Hikmət Sabiroğlu
“Azadlıq” qəzeti iş yeri yox, ocaq olub bizə, söndürülsə də, istisi canımızdan çıxmır.
…1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib “Azadlıq”a yollananda həm yarım ildir orada çalışan qrup yoldaşım Rövşən Əliyevə güvənirdim, həm də…
Nəcəf Nəcəfov vardı. Hökumət onu “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru postundan çıxaranda biz Novruz bayramına çağırmışdıq fakültəyə. Onunla birgə repressiyaya uğramış Arif Əliyevlə gəlmişdi.
Universitetdən, hərəkatdan tanıdığım Qənimət Zahid, Bahəddin Həziyev, Əli Kərimli vardı, yazılarına vurulduğum İsrail Musayev vardı.
Azər Əhmədov, Elçin Səlcuq, Hikmət Hacızadə, Xaliq Bahadır vardı.
Getdim, Tapdıq Fərhadoğlunu, Muxtar İmanovu (Qaradaşlı), Vəli Yaşıllını, Elmira Əmrahqızını da tanıdım.
…Siftə-siftə məyus olurdum. Redaktor – Nəcəf bəy cari işlərə çox qarışmırdı, bu yükü redaktor müavini Qənimətlə informasiya şöbəsinin müdiri Rövşən Əliyev çəkirdi. Rövşən məni xəbərə yönəldirdi. Qənimətdən də hər yazını keçirmək mümkün deyildi. Birdən yazım gedib parlament müxbiri və şərhçi Əli Kərimlinin, ya məsləhətçi Hikmət Hacızadənin əlinə düşür, lap dalana dirənirdim.
Hikmət Hacızadə başqa aləm idi. Xəbərlərə sadəcə Hikmət imzası qoymağıma irad tutdu bir gün:
– Çuvak, iki qoçun başı bir qazanda qaynamaz, imzanı bütöv qoy bilinsin hansı Hikmətdir…
…Yonmalar faydalı oldu. Görüb-götürdüm, alışdım mühitə.
Sonralar özüm yazı kəsib-doğramaqla ad çıxardım…
Xaliq Bahadırın yazıları. Sərtdən sərt. Sətirlər əsgər kimi. İxtisara gəlməz, yumşaltmağa yer qoymaz.
Bir yol üç yazısı qovluqda yatıb qalmışdı. İki yazını redaktor Gündüz Tahirli, birini də redaktor müavini – bəndəniz saxlamışdı.
Gündüzə hər vaxt gənəşməzdi. Gəlib mənə dirəşdi. Çox mübahisədən sonra canımıza yağ kimi yayılan sözü deyib getdi:
– Şərəfsizlər!!!
Səhəri gün xəbər gəldi ki, Xaliq ürək tutması keçirib. Çox peşman oldum. Xəcalət çəkdim.
Üzünə elə-belə çıxa bilməzdim. Qovluqdakı iki yazısını bir nömrədə, birini də o biri nömrədə verdik. Bir vergülünü dəyişmədən, olduğu kimi.
Yoluxmağa gedəndə başını yataqdan gülə-gülə qaldırdı:
– Ay şərəfsiz, məni infarkt eləyəndən sonra yazılarımı buraxdın…
Xaliqin redaksiyadakı “şərəfsiz”inin ayrı havası vardı. Qatı “şərəfsiz”dən fərqli.
Elçin Səlcuq hər yazısında üsyan qaldırar, xoşu gələn düzəlişə də çətinliklə razılaşardı.
Hüseynbala Səlimov, Fuad Həsənoğlu, Qorxmaz Əsgərov, Babək Bəkir, İbrahim İbrahimli (şair), Yalçın İmanov, Azər Hüseynbala, İbrahim Məmmədov, Kənan Kazımoğlu, Zemfira Məmmədqızı, Elxan Şahinoğlu, Azər Rəşidoğlu, Rafiq Məmmədli, Zöhrab İsmayıl, Qadir İbrahimli, Vüqar Bayramov da sizə zarafat gəlməsin.
Zöhrab Əmirxanlı ilə toqquşmazdıq. O, humanitar şöbə adlı imperiya qurmuşdu: Afaq Vasifqızı, Lalə Cəfərova, Şahnaz Bəylərqızı, Pərviz Cəbrayıl, Mahir Mehdi… Yazıları redaktor stoluna gəlmədən səhifəyə gedərdi.
Hərəsi bir şöbəyə bərabər Azər Qaraçənlini, Zamin Hacını demirəm.
Rövşən Hacıbəyli ayrı söhbətin mövzusudur. “Azadlıq”ın vəfalısı deyirəm ona. Heç bir intriqaya baş qoşmaz, kimsənin xətrinə dəyməz, qarışqa kimi işləyərdi.
Yazıları ən sonda Azər Əhmədov oxuyardı. Çapa getməzdən öncə. Gözündən bir tük yayınmazdı.
…Sən redaktorluq eləyə bilərdin, hökm eləyə bilməzdin o redaksiyada. Redaktorun birinci müavini Surxay Hüseynlinin sözüdür:
– Biz bu redaksiyada heç kimik, müxbirlər şah…
“Azadlıq”ın müxbiri redaktorun otağında kresloya yayxanıb dincini ala, mürgüləyə, qonaq-qaranı orada qarşılaya bilərdi.
Gündüz Tahirlinin maşınını tutub cərimə meydançasına aparardılar, problemi komendant Sarvan Rizvanov yoluna qoyardı (“Danışan kapitan Rizvanovdur”).
Kompüter otağında göz ağardardın, sonra operatorun və ya tərtibatçının (Xanimənin, Gülşənin, Səbinənin, Sevdanın, Güllünün, Arzunun…) dalınca sürünüb əfv diləyərdin barışsın.
Sınaq müddətinə işə götürülmüş gənc planlaşdırmada rəhbərliyi yıxıb sürüyərdi. Görünməmiş hal deyildi bu “Azadlıq”da…
İşçini çayxanadan yığa bilməzdin, hər gün sənə elə gələrdi ki, bu axşam qəzet çapa getməz. Amma… Siyasət şöbəsi axsayanda iqtisadiyyat şöbəsi sinəsini qabağa verərdi, o da olmayanda humanitar şöbə, ya əjdaha müəlliflərdən biri…
Xalq Cəbhəsinin qəzeti kimi yaradılmışdı “Azadlıq”, amma ipə-sapa yatmaz, buxovlara dözməzdi. Hamının gözü “Azadlıq”da idi. Hökumət bizi mülayim görmək istəyirdi, müxalifət sərt. Mərkəzçinin də bir ayrı umacağı vardı. Belə yerdə hər yandan xoş söz yerinə zərbə gələrdi, gəlirdi də. Əli Kərimlinin adamları səni müsavatçı, müsavatçılar “Yurd”çu, klassik cəbhəçilər Elçibəyin düşməni bilərdi…
Hamını xatırlaya bilmirsən: Süleyman Osmanoğlu, Elxan Kərimov, Əjdər Nağıyev, Zeynal Məmmədli, Niyazi Mehdi, Nailə Bağırova, Nəsir Əhmədli, Kəbiran Dilavərli, Təranə Həsənova, Elman Bəşirov, Elşən Nərimanoğlu, Eldar İsmayılzadə, Qalib İbrahimoğlu, Ləman Əliəşrəfqızı, Böyükağa Ağayev, Nəcibə Mirzəyeva, Hicran Həmidova, Vəli Əlibəyov, Faina Hənifəyeva, Aygün Muradxanlı, Zülfiyyə Əhmədli, Jalə Mütəllimova, Arzu Soltan…
Unudulmaz Xanım xala, “maliyyə naziri” İxtiyar, sürücümüz Rauf…
Hər şey rəvan, mehribanlıqla getməzdi, dava da olurdu. Amma dava kimsəni ayırmazdı, çünki “Azadlıq” bir ailə kimi gəlirdi bizə.
Dekabrın 24-də o ailənin 35 yaşı tamam olur. “Azadlıq” həm bizi böyüdəndir, həm övladımız…