Şuşa rayonundan olan bir qrup şəhid ailəsi və qazi prezident İlham Əliyevə müraciət edib. Baş nazir Əli Əsədov, Milli Məclisin Şuşa-Ağdam-Xocavənd dairəsindən deputatı Polad Bülbüloğlu, prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova da ünvanlanan müraciətdə qeyd olunur ki, Şuşa şəhərində görülən bərpa və quruculuq işləri fonunda müxtəlif təkliflər irəli sürüblər: “Bizi ən çox qayğılandıran şəhərdəki şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir. Şuşanın azad olunmasından 5 ilə yaxın vaxt ötür. Bu müddət ərazində müasir standartlara uyğun mehmanxanalar, ictimai iaşə obyektləri və yaşayış kompleksləri inşa edilsə, bəzi tarixi abidələrimiz bərpa olunsa da, şəhidlər məzarlığında abadlaşdırma işlərinə başlanmayıb. Məzarlıqda kiçicik bir xatirə lövhəsi qoyulsa da, ərazi tam əhatəyə alınmayıb, bu səbəbdən əraziyə nabələd adamlar məzarların üzərində gəzişir və natəmizlik yaradırlar.
Səlahiyyətli orqanlara etdiyimiz çoxsaylı müraciətlərin nəticəsi olmayıb. Bizə bildirilib ki, şəhərin girişində zəfər kompleksi ucaldılacaq, orada şəhidlərimizlə bağlı abidə və məlumat göstəriciləri də yer alacaq. Bu layihəni biz də təqdir edirik. Ancaq bizi belə bir qeyri-rəsmi məlumat narahat edir ki, şəhidlər məzarlığının yerinin dəyişdirilməsi gündəmdədir. Şəhidlər məzarlığının Şuşanın yeni baş planında yer almaması və məzarlığın ötən müddət ərzində hələ də abadlaşdırılmaması narahatlığımızı artırır. Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq Cıdır düzü ərazisində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması və orada xiyabanın salınması, o cümlədən xiyabanın girişində xatirə abidəsinin və guşəsinin yaradılması vacib idi.
Əvvəlki müraciətlərimizdə də qeyd etdiyimiz kimi, biz şuşalılar şəhidlər məzarlığında aparılacaq abadlıq işlərinə öz maddi imkanlarımız və işçi qüvvəmiz hesabına dəstək olmaqla bu arzumuzu gerçəkləşdirmək istəyirik. Biz vaxtilə həmin şəhidlər məzarlığını şəhərimizin ən füsunkar və görkəmli yerlərindən birində, Cıdır düzünün ətəyində salmışıq və Şuşa şəhəri işğal olunana qədər şəhidlərimizin əksəriyyətini orada dəfn etmişik. Biz həmin məzarlığı xiyabana çevirməklə oranı bütün şəhidlərimizin anım yerinə, müqəddəs məkanına çevirmək istəyirik. Şəhidlərimizin məzarları onların can evidir. Bizlərin yaşadığı evlər dağıdıla, sökülüb yenidən tikilə bilər, şəhid evləri isə toxunulmazdır”.
Müraciətin mətnini Birinci Qarabağ müharibəsinin veteranı, hüquqçu Yavər Hüseyn yayıb.