İctimai rəy üzrə ixtisaslaşan GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb. Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası önə çıxıb: respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində bu quruma səs verəcəyini bəyan edib.
Gürcü Arzusu seçkiyə Xalqın Gücü Partiyası ilə birlikdə qatılıb.
Üç müxalif partiyanı birləşdirən Birlik – Milli Hərəkat koalisiyası 13,6 faiz səslə göstərilir. Bu koalisiyada əsas qurum sabiq prezident Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyasıdır.
Yeniliklər koalisiyasına respondentlərin 10,3 faizi dəstək ifadə edib. Bu koalisiyaya Vahid Milli Hərəkat Partiyasının sabiq üzvlərinin yaratdığı üç müxalif partiya daxildir.
Qalan seçki iştirakçılarının heç birinin 5 faizlik baryeri aşmadığı bildirilir.
Parlament seçkisinə 19 partiya qatılıb.
150 yerlik parlament proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Qanunverici orqana düşmək üçün etibarlı səslərin azı 5 faizini toplamaq gərəkdir.
Hökuməti qanunverici orqanda azı 76 mandatı olan partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.