Xəbər verdiyimiz kimi, Azər Qaraçənli “Allaha şükür” adlı yeni kitab yazıb. Kitabın “Quran”da şükür” bölməsini təqdim etmişdik. “Peyğəmbərin şükürü” bölməsini də oxucuların diqqətinə çatdırırıq. Bu bölmə də ilk dəfədir çap olunur.
Azər Qaraçənli
Peyğəmbərin şükürü
(“Allaha şükür” kitabından)
Məhəmməd peyğəmbərin[1] şüküründən danışanda mən ancaq hədislərə söykənirəm. Hədislərin səhihliyi barədə çoxlu mübahisə var. Mən bu mübahisələrə qarışmıram. Hədisləri seçəndə onların səhihliyinə yox, ibrətamizliyinə fikir vermişəm. İbrətamizdisə, ondan yararlanmışam, səhih olub-olmadığını araşdırmamışam. Ona görə inkar eləmirəm: misal gətirdiyim hədislərin arasında peyğəmbərin adına çıxılan əhvalatlar, kəlamlar da ola bilər. Ancaq hətta belə hədislər varsa da, onların heç biri peyğəmbərin adına ləkə gətirmir, gətirə də bilməz. Əsas olan budu. Hədisləri seçəndə mən onların səhihliyinə fikir verməmişəmsə də, ibrətamizliyinə, bir də peyğəmbərin adına, şəxsiyyətinə yaraşıb-yaraşmadığına fikir vermişəm.
Hədislər Məhəmməd peyğəmbərin Allaha çox şükür eləyən bəndələrdən olduğunu xəbər verir. Hədislərdə deyilir yatanda, duranda, çörək yeyəndə, su içəndə “Əlhəmdülillah” kəlməsi Məhəmməd peyğəmbərin dilindən düşməzmiş[2], peyğəmbər hər gecə yatağına uzananda keçirdiyi günə şükür eləmək üçün dua oxuyarmış[3], hər dəfə könül oxşayan xəbər eşidəndə Tanrıya şükür eləmək üçün səcdəyə durarmış[4].
Hədislər şükür ibadətinin peyğəmbərin əsas ibadəti olduğunu göstərir. Hədisə görə, bir dəfə Məhəmməd peyğəmbər səcdəyə duranda deyib: “Davud peyğəmbər bunu tövbə səcdəsi kimi eləyib, bizsə şükür səcdəsi kimi eləyirik”[5]. Yəni peyğəmbər ibadətində şükürə olduqca çox yer verib.
Bir hədisdə deyilir Məhəmməd peyğəmbərin namaz qılmaqdan topuqları şişibmiş. Deyiblər, ey peyğəmbər, neyləyirsən bu qədər namaz qılmağı, onsuz da sənin bütün günahların bağışlanıb. Peyğəmbər belə cavab verib: “Şükür eləyən bəndələrdən olmayımmı?” Yəni peyğəmbər demək istəyib mən namazı günahlarımın bağışlanmağı üçün yox, Tanrıya şükür eləmək üçün qılıram[6].
İmam Əli deyir: “Adamların bir dәstәsinin Allahdan istәyi var, ona görə ibadәt eləyir. Bu, tacirlәrin ibadәtidi. Başqa bir dəstə qorxusundan ibadәt elәyir. Bu, qulların ibadәtidi. Bir dәstә də var Allaha şükür eləmәk üçün ibadәt eləyir. Bu, azad insanların ibadәtidi”[7]. Məhəmməd peyğəmbərin ibadəti azad insanın ibadətidi. Gör peyğəmbərdə Tanrıya nə qədər şükranlıq olub ki, gecə-gündüz namaz qılırmış, namaz qılmaqdan ayaqları da şişibmiş. Bu, Məhəmməd peyğəmbərin şükürə təkcə sözüylə yox, həm də əməliylə verdiyi yüksək qiymətdi, örnəkdi. Bundan da çox örnək olan peyğəmbərin ürəyidi. Şükürlə dolub-daşan bir ürək. Elə bir ürək ki, şükür eləməkdən doymur, gecə-gündüz səni Tanrıya şükür eləməyə qaldırır, şükür ibadətlərindən ayağın da şişir, üstəlik, düşünürsən bundan aşağısı ola bilməz, bundan aşağısı naşükürlük olar, ona görə ibadəti azaltmağı təklif eləyənə belə deyirsən: şükür eləyənlərdən olmayımmı?
Şükür eləyən heç bir bəndə öz şükürünə böyük şükür kimi baxa bilməz. Çünki şükür eləyən – Tanrının bundan qat-qat artığına layiq olduğunu bilir. Bunu ancaq şükür eləyən bilə bilər, başqası bilməz. Bilsə də, beyniylə bilə bilər, ürəkdən bilə bilməz. Az şükür eləyən, ya heç şükür eləməyən adam Tanrının hər cür şükürdən yüksəkdə durduğu fikriylə razılaşsa da, bunu ancaq bir fikir kimi qəbul eləyə bilər, o, bunun nə demək olduğunu dərindən duyub dərk eləyə bilməz. Ona görə belə adam bir az şükür eləyən kimi, Tanrının hər cür şükürdən yüksəkdə durduğu fikriylə razılaşsa da, ona elə gələcək əməlli-başlı şükür eləyir. Yalnız çox şükür eləyən adam dərindən duyub başa düşür ki, Tanrıya şükür çatdıra bilmir, Tanrı onun elədiyi bütün şükürlərdən qat-qat artığına layiqdi. Tanrıya yalnız Məhəmməd peyğəmbər kimi şükür eləyən adam düşünə bilər ki, şükürünü azaltsa naşükürlük olar. Başqasına elə gələ bilər ki, burda heç bir naşükürlük yoxdu. Hətta başqaları təəccüblənə bilərlər: burda nə naşükürlük ola bilər? Məhəmməd peyğəmbərsə ayrı şeyə təəccüblənir: şükür eləyən bəndələrdən olmayımmı? Peyğəmbərin ibadəti azaltmağı təklif eləyənlərə verdiyi bu cavabda onun təəccübü duyulur. Şükür ibadətini azaltmaq?! Bu, peyğəmbərə qəribə gəlir. Çünki o, Tanrıya başqalarından çox şükür elədiyini görsə də, bu şükürləri qətiyyən Tanrıya çox görmür. Əksinə, hələ bu şükürləri az bilir. O qədər az ki, ondan aşağısına yer olmadığını düşünür.
Bir hədisdə Məhəmməd peyğəmbərin hətta az şükür elədiyinə ağlamağından da danışılır. Hədisdə deyilir gecələr tez-tez durub namaz qılan Məhəmməd peyğəmbər bir gecə namazını bitirəndə qəfildən hönkür-hönkür ağlamağa başlayıb. Arvadı Ayişə soruşub niyə ağlayırsan? Peyğəmbər cavab verib: “Tam şükür eləyən bəndə olmasam, niyə ağlamayım?”[8] Bu əsl peyğəmbər sözüdü. Bu, qeyri-adi örnəkdi. Fövqəladə örnəkdi. Heç bir naşükür oturub Tanrıya şükür eləməməyinə, ya az şükür eləməyinə ağlaya bilməz. Bu həm də ona görə mümkün deyil ki, əgər adam oturub şükür eləməməyinə, ya az şükür eləməyinə ağlayırsa, deməli, o heç də naşükür deyil. Az şükür eləyən adam da deyil. Yalnız çox şükür eləyən belə ağlaya bilər.
Hədisə görə, bir gün peyğəmbər Məkkədən Mədinəyə gedəndə yolda əlini göyə tutub Allaha dua eləyib, xeyli səcdəyə durub. Qalxanda yenə əlini göyə tutub, dua eləyib, yenidən səcdəyə durub. Bu qaydada peyğəmbər üç dəfə səcdə eləyib. Sonra peyğəmbər bunu belə izah eləyib: “Mən Rəbbimdən ümmətimin günahlarının bağışlanmağını istədim. Rəbbim ümmətimin üçdə birini mənə verdi, mən də Rəbbimə şükür səcdəsinə durdum. Sonra başımı yerdən qaldırıb ümmətim üçün yenə bağışlanma dilədim. Rəbbim ümmətimin o biri üçdə birini də mənə verdi, mən də Rəbbimə şükür səcdəsinə durdum. Başımı qaldırdım, ümmətim üçün yenə bağışlanma dilədim, Rəbbim ümmətimin qalan üçdə birini də verdi, mən də yenidən Rəbbimə şükür səcdəsinə durdum”[9].
Diqqət yetirin, peyğəmbər Allahdan ümmətinin bağışlanmağını istəyir. Bunu necə istəyir? Şükür səcdəsində. Deməli, səcdəyə durub Tanrıya şükür eləyir, sonra nəsə istəyir. İnsan Tanrıdan nəsə istəyəndə elə eləməlidi ki, bu, naşükürlük kimi çıxmasın. Bunu necə eləmək olar? Yolu varmı? Var. Bundan ötrü gərək əvvəlcə Tanrının verdiyinə şükür eləyəsən. Qabaqca Tanrının verdiyinə şükür eləyəsən ki, sonra ondan nəsə istəyə də biləsən. Onda istəməyin naşükürlük kimi çıxmaz. Peyğəmbər bunun nümunəsini göstərir. Peyğəmbər ümmətinin günahlarının bağışlanmağını istəyir. Bunu şükür səcdəsində eləyir. Yəni əvvəlcə şükür eləyir, sonra istəyir. Tanrı ümmətinin üçdə birini ona bağışlayır. Peyğəmbər səcdəyə durub buna görə Tanrıya şükürünü bildirir. Şükürünü bildirəndən sonra başını qaldırıb ümməti üçün yenə bağışlanma diləyir. Tanrı ümmətinin o biri üçdə birini də peyğəmbərə bağışlayır. Peyğəmbər yenidən şükür səcdəsinə durur, Tanrıya şükürünü bildirir. Sonra ümməti üçün yenə bağışlanma diləyir, Tanrı ümmətinin qalan üçdə birini də ona bağışlayır. Peyğəmbər yenidən şükür səcdəsinə durur. Tanrıdan diləmək, Tanrının verdiyinə şükür eləmək belə olmalıdı. Bu, bir sistemdi. Bu, sistemli bir örnəkdi.
Bu hədisdə şükürün neməti artırdığına örnəyi də görmək olar. Peyğəmbər şükür eləyir, neməti artır. Tanrı hər şükür elədikcə ümmətinin bir hissəsini ona bağışlayır. Bu, böyük nemətdi. Neməti artdıqca peyğəmbər şükürünü də artırır. Deməli, bu hədisdə neməti artanın şükürünü artırdığına örnək də var. Peyğəmbər şükür elədikcə neməti artır, neməti artdıqca şükür eləyir. Hədis həm də bunun təbliğidi: şükür elə, nemətin artsın, nemətin artdıqca şükürünü də artır.
Bir hədisə görə, peyğəmbər hətta bir dəfə o qədər səcdədə qalıb ki, onun öldüyünü zənn eləyiblər, elə biliblər ibadət elədiyi yerdə keçinib, ona görə bu qədər vaxtdı yerindən tərpənmir. Hədisə görə, peyğəmbər o səcdədən başını qaldıranda deyib: “Cəbrayıl nazil olmuşdu. Dedi kim sənə salam-salavat gətirirsə, Cənab Haqq onun günahını bağışlayır, o adam Allahın salamını qazanır. Mən də buna görə şükür səcdəsinə durmuşdum”[10].
Kim sənə salam-salavat gətirirsə, Cənab Haqq onun günahını bağışlayır, o adam Allahın salamını qazanır. Bu, bir insan üçün həddindən artıq böyük nemətdi. Belə nemətin şükürü də hədsiz olmalıdı. Ona görə peyğəmbər bu xəbəri eşidəndə o qədər şükür səcdəsində qalıb ki, elə biliblər ölüb. Peyğəmbər bu böyük nemətə belə şükür eləyib. Kiminsə nə vaxtsa şükür səcdəsində bu qədər qaldığını eşitməmişəm, görməmişəm, oxumamışam.
Hədisə görə, peyğəmbər hər namazın sonunda belə deməyi məsləhət görüb: “Ay Allah, səni yada salmaq, sənə şükür eləmək, sənə yaxşı ibadət eləyə bilmək üçün mənə kömək elə”[11].
Hədisə görə, peyğəmbər deyib: “Allah şükürün hər qapısından bəndənin üzünə neməti artıran bir qapı açıb. Şükürün elə qapısı yoxdu ki, onu açanda bəndənin üzünə nemət artıran qapı da açılmamış olsun”[12]. Məhəmməd peyğəmbərin bu kəlamına ən böyük sübut elə peyğəmbərin özüdü. Allah peyğəmbərin hər şüküründən onun üzünə nemətini artıran bir qapı açıb. Ona görə peyğəmbər deyib: “Şükürün elə qapısı yoxdu ki, onu açanda bəndənin üzünə nemət artıran qapı açılmamış olsun”.
Bir hədisə görə, Məhəmməd peyğəmbər belə buyurub: “Kim səhər açılanda “İlahi, hansı nemət bu sabaha mənimlə, ya yaratdıqlarından başqa biriylə çıxıbsa, buna səbəb sənsən, bu, səndəndi. Sən təksən, ortağın yoxdu, şükür, tərif sənədi” söyləsə, o adam gündüzkü şükür borcunu ödəmiş olar. Bunu axşam da söyləyən adam gecəki şükür borcunu da ödəmiş olur”[13]. Bütün nemətləri Tanrıdan görmək, şüküründə Tanrıya şərik qoşmamaq, gündüz də, gecə də Tanrıya şükür borcunun olduğunu bilmək – bu kəlamda təbliğ olunan ideyalar bunlardı.
Hədisə görə, peyğəmbər deyib: “Allah kimə bir nemət bəxş eləsə, o adam Allaha həmd və şükür eləməlidi. Kimin ruzisi təxirə düşərsə, Allahdan günahlarının bağışlanmağını istəsin”[14]. Hər nemətə görə Tanrıya şükür eləmək, ruzin təxirə düşəndə günahlarının bağışlanmağını diləmək, heç vaxt naşükür olmamaq, bir də ruzin azalanda bunun kökünü öz günahlarında axtarmaq – hədis bu mənaları verir.
Hədisə görə, peyğəmbər deyib: “Nemətə naşükürlük elə bir günahdı ki, onun əzabı və əvəzi daha tez çatır”[15]. Bu, Tanrının naşükürlüyə çox qəzəbli olduğu deməkdi.
Hədisə görə, peyğəmbər merac eləyəndə ona cəhənnəmi göstəriblər. Peyğəmbər cəhənnəmdə qadınlar görüb. Soruşub, bu, kafirlərdi? Cəbrayıl cavab verib, yox, onlar şükürü tərk eləyənlərdi[16]. Bu hədis də naşükürlüyün cəzasının çox ağır olduğundan xəbər verir.
Hədisə görə, peyğəmbər deyib: “Üç günahın cəzası bu dünyada çatar, axirətə qalmaz: ata-ananı incitmək, xalqa zülm eləmək, başqalarının yaxşılığına naşükürlük eləmək”[17]. Bu kəlamda da Tanrının qəzəbli olduğu günahlar sadalanıb.
Bir hədisə görə, Məhəmməd peyğəmbər adamlara hətta belə deyib: “Mən sizin günahlarınızdan çox naşükürlüyünüzdən qorxuram”[18]. Peyğəmbər bununla naşükürlüyün Tanrının nəzərində günahdan da betər olduğuna işarə eləyib. O, insanın günahdan da çox naşükürlüyünə görə Tanrının qəzəbinə gələ biləcəyi sarıdan narahatlığını ifadə eləyib. Burda peyğəmbərin “qorxuram” sözü “narahatam” mənasındadı. Yəni mən sizin günahlarınızdan çox naşükürlüyünüzə görə əzaba düçar olacağınızdan narahatam.
Hədisə görə, Məhəmməd peyğəmbər bu xəbərdarlığı da eləyib: “Allah yanında üç nəfər hamıdan mənfurdu: axşam heç namaz qılmasa da, gündüz çox yatan kəs; çox yeyib, üstəlik, yemək yeyəndə Allahın adını çəkməyən, yeyib qurtaranda Allaha şükür eləməyən kəs; səbəbsiz yerə çox gülən kəs”[19].
Bir hədisə görə, peyğəmbər deyib: “Qiyamət günü Allah deyəcək: “Ey Adəm oğlu! Mən səni at, dəvə belində gəzdirdim, səni qadınlarla evləndirdim, sənə tabelik də, başçılıq da verdim. Bəs bunun şükürü hanı?”[20] Bu hədis Qiyamət günü insanın naşükürlüyünə görə sorğu-suala çəkiləcəyindən, naşükürlüyün hesabının sorulacağından xəbər verir.
Bir hədisdə deyilir camaat yağış arzulayırmış. Yağış yağanda peyğəmbər deyib: “Adamlar bu səhərə iki bölük çıxdılar – bir bölüyü kafir kimi, bir bölüyü mömin kimi. Çünki bir bölük dedi bu yağış Allahın mərhəmətidi, o biri bölük dedi filan ulduzun düşərli olduğu düz çıxdı”[21]. Bu hədis Allaha şərik qoşmamaq haqqındadı. Allaha şərik qoşmaq küfrdü. Hədisdə neməti Tanrıdan görməməyin küfr olduğu başa salınır. Hədisə görə, “Quran”ın “Vaqiə” surəsinin 75-82-ci ayələri də həmin vaxt nazil olub. O ayələrdə deyilir: “Ulduzların mənzillərinə and olsun! Kaş bunun nə qədər böyük and olduğunu biləydiz! Quran doğrudan şərəfli-hörmətlidi. O, qorunub saxlanan bir Kitabdadı. Ona ancaq pak olanlar toxuna bilər! Onu aləmlərin Rəbbi göndərib. İndi siz bu kəlamı yalan sayırsızmı? Onu yalan saymaqdımı ruzinizə cavabınız?!”
“Quran”ın “Tövbə” surəsinin 34-35-ci ayələrində deyilir: “Ey iman gətirənlər! Alimlərin, rahiblərin çoxu camaatın malını haqsızcasına yeyir, camaatı Allahın yolundan döndərir. Qızıl-gümüş yığıb onu Allah yolunda sərf eləməyənlərə şiddətli əzabdan xəbər ver! O gün yığdıqları qızıl-gümüş cəhənnəm odunda qızdırılıb onların alnına, böyrünə, kürəyinə basılacaq. “Bu sizin özünüzə yığdığınızdı” deyiləcək onlara. Di dadın yığdığınızı!” Hədisə görə, “Quran”ın bu ayələri nazil olanda adamlar deyiblər qızıl-gümüş yığıb saxlamaq pisdi, bunu bildik, bəs nə saxlasaq yaxşıdı? Peyğəmbər bu suala belə cavab verib: “Allahı zikr eləyən dil, ona şükür eləyən ürək, səbir eləyən bədən, imanla yaşamağınızda sizə köməkçi olacaq mömin qadın”[22].
Hədisə görə, peyğəmbər yaxınlarından (ənsarlardan) bir dəstəni görəndə soruşub: “Siz möminsiz?” Deyiblər: “Bəli”. Peyğəmbər soruşub: “Sizin imanınızın nişanəsi nədi?” Deyiblər: “Nemət yetişəndə şükür eləyirik, möhnət zamanı səbir eləyirik, Allahın qəzasına sevinirik”. Peyğəmbər deyib: “And olsun Kəbənin pərvərdigarına ki, möminsiz”[23]. Bu hədis imanın şərtlərini xatırladır. İslam dinində imanın başqa şərtləri də var, ancaq hədisdən belə çıxır ki, nemətə şükür, möhnətə səbir eləməyi, Allahın qəzasına razılaşmağı adamı imanlı, mömin saymağa kifayət eləyəcək qədər əsas verir.
Hədisə görə, peyğəmbər deyib: “Mömin adamın çox qəribə bir vəziyyəti var: hər iş onun xeyrinədi. Bu ancaq möminə aiddi, başqa kimsəyə aid deyil. Ona bir xeyir gəlsə şükür eləyər – şükür eləmək də onun xeyrinədi; ona bir zərər gəlsə səbir eləyər – səbir eləmək də onun xeyrinədi”[24]. Deyirlər hər ziyanda bir xeyir var. Məhəmməd peyğəmbərin hədisi bu prinsipin – bütün yaxşı-pis işlərin insanın xeyrinə olmağı prinsipinin heç də hamıya yox, möminlərə aid olduğundan xəbər verir. Yəni, bəli, hər ziyanda xeyir var, amma bu, hər adama aid deyil, möminlərə aiddi. Hər iş, yaxşı iş də, pis iş də – insan yalnız mömin olsa, xeyirədi, olmasa yox. Bu, faktiki olaraq heç nəyin möminin ziyanına olmamağı deməkdi. Yəni bu o deməkdi möminə ziyan vurmaq mümkün deyil, çünki ona zərər gələndə səbir eləyəcək – səbir eləmək onun xeyrinə işləyəcək. Xeyir gələndə şükür eləyəcək – bu şükürün də ona ayrıca xeyiri olacaq. Ona görə də peyğəmbər deyir: “Mömin adamın çox qəribə vəziyyəti var: hər iş onun xeyrinədi”. Əlavə eləyir ki, bu ancaq möminə aiddi, başqa kimsəyə aid deyil.
Hədisə görə, peyğəmbər deyib: “İnsanda bu dörd cəhət olsa, başdan-ayağa günaha batsa da, Allah onun günahlarını yaxşılığa, savaba çevirər: doğruluq, həya, xoşxasiyyətlik, şükür eləmək”[25].
Məhəmməd peyğəmbərin səbiri imanın yarısı adlandırdığı haqda hədis var. Bəzi yozumlara görə, peyğəmbər bunu deyəndə imanın o biri yarısının da şükür olduğunu nəzərdə tutub[26].
Bir hədisə görə, Məhəmməd peyğəmbər deyib kim özündən dözümlüyə baxıb səbirini bassa, özündən dövlətsizə baxıb Allahın ona verdiyi üstünlüyə şükür eləsə, Allah onu səbir və şükür eləyənlər sırasına yazar. Peyğəmbər ardınca deyib kim gör-götürü özündən dözümsüzdən götürsə, özündən dövlətliyə baxıb qazana bilmədiyinə kədərlənsə, Allah onu səbir və şükür eləyənlər sırasına yazmaz[27].
Hədisə görə, Məhəmməd peyğəmbər deyib: “Allah belə buyurur. Deyir mən bir Allaham, məndən savayı heç bir Tanrı yoxdu. Kim mənim bəlama səbir, nemətimə şükür eləməsə, qəzama razı olmasa, ona denən get özünə ayrı Tanrı tap”[28]. Kim bəlaya səbir, nemətə şükür eləməsə, qəzaya razı olmasa, ona denən get özünə ayrı Tanrı tap. Ancaq necə tapsın? Əvvəldə deyir axı: “Mən bir Allaham, məndən savayı heç bir Tanrı yoxdu”. Yəni ayrı Tanrı tapa bilməzsən. Ona görə də bəlaya səbir, nemətə şükür eləməli, qəzaya razı olmalısan. Razı deyilsənsə, onda get özünə ayrı Tanrı tap. Ayrı Tanrı da yoxdu.
Hədisə görə, Məhəmməd peyğəmbərin belə bir sözü də var: “Qiyamət günü hay salıb soruşarlar: həmd və şükür eləyənlər hardadı? Yalnız hər vəziyyətində Allaha şükür eləyənlər ayağa qalxar. Özgə kimsə ayağa durmaz”[29]. Bu o deməkdi yalnız hər vəziyyətində Allaha şükür eləyənlər həqiqətən Allaha şükür eləmiş sayılırlar. Ona görə də Qiyamət günü yalnız onlara şükür eləmiş bəndələr kimi baxılacaq.
Daha bir hədisə görə, peyğəmbər deyib: “Cənnətlik adamı cənnətə buraxmazdan qabaq ona pis əməl sahibi olsaydı cəhənnəmdə düşəcəyi yeri göstərəcəklər, sonra onu cənnətə buraxacaqlar”. Peyğəmbər izah eləyib ki, bu, şükürü artırmaq üçündü. Sonra deyib: “Cəhənnəmlik adamı da cəhənnəmə göndərməzdən qabaq ona yaxşı əməl sahibi olsaydı cənnətdə düşəcəyi yeri göstərəcəklər. Bu da peşmanlığı artırmaq üçündü”[30].
Hədisə görə, peyğəmbər deyib bəlaya düçar olanları görəndə öz vəziyyətinizə şükür eləyin, amma bunu elə eləyin bəlaya düçar olanlar eşitməsinlər, çünki eşitsələr narahat olarlar[31].
Hədislərə görə, Məhəmməd peyğəmbər bu kəlamları da söyləyib: “Yemək yeyib şükür eləyənin dərəcəsi oruc tutub səbir eləyənin dərəcəsi kimidi”[32]; “Aza şükür eləməyən çoxa da şükür eləməz. İnsanlara təşəkkür eləməyən Allaha da şükür eləməz. Allahın nemətlərini demək şükür, deməmək nankorluqdu”[33]; “Yaxşılığı təbliğ eləmək şükür, ört-basdır eləmək nankorluqdu”[34]; “Allaha ən çox şükür eləyənlər xalqın haqqını itirməyənlərdi”[35]; “Xalqa təşəkkür eləməyən Allaha da şükür eləməz”[36].
_________
[1] Məhəmməd peyğəmbər (570, yaxud 571-632) – islam peyğəmbəri, sonuncu peyğəmbər. İslam dininin əsas kitabı olan “Quran” Məhəmməd peyğəmbərə 40 yaşından sonra, 20 ildən artıq müddətdə hissə-hissə vəhy olunub
[2] http://sonpeygamber.info/gunun-sukrunu-eda-edebilmek
[3] http://sonpeygamber.info/gunun-sukrunu-eda-edebilmek
[4] http://www.e-hadis.net/hadis/secdeler-uzerine-fasil-sukur-secdesi/2785/ebu-bekre/%C5%9F%C3%BCk%C3%BCr
[5] http://www.e-hadis.net/hadis/secdeler-uzerine-fasil-tilavet-secdesi/2777/ibnu-abbas/%C5%9F%C3%BCk%C3%BCr
[6] Sahih-i Buhari “Muhtasarı Tecrid-i Sarih”. Çeviri, Tahric ve Notlar: Abdullah Feyzi Kocaer. Türkiyə, “Hüner Yayınları”. 3-cü baskı. Səh. 216. Kitabın “19. Teheccüd Namazı Bölümü”ndə.
[7] “Nəhcül-Bəlağə”. İmam Əli əleyhissalamın xütbə, məktub və hikmətli kəlamları. 2 cilddə, II cild. Toplayanı: Seyyid Rəzi. Farscadan tərcümə eləyənlər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, VI hissə, 229-cu sıra. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94464_N%C9%99hc%C3%BCl-b%C9%99la%C4%9F%C9%99+2.doc
[8] Əbu Hamid əl-Qəzali “Kimyayi-səadət” (“Səadət kimyası”). 5 cilddə, II cild. Farscadan tərcümə, izah və şərhlər Nəsib Göyüşovundu. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011-ci il. Səh. 372
[9] http://www.e-hadis.net/hadis/secdeler-uzerine-fasil-sukur-secdesi/2786/sa-d-ibnu-ebi-vakkas/%C5%9F%C3%BCk%C3%BCr
[10] http://www.resulullah.org/abdurrahman-bin-avf-ra
[11] http://www.resulullah.org/58-gun
[12] “Mizanul-hikmət” (xülasəsi). Peyğəmbər (s) və imamların (ə) mübarək hədisləri. 2 cilddə, I cild. Toplayanı: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirənlər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, 3331-ci hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94458_Mizanul+%E2%80%93+hikm%C9%99t+%281-ci+cild%29.doc
[13] http://www.e-hadis.net/hadis/aksam-ve-sabah-yapilacak-dualar/1834/abdullah-ibnu-gannam-elbeyazi/%C5%9F%C3%BCk%C3%BCr
[14] “Mizanul-hikmət” (xülasəsi). Peyğəmbər (s) və imamların (ə) mübarək hədisləri. 2 cilddə, I cild. Toplayanı: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirənlər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, 2571-ci hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94458_Mizanul+%E2%80%93+hikm%C9%99t+%281-ci+cild%29.doc
[15] “Məsumların nurlu kəlamlarından 500 hədis”. Toplayanı: Əli Həmədani. Farscadan çevirəni: Miqdad. Cap eləyəni: Faiz. Çap tarixi: 2005-ci il. Bax: Kitabın elektron variantı, 273-cü hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94454_M%C9%99sumlar%C4%B1n+nurlu+k%C9%99lamlar%C4%B1ndan+500+h%C9%99dis.doc
[16] Hacı Şahin Həsənlinin 2015-ci ildə şükür və naşükürlük haqda moizəsindən. Bax: https://www.youtube.com/watch?v=p_nrx0uA2HM
[17] “Mizanul-hikmət” (xülasəsi). Peyğəmbər (s) və imamların (ə) mübarək hədisləri. 2 cilddə, I cild. Toplayanı: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirənlər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, 2433-cü hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94458_Mizanul+%E2%80%93+hikm%C9%99t+%281-ci+cild%29.doc
[18] Bu hədisi Şahin Həsənlidən eşitmişəm. O, hədisi İmam Sadiq Cəfərinin xəbər verdiyini söyləyir. Bax: Şahin Həsənlinin 2015-ci ildə şükür və naşükürlük haqda moizəsi – https://www.youtube.com/watch?v=p_nrx0uA2HM
[19] “Mizanul-hikmət” (xülasəsi). Peyğəmbər (s) və imamların (ə) mübarək hədisləri. 2 cilddə, I cild. Toplayanı: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirənlər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, 802-ci hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94458_Mizanul+%E2%80%93+hikm%C9%99t+%281-ci+cild%29.doc
[20] http://haqqinda.az/Hedisler/11200-SE%C3%87%C4%B0LM%C4%B0%C5%9E+Q%C3%9CDS%C4%B0+H%C6%8FD%C4%B0SL%C6%8FR+-31-37-.html
[21] http://www.e-hadis.net/hadis/vakia-suresi/836/ibnu-abbas/%C5%9F%C3%BCk%C3%BCr
[22] Əbu Hamid əl-Qəzali “Kimyayi-səadət” (“Səadət kimyası”). 5 cilddə, II cild. Farscadan tərcümə, izah və şərhlər Nəsib Göyüşovundu. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011-ci il. Səh. 371
[23] Orda, səh. 358
[24] http://www.kuransitesi.com/Hadisler/?k=Hadis&id=10
[25] “Mizanul-hikmət” (xülasəsi). Peyğəmbər (s) və imamların (ə) mübarək hədisləri. 2 cilddə, I cild. Toplayanı: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirənlər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, 2448-ci hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94458_Mizanul+%E2%80%93+hikm%C9%99t+%281-ci+cild%29.doc
[26] Əbu Hamid əl-Qəzali “Kimyayi-səadət” (“Səadət kimyası”). 5 cilddə, II cild. Farscadan tərcümə, izah və şərhlər Nəsib Göyüşovundu. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011-ci il. Səh. 362
[27] http://www.kuransitesi.com/Hadisler/?k=Hadis&id=5821
[28] Əbu Hamid əl-Qəzali “Kimyayi-səadət” (“Səadət kimyası”). 5 cilddə, II cild. Farscadan tərcümə, izah və şərhlər Nəsib Göyüşovundu. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011-ci il. Səh. 642-643
[29] Əbu Hamid əl-Qəzali “Kimyayi-səadət” (“Səadət kimyası”). 5 cilddə, II cild. Farscadan tərcümə, izah və şərhlər Nəsib Göyüşovundu. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011-ci il. Səh. 371
[30] Sahih-i Buhari “Muhtasarı Tecrid-i Sarih”. Çeviri, Tahric ve Notlar: Abdullah Feyzi Kocaer. Türkiyə, “Hüner Yayınları”. 3-cü baskı. Səh. 760. Kitabın “81. Rikak (Qəlbi incəldən öyüdlər) bölümü”ndə.
[31] “Mizanul-hikmət” (xülasəsi). Peyğəmbər (s) və imamların (ə) mübarək hədisləri. 2 cilddə, I cild. Toplayanı: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri. Farscadan çevirənlər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev. Bax: Kitabın elektron variantı, 919-cu hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94458_Mizanul+%E2%80%93+hikm%C9%99t+%281-ci+cild%29.doc
[32] Əbu Hamid əl-Qəzali “Kimyayi-səadət” (“Səadət kimyası”). 5 cilddə, II cild. Farscadan tərcümə, izah və şərhlər Nəsib Göyüşovundu. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011-ci il. Səh. 371
[33] https://www.facebook.com/elmvedin.org/posts/480939695288660 ; https://tr-tr.facebook.com/Dnmz.islam/posts/10151768487674926
[34] http://www.sorularlaislamiyet.com/article/13145/aza-kanaat-etmeyen-cogu-bulamaz-soz-hadis-midir-atasozu-mudur.html
[35] “Məsumların nurlu kəlamlarından 500 hədis”. Toplayanı: Əli Həmədani. Farscadan çevirəni: Miqdad. Nəşr eləyəni: Faiz. Çap tarixi: 2005-ci il. Bax: Kitabın elektron variantı, 325-ci hədis. http://sehih-kitablar.fo.ru/file/35194_H%C9%99dis/94454_M%C9%99sumlar%C4%B1n+nurlu+k%C9%99lamlar%C4%B1ndan+500+h%C9%99dis.doc
[36] http://www.kuransitesi.com/Hadisler/?k=Hadis&id=960
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür