Hikmət Sabiroğlu
1992-ci ilin avqustu. “Azadlıq” qəzetinin müxbiriyəm. Sosial Demokrat Partiyasının ideoloqu Zərdüşt Əlizadə ilə müsahibəyə getmişəm.
Ağır vaxtdır. Elimiz basılıb, Şuşa və Laçın əldən gedib, Qarabağ Ermənistana calanıb.
Yarımcan olsam da, ümidsiz deyiləm. Mayda Xalq Cəbhəsi hakimiyyətə gəlib, iyun-iyul həmlələrində Goranboy düşməndən təmizlənib, Ağdərəyə bayrağımız sancılıb.
Söhbətimiz uzun çəkir. Müsahibə bitəndən sonra dərdləşirik. Gedən ayağı sanki təsəlli verirəm:
– Çox itkimiz oldu, amma müstəqillik qazandıq…
Zərdüşt bəy dərin bir ah çəkir:
– Ay Hikmət, Hikmət… Mən Ərəbistanda o qədər belə müstəqil dövlət görmüşəm ki…
Şərqşünasdır Zərdüşt bəy. Misirdə, Yəməndə işləmiş, yəqin ətraf ölkələri də dolaşmışdı.
Az qala 32 il ötür. Heç unutmuram o ahı, hər ümid qəzasında, qəlb qırıqlığında qulağımdadır…
***
2020-ci il savaşı başlayan gün 1993-dən başımıza gələnləri bir kənara qoydum içimdə. Hər şeyin üstündən keçdim. Yeni tarix yazılır, başqa zaman doğulurdu.
Yazıldı, doğuldu da. Kim görməz?
Ağdamdan ötüb Xocalıda nəfəs dərmək, Xankəndiyə yol alıb Şuşaya qalxmaq, Laçına, Qubadlıya, Zəngilana düşmək, Cəbrayılı, Füzulini, Xocavəndi dolanıb Ağdərəyə, Kəlbəcərə üz tutmaq mümkündür. Yuxu deyil, gerçəkdir. Kim danar? Nankorluq olar bu.
***
…Dikəlmişik. Ucalan bayrağın kölgəsində zalımlığa da yer olmasın. Heç ah çəkməyək:
– Bura Ərəbistan deyil, Azərbaycandır…
“Qarabağ söhbətləri”:
Başqa yazılar: