Dövlət Statistika Komitəsi bildirir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın mehmanxanalarında gecələmə sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artıb. Hesabata görə, gecələmələrin 56,1 faizi Bakıda, 6,1 faizi Xaçmazda, 5,2 faizi Qubada, 4,2 faizi Qəbələdə, 4 faizi Qusarda, 3,8 faizi Naftalanda, 3,7 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 1,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Qaxda, 1,1 faizi Şamaxıda, qalanı başqa şəhər və rayonlarda qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayında artım 35,3 faiz göstərilir, qeyd olunur ki, doqquz ayda mehmanxana və bu tipli obyektlər 369,8 milyon manat gəlir əldə edib.
Dövlət Sərhəd Xidmətinin hesabatına əsasən, yanvar-sentyabr aylarında Azərbaycana 184 ölkədən 1 milyon 535,8 min nəfər (əvvəlki ilin doqquz ayı ilə müqayisədə 32,1 faiz çox) əcnəbi gəlib, onların 31 faizi Rusiya, 17,8 faizi Türkiyə, 7,5 faizi İran, 5 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,7 faizi İsrail, qalanları başqa ölkələrin vətəndaşlarıdır: “Doqquz ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 24,7 faiz artımla 1 milyon 384,8 min nəfərə çatıb, onların 44,6 faizi Türkiyəyə, 21,2 faizi Rusiyaya, 9 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,8 faizi başqa ölkələrə yollanıb”.