Hikmət Sabiroğlu
Sülh danışıqları dalana dirənir. Oktyabr ayında iki görüş imkanından Azərbaycan, birindən Ermənistan yayındı. Çox səbəb və ya bəhanə gətirilə bilər, amma görünən odur ki, dincliyin açarı hər zaman olduğu kimi bir ünvanda – düşmənçiliyi körükləməklə nəfəs alan Rusiyadadır. O, savaşdan çıxmaq imkanı vermir, yoxsa bir məkan tapıb görüşmək, dinc çözüm yolu aramaq mümkün olar.
Bir vaxt Ermənistan şəlləndiyi, Azərbaycan itirdiyi torpağın girovu idi. Moskvanın girovu. İndi çarx başqa cür hərlənir…
Sülh Ermənistandan çox Azərbaycana lazımdır. “A” bəndindən qurtulub “b” bəndinə keçməliyik. Qan-qada, ölüm-itim var “a” bəndində – bir gün düşmənin irəli düşər, bir gün sənin sinən qabarar, qələbə olar, dinclik yox.
Zülm bitmiş kimi görünsə də, yurdun azadlığına son nöqtə deməyək – ərazi bütövlüyü sülh sazişi ilə möhürlənməyib, ermənilərin bir qisminin Dağ Qarabağa qayıtması və sülh kontingenti qiyafəli rus ordusunun Azərbaycan torpağında qalıb bərkiməsi istisna deyil.
Sülhə güclü vaxtımızda getməliyik. İndi. Qalan məsələləri – dolaşıq sərhəddə əsir kəndlərin, Naxçıvan yolunun düyününü dinc yolla açmalıyıq.
Məqamdır. Dünyanın işini bilmək olmaz…