İyulun 26-sı məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun Bakıdakı mənzilində və Novxanı qəsəbəsindəki bağ evində axtarış aparılıb. “Turan”ın məlumatına görə, mənzildən Qubad İbadoğlunun övladlarına məxsus iki kompüterin prosessorları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nəşr etdiyi “İslam peyğəmbəri” kitabı (müəllifi amerikalı islam tədqiqatçısı Məhəmməd Həmidullahdır) götürülüb.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Novator.az-a deyib ki, iyulun 26-da vəkil Zibeydə Sadıqova Bakı İstintaq Təcridxanasına gedib iki saat gözləsə də, görüş ala bilməyib: “Buna görə çox narahatıq, iyulun 24-də məhkəmədən təcridxanaya aparılandan bəri Qubaddan heç bir xəbərimiz yoxdur. Qardaşım şəkər xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkir, durumunun necə olduğunu bilmirik”.
Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu qurum kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.
Məlumata görə, vətəndaş Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.
Qubad İbadoğlu iyulun 24-dən Bakı İstintaq Təcridxanasında saxlanır. Həmin gün Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Qərardan apellyasiya şikayəti verilib.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
1990-cı illərdən siyasi fəaliyyət göstərən Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir. 2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan partiyanın təsis qurultayı 2021-ci ildə keçirilib. Dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər, bu yöndə məhkəmə çəkişmələri fayda verməyib.
Qubad İbadoğlu iki oğul, bir qız atasıdır.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır