Dövlət xadimi, hüquqşünas alim Eldar Həsənovun 69 yaşı tamam olur.
1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulan Eldar Həsənov Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən daxili işlər orqanlarında çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetində və Azərbaycan Pedaqoji Universitetində dərs deyib. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya, Rumıniya, Makedoniya, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də Eldar Həsənov Bakıda tutulub, avqustun 17-də Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edilib.
Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənova məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2022-ci il oktyabrın 20-də Ali Məhkəmə Eldar Həsənovun ailə üzvlərinin şikayəti üzrə qərar verərək əmlakların bir hissəsini müsadirədən azad edib.
2023-cü il oktyabrın 17-də Ali Məhkəmə Eldar Həsənovun cəza hökmünü dəyişməz saxlayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun tutulması, barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə gərəkli tibbi yardımla təmin olunmaması üzrə şikayətinə baxıb. 2024-cü il oktyabrın 10-da elan olunan qərara görə, Eldar Həsənovun Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan hüquqları pozulub və Azərbaycan dövləti ona 9234 avro təzminat ödəməlidir.
Eldar Həsənov Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanır.