1987-ci ilin yayı. Şuşa. Evimiz.
Stolun üstündə eyni günə dörd toy dəvətnaməsi var.
Atam iki dəvətnaməni ehmalca kənara qoyur: – Bunlara nəmər göndərəcəm.
Bir dəvətnaməni mənə uzadır: – Gedərsən, qalalıdır, simsar adamdır.
O biri dəvətnaməni döş cibinə qoyur: – Vasifin toyuna özüm gedəcəm, Malıbəyli budur-bura.
Kəllə Sabir heç bir dəvəti kənara qoymaz, amma hər toya özü getməzdi. Mənim qıraqdan-qırağa, yalnız yazılarından tanıdığım Vasif Quliyevi dost bilirdi. Aralarında düz 22 il yaş fərqi olsa da…
…İndi Vasif Quliyevlə mən dostluq edirəm. Xeyrimiz-şərimiz birdir çoxdan.
70-i təzəcə adlamış publisist, yazıçı, tərcüməçi, naşir Vasif Quliyev Şuşanın Malıbəyli kəndinin yetirməsi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. İlk yazıları 1970-ci illərdə “Şuşa” qəzetində dərc olunub, sonralar “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Bakinski raboçi”, “Vışka”, “Molodyoj Azerbaydjana” qəzetləri, “Ulduz”, “Qobustan”, “Mədəni-maarif”, “Azərbaycan təbiəti” jurnalları, Azərbaycan Televiziyası və Radiosu ilə əməkdaşlıq edib.
“Şuşa” nəşriyyatının direktoru, “Günəş” jurnalının baş redaktoru, “Şuşa” qəzetinin redaktorudur. 20-dən çox kitabın müəllifi, 10 kitabın tərcüməçisidir. Qarabağın tarixi, mədəniyyəti, ədəbiyyatı və etnoqrafiyasının araşdırıcısı kimi ad çıxarıb.
Bu bioqrafiyanı illərə, aylara, günlərə vuranda nə mənzərə alındığını bəlkə Vasif Quliyevin özündən başqa heç kim bilmir axıracan. Çünki Vasif Quliyev tək döyüşür, özü həm komandan, həm əsgərdir. Zamana və zəmanəyə baxmır, arxivlərdə toz uda-uda tarixə işıq salır, gözünün nurunu əridir.
Onu hər zaman bir şeydən gileylənən gördük. “Çatdırmıram” deyir. Jurnalistikaya, elmə, mədəniyyətə bu qədər xidmətin müqabilində özünü heç bir iş görməmiş kimi aparır, vaxt azlığından gileylənir.
Şuşanın, şuşalıların tarixini Vasif Quliyevdən xəbər alırıq.
Qarabağın, Qarabağ camaatının, cəmi Azərbaycanın taleyini də.
Hansı mövzudan, kimdən söz düşür – Vasif Quliyev ya yazıb, ya indi yazır, ya da planında var.
“Şuşa” qəzetini yaşatmaq üçün nələr çəkdiyini ucundan-qulağından bilirəm, birini deyim.
2022-ci ilə qədər Şuşa Rayon İcra Hakimiyyətinin orqanı olmuş qəzeti müstəqil nəşrə çevirmək lazım gələndə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun bir tələbini aşmaq lazım gəldi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi “Şuşa” adından istifadədə müstəsna hüququ var. Vasif Quliyev 1932-ci ildən çıxan “Şuşa” qəzetini yenidən təsis etmək üçün 2021-ci ildə yaradılmış idarədən icazə alası oldu. “Şuşa” adından istifadədə müstəsna hüquq gərək Vasif Quliyevdə olsun amma. Bir vaxt yazmışam: Şuşadan çıxmış çox dahi ilə öyünürük, çağdaşımızı da unutmayaq.
Vasif Quliyev şuşalıdır. Ən böyük şuşalılardan biri. Doğulduğu Malıbəyli kəndinin indi Xocalı rayonuna bağlanması da heç nəyi dəyişmir. Qarabağda bir şəhər var: Şuşa. Qalan hər yer Şuşaya bağlıdır.
Vasif Quliyev alimdir. Heç bir elmi dərəcəsi olmasa da.
Jurnalistdir. Fəxri adı olmasa da.
El adamıdır. Bundan böyük nə ad-san var ki?!
Hikmət Sabiroğlu