İbrahimxəlil
İnsan coğrafi iqlim şəraitini dəyişəndə yeni coğrafi mühitə necə çətin uyğunlaşırsa, mən də həmin məhrəmanə minvalla bu yeni pəncərəyə hər cür uyğunlaşmağa çalışıram: söhbət Overton pəncərəsindən gedir.
Bir zamanlar Borçalı Süsən-Sünbülündə az qala bütün fikirlərin ehtiyatla, nəzakətlə, ədəb və əxlaq dairəsində ifadəsi var idi. Xoşagəlməz, qaba sözlərin əvəzinə münasib, yumşaq ifadələr seçilirdi.
Bəs indi?
İndi Overton pəncərəsinin açılması sayəsində hər bir hadisə və hərəkəti incə tərzdə təsvir edən məcazi ifadələrdən – evfemizmlərdən az qala istifadə edilmir. Açıq-saçıq təhqirlərə qədər hər bir hadisə və hərəkət öz adı ilə çağrılır da, yazılır da!
Borçalı Süsən-Sünbülü son vaxtlar biləndərlərlə, yeni “obrazovannılar”la, internet trolları ilə, çaşqın-coşqunlarla dolduğundan Overton pəncərəsi ilə bağlı bircə bunu deyə bilərəm ki, bu, az qala dünənə qədər qəbuledilməz sayılan mövzuların dövriyyəyə buraxılması və dərhal da “möhürbənd”lə legitimləşdirilməsidir!
Əlbəttə, Süsən-Sünbülün “azad yazarlar”ı nə yeyəcəklərini, nə içəcəklərini, hansı libası geyinəcəklərini, nəyi qələmə alacaqlarını özləri bilər. Mən də, Mirzə Qələm də, eynən unudulmaz Voltersayağı, Süsən-Sünbül “azad yazarlar”ının öz fikirlərini səsləndirə bilmədikləri halda onlara dəstək vermək naminə hətta son bir kömbə çörəyimizdən də keçərdik! Sözümün toz-tozanaq və arazbarı təkrarına qayıdıram: həm söz azadlığı mənasında, həm də o arazbarı mənada ki, “Adəmdən nə bir qul törənib, nə də bir kəniz; bütün insanlar azaddır”. Amma batilə qulluq edənlərin nicat tapmalarına necə dəstək olmaq olar?
Burası da var ki, ictimai və mədəni tərəqqi nəticəsində bəzi qadağalar-tabular onsuz da aradan çıxır. Amma – yuxarıda da dediyimtək – “azad yazarlar” bilməlidirlər ki, mənim və Mirzə Qələmin azadlığımızı təhdid edənə qədər azaddırlar!
Məsələn, “azad yazarlar” “Pəncərədən daş gəlir” xalq mahnısını ölsələr də oxumazlar. Ona görə yox ki, mahnının mətnində “özgəyə bel bağlama” misrası da var; ona görə ki, onlar Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın, qarqabağı qırıq şüşə yerinə saralmış qəzet yapışdırılan pəjmürdə pəncərədən deyil, odioz Overton pəncərəsindən oxuyurlar:
Məktəblərimiz bağlansın!
Sınıq körpünün bəri üzündə “Qarabağ şikəstəsi” hekayəsi oxunmasın!
Borçalıda Yazar, Yazı deyilən şey olmayıb, “yazar sürüsü” olub!
Bizdə “göysatan”dan savayı, digər peşə sahibləri yoxdur. Və sairə və ilaxır.
Sözarası deyim ki, Orxanın “Pəncərədən baxmaq” adlı hekayəsi var: dilimizə soydaşımız Nəriman Əbdülrəhmanlı uyğunlaşdırıb. Sitat gətirdiyim bu cümlə də həmin hekayədəndir: “Pəncərədən baxmaq elə əsas bir vərdişdi ki, televiziya Türkiyəyə gələndə ona pəncərədən eşiyə baxan kimi baxmağa başladılar”.
Bu gün məktəblərimizi bağlatmaq həvəsinə düşənlər “Overton pəncərəsi”ndən baxmağa da adi eşiyə baxmaq kimi baxırlarsa, çox, özü də çox yanılırlar.
Amma “azad yazarlar”ın öz hərəkətlərini qaliblər qismində “Gürcüstan tarixində bir ilk olaraq” bayram eləmələri dünyanın ucqar adamı olaraq məni arazbarı mütəəssir edir. Təki onların adları gündəmdə qalsın, təki tarixə “birincilər” olaraq düşsünlər; nə eybi, hansı sahədə, kəşf əhlidirlər!
Eşitdiyimə görə, “milli məktəb” məsələsindən sonra azad yazarlar familiyalarımızda da “firqəçilik” yaratmaq istəyirlər: belə ki, Mirzə Qoturla Mirzə Mikrob “Gürcüstanda bir ilk olaraq” öz familiyalarını (sonra da bizim?) müvafiq olaraq “Qoturaşvili” və “Mikrobişvili” ilə əvəzləmək niyyətindədirlər.
…Unudulmaz Mirzə Cəlil hələ 1907-ci ildə Tiflisdə “Məzhəb azadlığı” adlı bir feyleton yazıb. Bir yerində deyilir: “…eşitmişəm ki, Dövlət Duması çalışır Rusiyada məzhəb azadlığı olsun; yəni hər bir şəxs hansı məzhəbdən, hansı məzhəbə istəsə keçə bilsin… Bunu da eşidirəm ki, Siz, yəni müsəlman vəkilləri də buna razısınız; amma mən bircə bunu bilmirəm ki, siz bu işə razılıq verəndə ağlınız haralarda idi?..”
P.S. Allahın Peyğəmbəri (s) deyib: “İnsanın mayası ağıldır və ağlı olmayanın dini də yoxdur”.
…Açığı, “azad yazarlar”ın Overton pəncərəsində oturub sağa-sola küfr yağdırmalarına adi eşiyə baxmaq kimi baxmıram.