8 avqust 2025-ci il. Vaşinqtondan canlı yayımı gözləyirik: Azərbaycanla Ermənistan sülh sənədi imzalayacaq.
Bir vaxt Azərbaycan və Ermənistan rəhbərlərinin hər görüşündə ölüb-dirilirdik. İndi rahatıq. Düşmən dizini iki il əvvəl yerə qoyub, bu rəsmiləşir sadəcə…
Efir başlayır, açıqlamalar verilir, imzalar atılır. 37 il yarımlıq zillət bitmiş kimi görünür…
Rahatlığı hüzn əvəzləyir birdən-birə.
…1988-ci ilin yazı. Bakı. Marşrut avtobusu. Tələbə yoldaşım Mübarizlə (“Qulp” Mübariz) dəniz kənarına düşürük, ayaqüstü dərdləşirik.
Hələ düşmən deməyə dilimiz gəlməyənlər iki aydır Qarabağa dil uzadıb. Danışıb tıncıxıram, qayıdıram yəqin daha bir neçə ay çəkər bu qovğa.
Mübariz tutulur, məni qırmamaq üçün bir qədər dayanır, sonra ağır-ağır başını bulayır: azı 15 il deyir…
…1990-cı ilin yayı. Şuşa. Mədəniyyət evi. Daxili işlər naziri Məhəmməd Əsədov əhali ilə görüşür.
Yerdən yazılı sual gəlir: Qarabağ məsələsi nə qədər çəkər?
General bayaqdan çox təmkinlidir. Sualı oxuyan kimi gərginləşir, vərəqi qatlamamış pencəyinin cibinə basır: 20-25 il deyir…
…1992-ci ilin yayı. Bakı. Küçədə qarşıma çıxan ahıl şuşalı havalı-havalı soruşur haçan qayıdırıq.
– Uzağı yeni ilə.
Cavabımdan çox məyus olur, çuxura düşmüş gözlərindən görürəm qışa səbri çatmır…
Daha çox gözləmək varmış…
…Vaşinqton görüşündən üç gün əvvəl. Simsar həmkarım Töhfə Əzimova Şuşadan şəkil göndərir:
– Sizin evdir?
Kol-kos boy verən həyətimizə keşik çəkən hasar uçuqlarını deyir. Gedəndə dönə-dönə soruşmuşdu səmti.
Qapımız. Yenə Ramiz Rövşənin o dahi misraları canımı sarır:
Hörümçəkdən tor bağlayan,
Külək açan, yel bağlayan,
Dərd əlindən yarpaqlayan,
Təzə pöhrə olan qapım…
Töhfə ilk yol görür Şuşanı. Deyir adam bu şəhəri balası kimi bağrına basmaq istəyir…
Hərənin öz Şuşası var deyirəm:
– Mənim Şuşam bambaşqa idi.
Əvvəl-əvvəl söhbətimiz alınmır, sonra bilir nə demək istəyirəm.
Töhfə duran nöqtədən keçmişə baxıram.
Azay dayının (Əntiqə xalanın) evi. Onun arxasında Kərəm dayının (Asya xalanın) evi, Novruz dayının (Səkinə xalanın) evi, Heydərin evi…
Sol əldə ermənilərin həyəti. O həyətdən yuxarıda Seyid Sadıqın evi.
Sağ əldə Boyaqçı Qəmbərin evi.
Bizim qapı ilə üzbəüz Surxay dayının (Qənirə xalanın) evi, Əhməd dayının (Tavat xalanın) evi.
Məhəlləmizin tarixi adı Quyuluqdur. Enirsən Torpaq meydana, Çuxur Məhəllə gəlir.
Torpaq meydandan sola burulub Çöl Qalaya yol alarsan. Çuxur Məhəllədən sağa burulsan, yol səni Seyidli məhəlləsinə aparar, oradan Cıdır düzünə diklənə bilərsən.
Nə qədər dağılsa da, yolu tanıyırıq: Köçərli məhəlləsindən şəhərə girib Saatlı məhəlləsinə çatarsan, ondan bir az yuxarıda Mamayı məhəlləsi gəlir, aralıqdan bir yol Xocamircanlı məhəlləsinə aparır, oradan da Ağadədəliyə qalxmaq olur…
Daş-divarı yerinə qaytarmaq mümkünsüz deyil.
Amma adamlar… Noyabr yağmurunun damlarında taqqıldamasının xiffətin çəkə-çəkə solub getmiş adamlar. Kim onları qaytara bilər?
Zülmün yaşına o adamların gözü ilə baxırsan…
Hikmət Sabiroğlu