• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmədə deyə bilmirsən…

  • 13 May 2025
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Hikmət Sabiroğlu

İşğalçı qrupun məhkəməsində ifadə verdiyim gün zərərçəkən masasından hey baxırdım ittiham olunanlara, görürdüm onlar da bir növ qurbandır, lap Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı gətirib qəfəsə salsan, eyni mənzərə alınar, kimdir axı erməni?..

Qarabağ müsibətinin lap dərininə getmək olmur. Onda gərək 17-ci əsrin əvvəllərinə, 18-ci əsrin ortalarına baş vurub Qarabağda ermənini möhkəmlətmiş I Şah Abbasla Nadir şahı divana çəkəsən. 19-cu əsrin əvvəllərini vərəqləyib Qarabağa yeni erməni köçünə yol açmış rus imperatorların sümüklərinə əl qoyasan. 20-ci əsrin əvvəllərinə baxıb Qarabağ ermənisinə muxtariyyət vermiş Lenini mavzoleydən sürüyəsən, Stalini qəbirdən çıxarasan.

Sadəcə dünənə dönürsən. Qarabağ avantürasının yeni mərhələsi sovet hökumətinin son rəhbəri Mixail Qorbaçovun dövründə başladı. Bilənlər bilir: Qorbaçovun müşaviri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə erməni diasporu ilə görüşdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü qaldırdığını bəyan etdi, xəbər Fransa kommunistlərinin qəzetində çıxıb ildırım sürəti ilə yayıldı. Aqanbekyana gözün üstə qaşın var deyən olmadı və 1920-ci illərdən oturuşmuş daşlar yerindən oynadı.

Bu gün də durur Aqanbekyan, 92 yaşı var. Bioqrafiyasına baxıram, on minlərin qanına bais olmuş bu köpəyi Rusiya dövləti 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edib. Halbuki elə həmin 1987-ci ildə onun kitabı bağlanar, cin də şüşədən çıxmazdı…

Sovet hökuməti çox yaxşı bilirdi nə oyunlar gedir. 1987-ci ilin payızından ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə imza toplayırdılar, birinə də çəmkirən olmadı, 1988-ci ilin fevralında mitinqlər başladı, Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni deputatları separatçı tələbi rəsmiləşdirdi, selin qabağı açıldı…

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan sovet hökuməti erməniyə qahmar çıxdı. 1988-ci ildə bütün azərbaycanlıları Ermənistandan qovdular. Dağlıq Qarabağın baş şəhəri Stepanakertdə də bir azərbaycanlı qalmadı, yalnız Kərkicahan qəsəbəsi duruş gətirə bildi.

1989-cu ilin yanvarında sovet hökuməti Dağlıq Qarabağı Azərbaycanın idarəçiliyindən çıxararaq birbaşa Moskvaya (əslində Yerevana) bağladı, Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Azərbaycan xalqı o qurumu aradan götürmək üçün dirəşib istəyinə nail olanda Ermənistan parlamentinin separatçılarla birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarıldı. Bir nəfər, tək bir nəfər məsuliyyətə cəlb olunmadı buna görə…

Biz məhkəmədə ifadə verəndə qazi Elxan Ələkbərovla Qarabağ rejiminin rəhbərlərindən olmuş David İşxanyanın dialoqu yaşandı. İşxanyan 1991-ci ilin mayında Şuşa-Laçın yolundakı erməni kəndlərinin necə boşaldıldığını soruşdu, öz aləmində deportasiya ittihamı irəli sürdü.

Elxan gözünü qırpmadı: “Bu işin Azərbaycan dövlətinə aidiyyəti yoxdur. Ermənistan 1991-ci ilin martında ittifaqın saxlanması üzrə SSRİ referendumuna qatılmadı, sovet hökuməti də ermənilərə yüngül qulaqburması verdi”.

İşxanyan yerində oturdu. Çünki yaxşı bilir Moskva münaqişə boyunca hərdən azərbaycanlının da “üzünü güldürürdü”, onun məkri sərhəd tanımaz.

…1991-ci ilin payızından, müstəqil Azərbaycanın ilk addımlarından başlanan fəlakət də Rusiyanın iştirakı ilə yaşandı. Dağ Qarabağda işğal rejimi qurulması, azərbaycanlılar yaşayan kəndlərin viran qoyulması, dövlət-hökumət rəsmilərinin uçduğu vertolyotun vurulması, Xocalı soyqırımı… Azərbaycana Moskvaya bağlı Ayaz Mütəllibov rəhbərlik edirdi. Məntiqlə Rusiya onun mövqelərini bunca sarsıtmalı deyildi. Amma plan vardı!

Bu namərd plan Azərbaycanın bütün cənub-qərbini qaşıyıb çöllərə tökdü, hər hakimiyyətin dövründə yara aldıq. Erməninin bu qədər cinayətə gücü çatmazdı, Rusiya vardı işin başında.

Prezident Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazovun 1994-cü ilin yazına aid bir xatirəsinə baxaq: “Heydər Əliyev 30-40 nəfərlik ordu rəhbərliyi ilə qapalı müşavirə keçirdi. Bir neçə saat Tərtər, Bərdə istiqamətində gedən döyüşlərlə bağlı müzakirə getdi. Xəritələr ortaya qoyuldu, harada hansı güc, texnika var, güclərin balansı necədir, döyüşlər neçə ay davam edə bilər… Bundan sonra Heydər Əliyev atəşkəsə razılıq verdi.

Dedim ki, artıq ermənilər təngnəfəs olub, ölkədə narazılıqlar, çaxnaşmalar var, bəlkə bir qədər gözləyib əks-hücuma keçmək olar? Cavab verdi ki, Eldar, hər gün biz nə qədər texnikanı vururuq, səhəri gün Gürcüstandan iki dəfə çox texnika gəlir, biz Ermənistanla yox, Rusiya ilə döyüşürük”.

26 illik atəşkəs dövründə olanlar da bəllidir. Guya sülh danışıqları gedirdi. Hər belə söhbət düşəndə mamam oğlu Elçin deyirdi: “Ermənidə torpaq nə gəzir qaytarsın, erməni o torpaqlarda rusun qarovulçusudur”.

Qarovulun bitməsi üçün 26 il gözlədik. Yalnız Ermənistan “çaşandan” sonra addım atmaq mümkün oldu.

İndi, Azərbaycan övladlarının qanı bahasına hər şey bitəndə də bu bataqlıq qurumur. Hamı açıqca görür: Azərbaycan-Ermənistan sülhünün qarşısında Moskvadan savayı bir maneə yoxdur, heç kim havayıdan Parisə, Brüsselə, Vaşinqtona boylanmasın.

Plan davam edir. Allah bilir nə törətmək istəyir Moskva.

Olmuşlara və bugünkü mənzərəyə baxırsan, amma deyə bilmirsən, möhtərəm hakim, mən zərərçəkənlə bu təqsirləndirilənin arasında nə böyük fərq var axı, ikimizi də bir yerdən vurublar…

Məhkəmədəki ifadəm

İfadəmdə olmayanlar

Dustaqlara nə deyərdim?

Yenə “məhkəmə tribunasında”

Hasilat hesabatı

  • 13 May 2025
  • comments

Artım, azalma, bazar

  • 13 May 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda