Son vaxtlar ölkə mediasında vacib mövzu gündəmə gətirilib: dövlət idarəçiliyində islahatlar zərurəti ətrafında fikir və mülahizələr səslənir. Taleyüklü bu rəy və təkliflər mübadiləsində biz də iştirak etmək qərarına gəldik.
Azərbaycan cəmiyyətində sovet dövründən qalan bir sıra stereotip, anlayış bu gün də bizə mane olur. Məsələn, xalqın guya “yaxşı” və “pis” insanlardan ibarət olması uydurmasını əksəriyyət aksiom kimi qəbul edir. Unuduruq ki, Adəm övladının genetik proqramında günah virusuna yoluxma səbəbindən ciddi qüsurlar mövcuddur. Gündə bir neçə dəfə namaza durub özümüzlə mücadilə etməsək, nəfsimiz bizi naqis yola çəkib aparacaq. Bu səbəbdən rəhbər vəzifələrə “yaxşı” insan axtarılması səhv yanaşmadır. İstənilən insan, hətta “yaxşı adam” kimi tanınan şəxs icra hakimiyyəti başçısı təyin olduqdan bir müddət sonra xasiyyətini və mənəvi simasını xeyli dəyişir. Çünki polis və prokurorluq sistemi, başqa güc strukturları, məhkəmə, KİV, vergi nəzarəti sistemi, elm, təhsil, mədəniyyət, səhiyyə obyektləri bank, maliyyə sektoru… başçının təsiri altına düşür. Bu böyük imkanların sahibinə çevrilən zavallı insan özü də hiss etmədən ehtiraslarının quluna çevrilir.
Ucdantutma həbslərlə problemi həll etmək mümkün deyil. Bəladan qurtulmaq yolu kimi məsuliyyətin xalqa ötürülməsi təklifi irəli sürülür. İcra hakimiyyəti strukturunu ləğv etmək və əsas idarəçilik səlahiyyətlərini bələdiyyələrə həvalə etmək məsləhət görülür. Təklif daha da cəlbedici görünsün deyə qardaş Türkiyənin bələdiyyə sistemi nümunə kimi təqdim edilir. Ancaq nəzərə almırlar ki, Azərbaycanda bolşevik-sovet sistemi bütün yerli özünüidarə ənənələrini kökündən yox etmişdi. Sovetlərə qədər şəhərlər məhəllələr əsasında formalaşırdı. Məhəllə camaatı özü nüfuzlu şəxslər, ağsaqqallardan ibarət qeyri-rəsmi “məhəllə şurası” yaradaraq onun rəhbərliyini qəbul edirdi. Məhəllənin bütün cari həyatını həmin bu şura tənzimləyirdi. İndi məhəllələr dağıdılıb, sakinlər bir birini tanımır, qarşılıqlı etibar, inam mühiti yoxdur. Belə vəziyyətdə bizdə bələdiyyə Türkiyədəki kimi ola bilməz. Türkiyədə məhəllə məscidləri icmanı birləşdirir, dini vəqflər xeyriyyə işlərinə böyük vəsaitlər ayırır. Ateizm mühitindən çıxmış bizim cəmiyyətdə belə davranış real görünmür.
İcra hakimiyyəti strukturunun bələdiyyə ilə əvəz olunması vəziyyəti dəyişməyəcək. Sovet dövründə bizə seçkiyə yanaşma mədəniyyətini də unutdurublar. Diqqət edək: sovet “xoşbəxtliyini” görməyən İran və Türkiyədə seçkilər MDB ölkələri ilə müqayisədə daha demokratik keçirilir.
Saxtakarlığa adət etmiş postsovet cəmiyyətində seçkiyə inam yoxdur; əhali bu prosesə ciddi yanaşmır. Bunu dəyişmək üçün müəyyən işlər görülməlidir. Seçki dairələrinin ərazisində yerləşən əmək müəssisələrinin (fabrik və zavodlar, səhiyyə ocaqları, institutlar, digər professional kollektivlər) əməkdaşları arasında sorğu aparılmalı, həmin müəssisədə üç-dörd ən nüfuzlu şəxs müəyyən olunmalıdır. Bütün anketləri analiz edib hər bir ərazidə liderlik xüsusiyyətlərinə malik şəxslərdən “kadrlar fondu” yaradıla və ictimaiyyətə təqdim oluna bilər. Bələdiyyə seçkiləri zamanı təsadüfi insanları deyil, məhz həmin potensial liderləri namizəd göstərmək olar.
Yaradılan “kadr fondu” ilə bağlı işlərin təşkili üçün prezident yanında xüsusi ictimai şuranın təsis olunması zəruridir. Bu şuraya idarəçilik, hüquqşünaslıq, QHT sektoru və başqa uyğun sahələr üzrə tanınmış 10-15 nəfər cəlb oluna bilər. Fondda cəmləşən kadrların istifadəsi, vaxtaşırı yenilənməsi, onların təkmilləşməsinə şərait yaradılması, seçkilərə optimal namizədlərin təqdim olunması kimi məsələləri həmin şura həll etməlidir.
Bu cür metodlarla bələdiyyələrin keyfiyyətini artıra bilsək, icra hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdırmaq olar. Yerli icra strukturu sovet dövrünün mirasıdır, partiya katibləri adlarını dəyişib icra başçısı olublar. Liberal (azad) iqtisadiyyat prinsipləri ilə bu inzibati-amirlik piramidası bir birinə uyğun gəlmir.
Lakin hazırki məqamda biz bu sistemdən tam imtina edə bilmərik. Həm cəmiyyətin yeni idarəçiliyə hazır olmasına vaxt lazımdır, həm də idarəçilik aparatımız prezident respublikası modeli əsasında qurulub, sadəcə bu konstruksiyada dəmir-beton ağırlığı alüminium (yüngüllük) və şüşə (şəffaflıq) elementləri ilə əvəz olunmalıdır.
Sovet dövründən qalan və dəyişilməsinə ehtiyac olan məsələlərdən biri də Azərbaycanın inzibati ərazi bölgüsüdür. Elə də böyük olmayan ərazimiz 80-dən artıq xırda vahidlərə bölünüb. İnternet, mobil telefon imkanları dövründə, müasir nəqliyyat infrastrukturu fonunda aparatın daha geniş ərazilərə nəzarət etməsi çətin deyil. Azərbaycan ərazisinin 10-12 inzibati ərazi vahidinə bölünməsi bir sıra problemləri dərhal aradan qaldırar: idarə aparatının çevikliyi kəskin artar, inzibati strukturun ştat cədvəli təxminən 6 dəfə azalar, nəzarət asanlaşar.
İdarəçilik sahəsində islahatların başqa aspektləri də mövcuddur, onların həlli üçün müxtəlif təkliflər edilə bilər. Ən vacibi budur ki, bu mövzu diqqət mərkəzində saxlansın və problemlər ətrafında konstruktiv ictimai müzakirələr aparılması davam etsin.
İsmayıl Vəliyev