabırçılıqmı var? Məgər özgə təyin, özgə təyinatmı qəhətdir?..
…Son dəfə Tiflisdən “müvəqqəti” ayrılmaq səbəbini də belə əsaslandırıb ki, guya xəlifə xurması gətirməyə gedir. “Xəlifə xurması” da, məlum olduğutək, dadlı və rahat həzm olunan xirniyə bənzər meyvədir.
________
Müəllifin başqa yazıları: • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Təkayaq (izomorfizm) • Bu dağların Abbası (retro) • Bilbaoda Bayraq günü (olimpias)