Qalib Toğrul
38 il keçib, ancaq indi də o günləri xatırlayanda sinəm göynəyir, gözlərim dolur.
Atamızın qəfil ölümündən sonra böyük məyusluq içindəyik, sanki bizi dərin bir quyuya atıb kəndirimizi kəsmişdilər, oradan çıxacağımıza ümidimiz qalmamışdı… Belə günlərin birində kitablarımı da götürüb evdən xeyli aralanmışdım, kəndimizin kənarındakı yüksək təpədə oturub dərslərimə hazırlaşırdım. Dərənin ortasındakı yoldan keçən bir kişiyə təpənin başında kitab oxuyan uşaq maraqlı gəlmişdi yəqin, yoxsa niyə yolundan dönüb tövşüyə-tövşüyə yanıma qalxırdı ki…
Yerini rahatlayıb, nəfəsini dərəndən sonra “Nə oxuyursan?” soruşdu. Cavabımı gözləmədən bir sual da verdi: “Kimin oğlusan?”
Atamı Qozluçay dərəsində yaxşı tanıyırdılar, Pirəhmədli və Aşağı Rəfədinli məktəblərində dərs demişdi. Birinci sualı ötürdüm, həmişəki fəxarətlə “İbad müəllimin oğluyam” dedim.
Kişinin rəngi dəyişdi, oturduğu kimi ağır-ağır ayağa qalxdı. Vaysındı: “Heyf atandan, yaxşı kişiydi. İndi 5 uşaq yetim başına neyləyəcəksiz?”
Dedi və üzümə də baxmadan üzüaşağı ağır-ağır uzaqlaşdı.
Özümü bu qədər aciz və çarəsiz hiss eləməmişdim. Uşaq ağlımla özümə söz verdim ki, bir də heç vaxt “Kimin oğlusan” sualına cavab verməyəcəm, istəmirdim kimsə mənə acısın…
…Tələbəlik illərində böyük qardaşımla bir otaqda qalırdıq. O, üçüncü kursda oxuyanda mən birinci kursa gedirdim. İnstitutda, kitabxanada, poliklinikada, yataqxanada tanışlıq verəndə fəxrlə “Qubadın qardaşıyam” deyirdim. Kimsə qayıdıb “Hansı Qubadın?” soruşmurdu, çünki qardaşım savadı, davranışı ilə böyük hörmət qazanmışdı, tez-tez elmi konfranslarda çıxış edirdi, adı elmi nəşrlərə düşürdü, elmi dairələrdə hallanırdı, institutun qəzeti üçün yazılar yazırdı. İmkanların məhdud olduğu dövrdə belə uğurlu tələbələrə nadir rast gəlinirdi, onlara xüsusi diqqət göstərilirdi.
Qardaşımın adı ən kritik situasiyalarda köməyim olurdu, qarşımdakının üz əzələləri gərginlikdən xilas olur, sifətinə doğmalıq yayılırdı.
…Sanki dərin bir quyuya düşmüşdük, məyusluq quyusuna. Bizi o qırx arşınlıq qoyunun dibindən sən çıxardın, abi. Əxlaqınla, elminlə, ədalətinlə, qardaşlarına arxa-dayaq durmaqla, çətinliklərə sinə gərməklə, bizi qorumaqla…
Bizi acizlikdən fəxarətə yüksəltdin!
İllər ötdü, ötdü…
O illərlə bərabər “Mən Qubadın qardaşıyam” cümləsinin səsləndiyi məkanlar da böyüdü, genişləndi, Azərbaycan boyda oldu, dünyaya açıldı.
Bu gün 52 yaşını qeyd edirik, sən həbsxanada, biz azadlıqda. Azadlıqda olsaq da, canımızı qoymağa yer tapmırıq. Hər kəsin üzündə kədərli bir sevinc var.
Görəsən, bu, sevincin hansı çalarıdır? Bilmirəm, ancaq sevinc olduğuna əminəm…