Prezident İlham Əliyev iyulun 26-sı Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.
AZƏRTAC-ın arayışına görə, son 20 ildə Xəzər dənizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan, Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən “Şimal” Elektrik Stansiyasının işində ciddi çətinliklər yaradıb. Soyutma suyu ilə təchizat azaldığından “Şimal-1” və “Şimal-2” Elektrik stansiyalarının dayanma təhlükəsi olub. Bu təhlükəni aradan qaldırmaq üçün Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos stansiyası tikilib.
Hazırda hər birinin məhsuldarlığı 9000 kubmetr/saat olan 8 nasosdan 2-si ehtiyatda saxlanır, 6-sı daim işlək vəziyyətdə olur. Bununla da nasoslar vasitəsilə dənizin 8,5 metr dərinliyindən götürülən aşağı temperaturda 54 min kubmetr su mövcud kanala vurulur.
Prezidentə “Şimal” Kiçik Su Elektrik Stansiyası haqqında da məlumat verilib. Bildirilib ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının ərazisində, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində kiçik su elektrik stansiyası tikilib. Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal ediləcək.