İmran Bədirxanlı
Dünyanın tanıdığı detektiv deyirdi ki, ən çətin vəziyyətdən ən azı bir çıxış yolu var
Artur Konan Doylun məşhur qəhrəmanı – xəfiyyə Şerlok Holms özünün deduksiya qabiliyyəti və intuisiyası sayəsində ən ağır cinayətlərin izinə düşməyi, ən müəmmalı qətllərin üstünü açmağı bacarırdı. Onun daim uğur qazanmasının bir səbəbi də indi ilə keçmişin, reallıqla qeyri-reallığın uzlaşma nöqtələrinə bələd olması imiş.
Belə məlum olur ki, siyasətlə həyat arasında paralellər aparmaq indi ilə keçmişi müqayisə etmək qədər maraqlı məşğuliyyətdir və hərdən tam yerinə düşür. Elə götürək keçmişə münasibət məsələsini. Keçmişinin onu köhnə çarpayıya bağlayan yapışqanlı lent olduğunu gözəl başa düşməyinə baxmayaraq bəşər övladı on, iyirmi, otuz il arxada qalanların ətəyindən əl çəkə bilmir. Qəddini dikəldib ayağa durmağa imkan verməyən həmin yapışqanlı çarpayının onun axırına çıxacağını anlasa da, iradəsini və cəsarətini toplayıb çoxillik yuxudan ayılmağa, hərəkətsizlik vakuumundan özünü xilas etməyə tələsmir. Sanki hansısa ilahi qüvvə, yaxud ruhlar gəlib onu havası boğucu otağın əsarətindən, pərçim olunduğu çarpayının əsirliyindən qurtaracaq, div yuxusundan oyadacaq və yalnız bu yolla rahatlığına, azadlığına qovuşacaq. Yəni möcüzə baş verəcək. İntəhası möcüzəyə inananların son aqibəti heç də yaxşı olmur…
***
Ermənilərlə də eyni hal baş verir. Onlar da elə bil otuz illik yuxudan qəfil ayılıb reallığı qəbul etməkdə çətinlik çəkən adamın vəziyyətindədirlər. Baxmayaraq ki, üç il əvvəl Azərbaycan əsgəri onları qəflət yuxusundan oyatdı və acı reallıqla üz-üzə qoydu. Düzdür, tam ayılma bir qədər uzun sürsə də, son vaxtlar bunun vizual əlamətləri görünməkdədir. Gəlin belə güman edək ki, Nikol Paşinyanın son üç ildə danışıqlar prosesini uzatmaq, sülhə əngəllər yaratmaq cəhdləri Ermənistan cəmiyyətini tədricən Azərbaycanla sülhə adaptasiyaya hazırlamağa xidmət edirdi. Bunu baş nazirin hərdən erməni identikliyinin təməl prinsiplərinin aktuallığı və məqsədyönlülüyü məsələsini qabartması ilə də izah etmək olar. Bu mənada şübhə etməyə bilərsiniz ki, Ermənistan ictimaiyyətinin şüurunda çevrilişi, o cümlədən qonşulara yanaşmada yeni münasibəti təlqin etməyə qadir yeganə qüvvə məhz Paşinyanın partiyasıdır. Beş il bundan əvvəl hakimiyyətə gələn bu partiya bəlkə də erməni xalqının taleyində xoşbəxt gələcəyin təminatçısı rolunu oynayacaq. Beləliklə, hər şeydən göründüyü kimi, bütün tərəddüdlərə və ziddiyyətlərə baxmayaraq erməni ictimaiyyəti beyinlərində kökü çürümüş Azərbaycana düşmən münasibət paradiqmasını dəyişməyə hazırdır.
Hazırda yaranmış ictimai-siyasi palitranın ironik mənzərəsinə fikir verin: əgər son otuz ildə Ermənistan Qarabağı işğal etmişdisə, indi Qarabağ Ermənistanın “işğalçısı” rolunda çıxış edir. Bəli, bu gün keçmişdə qalmış Qarabağa deyil, ağır günlərini yaşayan Ermənistana ixrac edilən işğaldan qurtulmaq, azadlıq lazımdır. Azərbaycan öz zəfəri ilə yanaşı həm də ona fiziki azadlığını vermiş oldu. Amma mənəvi və konstitusion azadlığı qazanmaqdan ötrü rəsmi İrəvan xeyli əziyyətə qatlaşmalı olacaq. Qonşulara qarşı ərazi iddiasının rəsmiləşdirildiyi konstitusiyanı dəyişmək isə bu yolda atılacaq ilk addım olmalıdır. Daxili etirazlara, xarici təhdidlərə baxmayaraq Paşinyan bu addımı atmağa məhkumdur. Nə qədər ağır olursa-olsun, o, dövlətini və məğlubiyyəti udan, amma həzm etməyə çətinlik çəkən millətini bu dalandan çıxarmalıdır. O, hər ikisinin mədə traktındakı qüsuru aradan qaldırmalıdır. Amma bu zaman baş nazir dalanda qalanın mərəzdən tez qurtulmasının müşkül məsələ olduğunu da unutmamalıdır.
Bu məqamda erməni siyasi ekspert Artur Martirosyanın Paşinyana xitabən dediyi sözləri xatırlatmağımız tam yerinə düşür: “Nikol erməniləri Qarabağ məsələsinin bağlanmasının və sülhün əldə edilməsinin daha doğru qərar olduğuna inandırmalıdır. İkitərəfli əlaqələr yaranmağa başladıqdan sonra İrəvan bir sıra iqtisadi dividentlər qazanacaq ki, bunu da insanlara müsbət nəticə kimi təqdim edəcəklər. Paşinyanın fikrincə, “erməni soyqırımı” məsələsi də bağlanmalıdır. O, türk dünyası üçün məqbul sayılacaq addımları atmağa çalışır. İnsanların düşüncəsini öyrənmək və müxalifətin nəbzini yoxlamaq üçün çeşidli yolları sınaqdan çıxarır. Məsələn, dərsliklərdə dəyişiklik vasitəsilə bunu etdilər, əhalinin narazılığından sonra ara bir qədər sakitləşdi. Amma geri çəkilmə olmayacaq”.
***
Əlbəttə, geri çəkilməyə yer qalmayıb. Geridə haylara hər dəfə xatırlayanda ancaq xəcalət təri gətirəcək bədnam keçmiş var. Qarşıda isə Ermənistanı düşdüyü dalandan çıxarıb onu tərəqqi relsinə salacaq sülh sazişi gözləyir. Bu sənədin imzalanması Paşinyanı da boğaza yığmış separatçıların, revanşist daşnakların, “Qarabağ klanı”nın, lobbiçilərin “aparıcı sütunlarına” son və sarsıdıcı zərbənin endirilməsi demək olacaq. Məhz onda “miatsum” pərdəli çox gizlinlər aşkara çıxacaq, qaranlıqların üzərinə gün işığı düşəcək.
Şerlok Holms obrazının məşhurluğu, oxucu kütləsinə təsiri həm də onunla izah olunur ki, detektiv sonda həmişə ədalətin zəfər çalmasına, haqlının qalib gəlməsinə, zərərçəkənin təzminat almasına nail olur. Finaldan isə hamı məmnun qalır. Hətta ifşa olunan tərəf də…
“Xalq qəzeti”