“Forbes” jurnalında dərc edilmiş “Satira, yoxsa dezinformasiya?” başlıqlı məqalədə deyilir ki, sosial mediada satira ilə dezinformasiyanın sərhədi get-gedə əriyib itir: “Zarafatla yazılmış bir qeydin faktiki xəbər kimi qəbul olunması halları getdikcə artır. Bu, Rusiyanın “Teleqram” kanalında daha qabarıq müşahidə olunur”.
Novator.az bildirir ki, “Satira, yoxsa dezinformasiya?” məqaləsinin müəllifi sosial mediadakı tendensiyaların araşdırılması üzrə ixtisaslaşmış jurnalist Piter Suçiudur. O yazır: “Bu günlərdə sosial mediada belə bir xəbər yayıldı ki, ABŞ-ın Los-Anceles şəhərindəki yanğınlarda Ukraynanın ən azı səkkiz generalının da malikanəsi külə dönüb. Məlumat ilk dəfə Rusiyanın “Teleqram” kanalında hərbi mövzularda şərhlər yayan bir hesabda yerləşdirilib. Ukrayna mənbələrinə istinadla qeyd olunub ki, Los-Ancelesdəki yanğında yüksək rütbəli Ukrayna hərbçilərinə məxsus səkkiz malikanə yanıb. Əmlakların ümumi dəyərinin 90 milyon dollar olduğu, malikanələrin Rusiya ilə müharibə başlayandan sonra Qərbin Ukraynaya verdiyi iqtisadi yardımların talanması yolu ilə alındığı iddia edilib.
Sonrakı xəbərlərdə əlavə olunub ki, həmin mülklərdən birinin yiyəsi general Valeri Zalujnidir (2021-2024-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı olub, hazırda Ukraynanın Böyük Britaniyada səfiridir).
Məlumat “Teleqram” kanalında ilk dəfə təqdim ediləndə ona “satira” həştəqi də əlavə olunmuşdu. Sonrakı paylaşımlarda isə bunun zarafat olduğu qeyd edilməyib. Nəticədə zarafat həqiqi məlumat kimi “Facebook” və “X” sosial media platformalarına da sıçrayıb”.
Nyu-Heven Universitetinin milli təhlükəsizlik və siyasi elmlər üzrə professoru Metyu Şmidt “Forbes”ə deyib ki, ukraynalı generalların Los-Ancelesdə malikanələri bir yana, kiçik bir daşınmaz əmlakı da yoxdur.
Piter Suçiu yazır: “Əslində “Teleqram” kanalında belə bir zarafatın ortaya atılmasının məqsədi tam aydın deyil. Bəlkə sadəcə rus auditoriyasını əyləndirmək, sevindirmək məqsədi güdülüb, bəlkə də məqsəd məhz adamların bunu həqiqət kimi qəbul etməsi olub.
2024-cü ilin yayında bir xəbər yayılmışdı ki, Ukrayna prezidenti Vladimir Zelenski 15 milyon dollara nasist diktator Adolf Hitlerə məxsus “Mercedes 770” markalı avtomobilini satın alıb. Zelenskinin həyat yoldaşının “Buqatti” markalı avtomobil aldığı da deyilirdi. Hamısı yalan olsa da, bəziləri inanmışdı”.
Professor Metyu Şmidt hesab edir ki, belə xəbərlərin dalında Rusiya kəşfiyyatı durur və məqsəd Ukraynanın korrupsiyaya uğradığı fikrini gücləndirməkdir.
Məqalədə daha sonra bildirilir: “Ukrayna müharibəsi sübuta yetirir ki, “Teleqram” və “X” kimi platformalar dezinformasiyaların olduqca geniş kütlələrə çatmasına kömək edə bilər.
“C4 Trends” şirkətinin texnologiya sənayesi üzrə analitiki Suzan Şrayner xəbərdarlıq edir: “Sosial media dezinformasiyanı alovlandıran bir fitil, bir qığılcımdır. O, dezinformasiyanın sürətlə yayılması və əhatə dairəsinin genişlənməsi məsələsində istənilən kütləvi informasiya vasitəsini kölgədə qoyur. Sanki meşə yanğınıdır – bir qığılcımdan başlayır, sonra aləmi bürüyür və günlərlə davam edir”.
Dezinformasiyaları ifşa etmək üçün yaradılmış “Cyabra” platformasının baş direktoru Den Brahmi əlavə edir: “Rusiyanın “Teleqram” kanalında hesablar yenidən iş başındadır. Los-Ancelesdə ukraynalı generalların mülklərinin yanması xəbəri cəfəngiyatdır, lakin bir ciddi problem də ondadır ki, bu cür uydurmalar asanlıqla digər sosial platformalara yol tapa bilir. Yəni “Teleqram”dakı uydurma heç də təkcə “Teleqram”da ilişib qalmır, “X”, “Facebook”, “TikTok” şəbəkələrinə adlayır, daha böyük auditoriya qazanır”.
Piter Suçiu yazır ki, Rusiya müharibə meydanında qələbə qazana bilməsə də, onun “klaviaturalı döyüşçüləri” Ukraynanın siyasi, hərbi elitasının savaş hesabına varlandığı haqda rəvayətlər uydura, kimlərisə buna inandıra, beləliklə, ictimai rəyi azdırmaq işində Kremlə dəstək verə bilir.
Den Brahmi “Forbes”ə açıqlamasında deyir ki, demokratiya uğrunda gələcək müharibələr top-tüfənglə, tankla, raketlə deyil, yalnız sosial media platformalarında aparılacaq və bunun bünövrəsi artıq ayrı-ayrı şəbəkələrdə qoyulub: “Dövlətin maliyyələşdirdiyi dezinformasiya eləcə quru xəbər – saxta xəbər kimi qalmır. O, cəmiyyətləri parçalayır, ictimai inamı sarsıdır, qlobal güc dinamikasına təsir göstərir, güc balansını dəyişir. Yəni bu, dəqiq vuran silahlardır”.
Mənbə: Forbes.com