2015-ci ildə başlayan devalvasiya dalğasına qədər banklara 0,7844 manata satılmış ABŞ dollarının bahalaşma yolu 2018-ci il martın 7-dən qapanıb. Həmin gündən Mərkəzi Bank dolları 1,7 manata təklif edir. Novator.az-ın məlumatına görə, iqtisadçı, müxalif REAL Partiyasının funksioneri Natiq Cəfərli qeyd edir ki, manatın məzənnəsi inzibatidir, “iqtisadi zopa” ilə tənzimlənir, qadağalar və məhdudiyyətlərlə 1,7 səviyyəsində saxlanır: “Hökumət 2015-ci ilə qədər də eyni cür davranmışdı. Görünür, eyni səhvi edərək məzənnəni 2025-ci ilədək sabit saxlayacaq, parlament, bələdiyyə, prezident seçkiləri arxada qalandan sonra manatla bağlı yeni proseslər başlayacaq. Hökuməti dəyişə bilməsək, 2025-ci ildə yenə devalvasiyalar gələcək, ardınca sabit rejim tətbiq olunacaq. Hökumət dəyişsə də, devalvasiya qaçılmazdır, çünki manata balaca “hovuz” da “tikilməyib” ki, yavaş-yavaş “üzməyi” öyrənsin.
Hökumət devalvasiyaya getmir, amma manatın alıcılıq qabiliyyəti sürətlə ölür. Bu, devalvasiyadan heç də az təhlükəli deyil, insanların real gəlirlərini yeyib-bitirir”.
Manat valyuta hərraclarında qorunur. Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin yeddi ayında keçirdiyi valyuta hərraclarında 1 milyard 843,8 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.
2024-cü ildə Azərbaycanda iki seçki keçirilməlidir. Parlament seçkisi noyabr, bələdiyyə seçkiləri dekabr ayına düşür. Növbəti prezident seçkisi isə 2025-ci ilin aprel ayında olmalıdır.