Azər Qaraçənli
Elə adamlar var onların şükürü peyğəmbərləri də heyran eləyib. Peyğəmbəri şükürünlə heyran eləmək çox çətin məsələdi, çünki Tanrıya ən çox şükür eləyən adamlar peyğəmbərlərdi, hamı onların şükürünə heyrandı, onlar kimin şükürünə heyran olacaqlar?
Amma dini rəvayətlərə görə, belə adamlar olub, peyğəmbəri şükürüylə heyran eləyən adamlar olub. Onlardan biri Yunus peyğəmbərin atası Mətta olub. Rəvayətə görə, bir gün Davud peyğəmbər Allaha deyib:
– Ya Rəbbim, cənnətdə mənimlə qonşu olacaq adamı mənə göstər.
Allahdan vəhy gəlib ki, o adam Yunus peyğəmbərin atası Məttadı.
Davud peyğəmbər Məttanın görüşünə getmək üçün Allahdan izn istəyib. Sonra hələ uşaq yaşında olan oğlu Süleymanın (Süleyman peyğəmbərin) əlindən tutub, Məttanı axtarmağa gedib. Soraqlayıb Məttanın evini tapıb. Görüb üstü xurma yarpaqlarıyla örtülmüş bir daxmadı, sahibi evdə yoxdu. Davud peyğəmbərlə oğlu gözləyiblər, bir azdan bir kişi çiynində odun şələsi gəlib çıxıb. Məlum olub ki, bu adam Məttadı, meşədən gəlir. Müştərilər yığışıb, odunları Məttadan alıblar. Bundan sonra Davud peyğəmbər oğluyla yaxınlaşıb Məttayla salam-əleyk eləyib. Mətta onları evinə dəvət eləyib. Evə keçməzdən qabaq Mətta satdığı odunun puluna arpa alıb. Evdə arpanı əl dəyirmanında üyüdüb. Sonra xəmir yoğurub, ocaq qalayıb, çörək bişirib. Süfrə açıb, çörəkləri gətirib süfrəyə qoyub. Ortaya duz da qoyub. Bundan sonra Mətta Davudla, Süleymanla birgə süfrənin qırağında oturub, elə “Bismillah” deyən kimi üzünü göyə tutub, başlayıb Allaha şükür eləməyə. Mətta deyib: “İlahi, şükür, mənə ağıl vermisən, göz vermisən, gözümə işıq, canıma sağlıq, qoluma qüvvət vermisən, bunları verməsəydin, mən gedib o odunları qırıb gətirə bilməzdim. İlahi, şükür, sən bu odunları mənə havayı verirsən, mən o ağacları heç əkməmişəm, böyütməmişəm, suvarmamışam. İlahi, şükür, müştəri yetirirsən, odunları məndən alırlar, sən bu odunlardan mənə pul yetirirsən. İlahi, şükür, arpa yaratmısan, odunun puluna arpa alıram, o arpanı mən heç əkməmişəm, suvarmamışam, biçməmişəm. İlahi, şükür, daşı mənə tabe eləmisən, bu daşla arpanı üyüdüb un eləyirəm. İlahi, şükür, odu ixtiyarıma vermisən, od qalayıram, çörək bişirirəm, xörək bişirirəm. İlahi, şükür, damağıma dad vermisən, çörəyi iştahla yeyə bilirəm…” Birdən Mətta dayanıb, kövrələ-kövrələ deyib: “İlahi, mən sənin nemətlərini sayıb qurtara bilmirəm”. Mətta bunu deyib üzüqoylu torpağa düşüb, hönkür-hönkür ağlamağa başlayıb.
Bunu görən Davud peyğəmbər üzünü oğluna tutub deyib:
– Oğlum, qalx ayağa! Mən hələ indiyə qədər Allaha belə şükür eləyən görməmişəm! Allaha belə şükür eləyən adam, əlbəttə, cənnətdə peyğəmbərin qonşusu olmalıdı[1].
Bu rəvayət nemətlərin sonsuzluğu, bir də insanın qədirbilənliyi haqqındadı. Nemət sonsuzdu, deməli, şükür də sonsuz olmalıdı. Doğrudan da, Məttanın dediyi kimi, o, meşə salmayıb, ağac əkməyib, Tanrı o ağaclardan ona pulsuz odun yetirir, üstəlik o odunlardan pul yetirir. Bunların hər birinə şükür düşür. Tanrı ona müştəri yetirir. Buna şükür düşür. Tanrı ona göz, qulaq, əl, ayaq verib. Hər birinə şükür düşür. Tanrı ona ağıl verib. Şükür düşür. Tanrı daşı, suyu, odu onun ixtiyarına verib. Tanrı ona ruzi verib, çörək verib, duz verib, damağına dad verib. Tanrı ona daxma verib, daxmasında oturub çörəyi iştahla yemək imkanı verib. Allahın nemətlərini sayıb qurtarmaq mümkün deyil. Hansından başlayıb, hansında dayanasan? Tanrı insanı yaradıb, insana ömür verib, vətən verib, millət verib. Tanrı insana gecə verib, gündüz verib, isti verib, soyuq verib. Tanrı insana ayağı altında yer, başı üstündə göy verib. Göydə bulud, buludda yağış verib. Hava verib, nəfəs verib. Tanrı insana vicdan verib, ədalət verib, azadlıq verib, sevgi verib, mərhəmət verib. Tanrı insana istedad, bilik, qabiliyyət verib. Hansını sayasan? Nemətlərin sayı-hesabı yoxdu, hamısına da saysız-hesabsız şükür düşür.
İnsanın şükür eləməli olduğu milyon haqq-hesab var. Ancaq biz qazancımızı yox, itkilərimizi saymaqda mahirik. Adamların çoxu şükür eləməli olduğunu saymır, şikayət eləməli olduğunu sayır, özü də hələ bilmək olmaz elədiyi şikayətin hamısına haqqı çatır, ya yox. Diqqət eləsək görərik elədiyi şikayətin bəzisinə, bəlkə də çoxuna heç haqqı da çatmır. İnsan şikayət eləməli olduğunu saysa, sayıb qurtara bilər, amma şükür eləməli olduğunu saymaq istəsə, sayıb qurtara bilməyəcək, görəcək ki, onların sayı yoxdu. İnsanın çoxu diqqətini saysız-hesabsız olana yox, sayı-hesabı olana yönəldib. Məttanın əhvalatı bizi həm də şükür eləməli olduqlarımızı saymağa bir çağırışdı. Bu rəvayət deyir şükür eləməli olduğunuzu sadalayın, görün şükür eləməli olduğunuz nələr var. Bundan xəbəriniz yoxdu, çünki az şükür eləyirsiz, bəlkə də heç şükür eləmirsiz. Rəvayət deyir, baxın, nemət nə deməkdi, şükür nə deməkdi, qədirbilənlik nə deməkdi, yaxşılıq bilmək nə deməkdi. Baxın, örnək götürün – deyir bu rəvayət.
Məttanın rəvayəti şükür haqqında olsa da, bir az da naşükürlük haqqındadı. Çünki o, şükür eləyəni güzgü kimi üzümüzə tutub bizə naşükürlüyümüzü xatırladır. O bizə örnək göstərir, bir yandan da elə bil üstörtülü şəkildə bizi qınayır. Qınamaya-qınamaya qınayır.
Məttanın hönkürtüsü Tanrıya vurğunluğun nəticəsidi. Bu, Tanrının böyüklüyündən, yaxşılığından vəcdə gəlmiş insanın hönkürtüsüdü. Mətta sevincindən ağlayır. İnsanın Tanrıya sevinməyi şükürdü. Mətta Tanrıya sevinir. Adam Tanrıya şükür çatdıra bilmədiyinə görə bir az sıxıla da bilər, amma adamı sevindirən odu ki, şükürünü çatdıra bilməyəcəyi bir Yaradanı var. Tanrıya şükür çatdıra bilməməyi insana xoşdu. İnsan buna kədərlənmir, insan bundan qürur duyur. İnsan xoşbəxtdi ki, kainatın belə bir Yiyəsi var. Mətta xoşbəxtdi. Onun belə bir Tanrısı var. O, xoşbəxtliyindən ağlayır.
Davud peyğəmbərin Məttayla görüşə gəlməkdə məqsədi onun nəyə görə cənnətdə peyğəmbərin qonşusu olmağa layiq görüldüyünü öyrənmək idi. Məttanın şükürünü görən kimi hər şey peyğəmbərə aydın olur. Mətta o yüksək məqama şükürünə görə layiq görülüb. Çünki Mətta qədirbiləndisə, Tanrı ondan da qədirbiləndi. Tanrı insana şükürün əvəzini min qat, milyon qat artıqlamasıyla verir. Tanrı şükürün əvəzində insana cənnət verir. Çox az adam şükürün qarşılığında başqasına cənnət verməyə razılaşardı. Çoxları fikirləşərdi ki, şükür cənnət qazanmaq üçün azdı, cənnət qazanmaq üçün insan başqa şeylər də eləməlidi. Əslində doğrudan da şükür cənnət qazanmağa azdı, doğrudan da əbədi xoşbəxtlik kimi bir mükafat bundan qat-qat artığına layiqdi. Ancaq Tanrı çox qədirbilən, həm də çox mərhəmətlidi. Ona görə də Tanrı insana layiq olduğundan qat-qat artıq mükafat verir. Tanrı insana eləcə yaxşılıq bilməyinin əvəzində əbədi yaxşılıq eləyir. Tanrı insana saysız-hesabsız yaxşılıq eləyir, üstəlik, bunu bilməyinin əvəzində də sonsuz yaxşılıq eləyir. Sonsuz, əbədi yaxşılıq! Yəni heç vaxt tükənməyən yaxşılıq! Cənnət – Tanrının baş mükafatıdı. Tanrı şükürə baş mükafatını verir. Bu baxımdan Məttanın rəvayəti Tanrının böyüklüyünü, mərhəmətini, qədirbilənliyini də göstərir. Tanrı odunçuya cənnətdə peyğəmbərin qonşuluğunda yer ayırıb. Bəlkə də cənnətdə yer bölüşdürməyi adamlara tapşırsaydılar, çoxları Məttanı Davuda qulluqçu götürərdi. Ancaq Tanrı Məttanı peyğəmbərə bərabər tutub. Bu, Məttanın tam haqq eləmədiyi bir mərtəbə ola bilər. Amma Tanrı çox qədirbilən, çox mərhəmətlidi.
Rəvayət Davudun da böyüklüyünü göstərir. Davud peyğəmbər deyir: “Mən hələ indiyə qədər Allaha belə şükür eləyən görməmişəm!” Əslində Davud Tanrıya Məttadan da çox şükür eləyən adamdı. O bunu təvazökarlığından deyir. Qədirbilənliyindən deyir. O bunu Məttanı daha da ucaltmaq üçün deyir. Bir növ əlinə qədirbilən adamı yüksəltmək fürsəti düşüb, bu fürsəti fövtə vermir, Məttanı hamıdan, özündən də yüksəyə qaldırır.
İsa peyğəmbəri heyran eləyən kişinin rəvayətində də belədi. Bu rəvayətdə də peyğəmbər şükür eləyəni hamıdan, özündən də yüksək tutur, onu örnək göstərir.
Rəvayətdə deyilir iki gözündən kor, iki ayağı topal bir kişi yol qırağında ağacın kölgəsində oturub dua eləyirdi:
– Ey neçə-neçə var-dövlətliyə vermədiyi nemətləri mənə verən Tanrım, yarpaqların, ulduzların sayıcan sənə şükürlər olsun!
Bu vaxt İsa peyğəmbər yoldan keçirmiş. Kişinin sözlərini eşidib ayaq saxlayır, yaxınlaşıb soruşur:
– Ay Allah bəndəsi, Tanrının neçə-neçə varlıya verməyib sənə verdiyi nemətlər hansıdı?
Dua eləyən kişi üzünü səs gələn tərəfə çevirib deyir:
– Tanrı mənə elə bir qəlb verib ki, bu qəlblə onu tanıyıram. Mənə elə bir dil verib ki, bu dillə ona şükür eləyirəm. Onu tanımaqdan böyük nemət, ona şükür eləməkdən böyük hidayət olarmı? Neçə-neçə var-dövlətli, sağlam adam var ki, ürəyində Allahı tanımaq, dilində də Allaha şükür eləmək xoşbəxtliyi yoxdu. Bax, buna görə də belə dua eləyirəm. Neçə-neçə varlıya vermədiyi neməti mənə verən Allahıma yarpaqların, ulduzların sayıcan şükürlər olsun!
Cavabı eşidəndə İsa peyğəmbər əyilib kişinin gözlərindən öpür. Peyğəmbərin dodağı dəyən kimi kişinin gözləri açılır. Gözünün açılmağından həyəcanlanan kişi qarşısında peyğəmbəri görəndə daha da həyəcanlanır:
– Sən möcüzələr göstərən, ölüləri dirildən, xəstələri sağaldan İsa peyğəmbər deyilsənmi?
İsa peyğəmbər gülümsünür:
– Bəlli olmadımı?
– Gözlərimdən bəlli oldu. Amma ayaqlarımdan hələ bəlli deyil.
İsa peyğəmbər yenə gülümsəyir:
– Sən hələ bir ayağa dur görək! Bəlkə ayaqlarından da bəlli oldu.
Kişi dirsəklənib qalxır, ayaqlarının da açıldığını görür. Deyir:
– Ey Allahın elçisi, səndəki bu möcüzələr də Tanrıdan deyilmi?! İcazə ver gecikməyim, bu əvəzsiz nemətlərə görə Tanrıya şükür eləyim.
Kişi bunu deyib şükür səcdəsinə durur. Səcdəsində deyir: “Ay Tanrı, səni tanıyan bir ürəyin, sənə şükür eləyən bir dilin – bu iki nemətinin şükürünü çatdıra bilmirdim, indi mənə iki işıqlı göz, yeriyən iki ayaq da verdin, bəs bu nemətlərin şükürünü necə ödəyəcəm?”
Bu vaxt onları əhatəyə almış adamlar İsa peyğəmbərin möcüzəsinə heyran qalıb onun əlini öpmək istəyirlər. İsa peyğəmbər deyir:
– Əli öpüləsi adam, bax, şükür səcdəsinə durmuş bu kişidi. Mənim yox, onun əlini öpün!
Toplaşanlar deyirlər:
– Onu səcdəyə endirən nemətlər bizdə anadan olandan var. Amma heç vaxt şükür səcdəsinə dəyən bir nemətə sahib olduğumuzu düşünməmişik.
İsa peyğəmbər deyir:
– Eləsə düşünün. Düşünən adam nemətlərə sahib olduğunun fərqinə varar, düşünməyən adamsa özünü nemətlərdən məhrum sanar![2]
Bu rəvayət bizə deyir ixtiyarımızda olan nemətləri görə bilmirik, ona görə də özümüzü nemətlərdən məhrum sanırıq. Rəvayət deyir, düşünsə, hər kəs – iki gözdən kor, iki ayaqdan şikəst olan da necə böyük nemətlərin yiyəsi olduğunu bilər. Şükür eləyən kişi buna nümunədi.
Rəvayət mənəvi nemətin hər şeydən yüksək olduğunu, mənəvi nemətin başda gəldiyini də bizə xatırladır. Rəvayət deyir mənəvi neməti olanın şükür eləməməyi üçün heç bir əsas yoxdu. Heç bir maddi, fiziki məhrumiyyət mənəvi nemətə xor baxmağa əsas verməməlidi. Mənəvi neməti olmayan məhrumiyyət içindədi, olan şükür içində olmalıdı. Bu rəvayət şükürün birinci hansı nemətlərə görə düşdüyünü yadımıza salır. O nemətlərdən biri də elə şükürün özüdü. Yəni şükür eləməyin özünə şükür düşür. İnsan şükür eləməlidi ki, Tanrıya şükür eləyə bilir.
Rəvayətdəki topal, kor kişi həm də canı sağ, yaşayışı firavan ola-ola şükür eləməyən adamları utandıra biləcək bir örnəkdi. Yəni ay canı sağ, kefi kök olanlar, siz heç bu kişinin yarısı qədər şükür eləyirsizmi?
İsa peyğəmbərin şükür səcdəsinə duran kişini adamlara göstərib “Mənim yox, onun əlini öpün!” deməyi peyğəmərin təvazökarlığının, şükürə nə qədər yüksək qiymət verməyinin, qədirbilən adamı necə uca tutmağının nəticəsidi. Bu o demək deyil ki, o kişi İsa peyğəmbərdən üstün adamdı, yaxud Tanrıya peyğəmbərdən çox şükür eləyir. Xeyr. İsa peyğəmbər Tanrıya ondan çox şükür eləyən adamdı. İsa peyğəmbərin qəlbindəki Tanrı vurğunluğu o kişinin vurğunluğundan qat-qat artıqdı. Ancaq peyğəmbər o kişini özündən üstün tutmaqla şükür eləyəni daha da ucaldır. “Əli öpüləsi adam bu kişidi” deməklə, şükür eləyənə bu qiyməti verməklə İsa peyğəmbər şükürü ən yüksək mərtəbəyə qaldırır. Elə onun başlıca məqsədi də budu – adamlara şükürün yüksək mərtəbəsini göstərmək, xüsusən də bunu bilməyən adamlara.
Şükürün meyarı Tanrı elçisidi. Rəvayətlərdəki şükür eləyən adamlar da peyğəmbərlərin verdiyi qiymətin sayəsində örnəyə çevrilirlər. Yəni onlar peyğəmbərlərə örnək deyillər, onları örnək eləyən elə peyğəmbərlərdi.
İsa peyğəmbərin gözünü, ayağını sağaltdığı kişinin şükür səcdəsinə duranda dediyi “Bir ürəyin, bir dilin şükürünü çatdıra bilmirdim, indi iki gözün, iki ayağın şükürünü necə ödəyəcəm?” sözləri nemətlərə şükürün sonsuzluğuna işarədi. Yəni bunlar elə nemətlərdi ki, onlara sonsuz şükür düşür, onlara görə Tanrıya nə qədər şükür eləsən azdı. Bu sözlər həm də qədirbilən adamın öz şükürünə böyük şükür kimi baxa bilmədiyindən xəbər verir. Kişi şükür eləyən adamdı, çox şükür eləyən adamdı, amma öz şükürünə böyük şükür kimi baxmır, Tanrıya deyir mən olanımın şükürünü çatdıra bilmirdim, indi nemətimi artırdın, bundan sonra şükürünü necə ödəyəcəm? Şükür eləyən adam belə olur: o, hər nemətə görə Tanrıya hədsiz şükür eləyir, ancaq Tanrıya bundan qat-qat artıq şükür düşdüyünü bildiyinə görə öz şükürünə böyük şükür kimi baxa bilmir.
İsa peyğəmbərin kişiyə verdiyi şəfanı şükürün mükafatı da saymaq olar. Dinə görə, şükür insanın nemətini artırır. Kişi şükür eləyir, neməti artır. Düzdü, dində şükürün neməti artırmağı ən birinci ilahi nemətə aiddi, axirət nemətinə aiddi. Amma din şükürün insanın bu dünyada nemətini artıra biləcəyini də inkar eləmir.
Bu rəvayətdəki şükür – nemətə şükürdü, bəlaya şükür deyil. Kişi bəlaya şükür eləmir. O, şükür eləmir ki, nə yaxşı gözüm kordu, ayağım yerimir. Yox, onun şükürü buna deyil. O, şükür eləyir ki, nə yaxşı Tanrını tanıyan ürəyim, şükür eləyən dilim var. Yəni nemətə şükür eləyir, bəlaya yox. Kişinin üstünlüyü ondadı ki, onun düşüncəsi nemətləri görməyə yönəlib, məhrumiyyətləri görməyə yox. Məhrumiyyəti böyük olsa da, bundan da böyük neməti var. Üstünlüyü ondadı ki, məhrumiyyətin içində ola-ola bunu unutmur, şükür eləyir. Özü də ürəkdən şükür eləyir, dilinin ucunda yox. Şükür eləmək Tanrıya ürəkdən minnətdar olmaqdı. Bircə dənə doğruçu şükranlıq varsa, o da budu. Doğrudan şükür eləməyin yolu ürəkdən şükür eləməkdi. Biz çoxumuz dilimizin ucunda bir “şükür” deyirik, elə bilirik şükür elədik. Amma ürəkdən şükür eləməyəndən sonra bunun bir faydası yoxdu.
Kişi özünü xoşbəxt sanır, çünki onun nemətlərdən xəbəri var. Ona görə də İsa peyğəmbər deyir: “Düşünün! Düşünən adam nemətlərə sahib olduğunun fərqinə varar, düşünməyən adamsa özünü nemətlərdən məhrum sanar!”
Biz çoxumuz özümüzü nemətlərdən məhrum sanırıq. Saysız-hesabsız nemətlərin içində ola-ola, saysız-hesabsız diləyimiz yerinə yetə-yetə elə bilirik nemətlərdən məhrumuq, arzularımız da gözümüzdə qalıb. Peyğəmbərlərin uca tutduğu şükürlər bizi bir daha bu məsələlər haqda düşünməyə çağırır.
__________
[1] https://tr-tr.facebook.com/HaciSahinMoizeleri/posts/364750416971476
https://az.wikipedia.org/wiki/Davud
[2] https://www.facebook.com/Kerbela.Mektebi.1/posts/432347936856118
http://mk.zaman.com.tr/mk-tr/newsDetail_getNewsById.action?newsId=7401
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür