28 may axşamıdır. Səhər görüş yeri olmuş meydan indi ayrılıq nöqtəsidir. Hamını yola salıb dayanacağa diklənirəm.
***
…Bu, on iki ay səkkiz gündə dördüncü görüşdür. Gendən baxan bəxtəvər deyər. Bilməz yanımızdan ötmüş ömrü qovuruq, ildə dörd kərə yox, hər ay da toplaşsaq, itirilmişin əvəzi çıxmaz.
***
…Əvvəl oğlanlar bir araya gəlmişdi. 23-cü ilin mayında.
Sentyabr savaşında Sadiqin oğlu yaralandı, əhd elədik sağalsın, bir də cəm olaq.
Noyabrda qazimiz məclisin yuxarı başında oturdu.
İl dəyişdi, yanvarda qızlara əlimiz çatdı. 40 il yarımın intizarı bitdi.
***
Dolanıb may gəlib yenə. Bir vaxt başımıza uçmuş ay. Yola çıxırıq. Şuşanın 4 nömrəli məktəbinin uşaqları.
Boşluq vardı içimizdə yanvardan bəri. Nə günlər yaşamış, 20-ci il savaşında yoldaşını itirmiş qızı məclisə gətirə bilməmişdik.
Bu dəfə evdən çıxmağa razılaşıb. Ürəyimiz. Dərdimizi bölüşən, mərhəmətini əsirgəməyən simsarımız.
Yolda köhnə açıqcaları çıxarır.
1983-cü ilin 8 martında yazdığım açıqcanı dönə-dönə oxuyuram.
Qızılı hərflərlə yazılmış yeni il təbrikimə mat qalıram. Tam yadımdan çıxıb. 1983-ün son günlərində yazılıb. Məktəbdən ayrı düşdüyümüz ilk qışda. O soyuq il ayrıcındakı ovqatım unudulmaz.
Başqa bir açıqca da var. Müəllifi bir addımlığımda oturub. Xətti yadımdan çıxmadı heç…
İki gün qabaq Şuşaya ayaq basmış qız məni yanlayır, telefonundakı şəkilləri bir-bir göstərir:
– Bax, qaqa, uçuram…
Məclisdə dil-dil ötəcəyini bilirəm, qayıdan baş hind mahnısı oxuyacağı ağlıma gəlməz.
***
Mənzil başına çatanda gözmuncuğu qız ətrafa göz gəzdirib Şuşadan danışır. Şuşalıya yer bəyəndirə bilməzsən.
Məclisdə bir ara dərdləşirik onunla. İmkana şükür. Ən adi söhbətə macalımız olmayıb.
Yoldaşı Birinci Qarabağ savaşında şəhid olmuş qız da ilk dəfə bizimlədir. Atamdan söz açır. Tələbəsi olubmuş Mədəni-Maarif Məktəbində.
Qardaşı Şuşada itkin düşmüş qız xiffətini gizlətməyə çalışır yenə.
Bir müddət əvvəl övladı gəlin köçən qız hüznlüdür. Toy günü… yoldaşını itirib. Bizim iki gözümüz birdən gülməz.
Söz-sözü çəkib məktəb sevgilərinin üstünə gələndə parta yoldaşım Səbuhiyə söz atır. O qızı soruşur. Yunusovun başı samovara qarışıb, xatirəlik halı yoxdur, ancaq yeyib-içmək istəyir.
Elxanla Nəbi diz qatlamır. Nəbinin ləqəbini dəyişirəm: Qoçaq Nəbi olur. Elxanın ləqəbi isə dəyişməz: Komandir.
Xaqani həyəcanlıdır. Bizi Xızıya o gətirib. Hamını razı salmaq müşkülü var.
Nazim arada mənə gileylənir. Neçə hüzr yerini ona xəbər eləməmişəm.
Oqtayın ötən məclisdən sağlıq borcu qalıb. “Qadınlar mənim zəif yerimdir” deyir.
Demir hamımız eyni gündəyik.
Rzayev Elçinin səsi çıxmır. Həmin quzu balasıdır.
Dilli-dilavər qızın zarafatı Vidadinin xətrinə dəyib. Barışmır heç cür. Mən işə qarışıram, əməl yemir, yumşalmaqdan qorxub aralanır…
Heç hara qaça bilməz Vidadi.
Sadiq bir az ağrıyır. Keçəcək. Ən böyük ağrını geridə qoymuşuq.
Gələ bilməyən dostların ürəyi məclisdədir. Arada danışırlar. Yerləri görünür…
Başımızın üstündə ruhlar dolaşır: Mehman (Memi), Fazil (Gizir), İlyas (Qəmbərov), Cavid, Nizami, Gülmira, Reyhan, Sevil…
***
Qayıtmaq vədəsi çatanda görürəm hamı ayağını sürüyür.
Bilirəm bir müddət sonra yenə eyni sualı verəcəklər:
– Nə vaxt yığışırıq?
***
Görüş yerinə tez gəlmişdim. Amma məni qabaqlayan vardı. Zarafatı salamdan əvvələ düşdü:
– Hara baş alıb gedirsən belə?
Hikmət Sabiroğlu