Bu ay Xersona ayaq basdım. Ukrayna torpağına yox, qazax elinə.
Dost ziyarəti
Qazaxıstana Rusiyanın Sankt-Peterburq şəhərində birgə oxuduğumuz tələbə yoldaşlarımla görüşə getmişdim.
Klara qazaxdır. Aktobe (keçmiş Aktübinsk) şəhərində yaşayır. Sankt-Peterburqda – oxuduğumuz şəhərdə həmişəlik məskunlaşıb qalan tatar Rauza da Aktobe vilayətində doğulub, orta məktəbi orada bitirib.
Azərbaycandan mən, Rusiyadan Rauza Klara ilə görüşə yollanmışdıq. Rauza uzun illərdən sonra vətənini ziyarət edirdi.
Klara ilə Rauza orta məktəbdə də bir oxuyublar. Onlar Aktobedə digər sinif yoldaşları ilə də görüşmüş oldular.
Rauzanın ailəsi 1990-cı illərdə birdəfəlik Sankt-Peterburqa köçüb, o vaxtdan ilk dəfədir vətəninə gəlmişdi. O, bacısı Nailə, mən isə alim rəfiqəm Səkinə ilə səfərə çıxmışdıq. Hazırda Mərkəzi Asiya xalqlarının folklorunu araşdıran Səkinə üçün bu səfər lap yerinə düşdü.
Tələbə yoldaşlarımız bizi hava limanında qarşıladılar. Onlar öz sinif yoldaşları və yaxın qohumları ilə sürpriz də hazırlamışdılar. Rauza milli kukla libası geyinmişdi və bizi oynaya-oynaya qarşıladı. Digərləri əllərində “Səidə və Səkinə, Qazaxıstana xoş gəldiniz”, “Səidə dünyada ən yaxşı qızdır” sözləri yazılmış kağız lövhəciklər tutmuşdu. Bu görüş hava limanında sərnişinlərin marağına səbəb oldu. Dayanıb bizə baxırdılar.
Qızların sinif yoldaşı İslam mənə gül dəstəsi təqdim etdi. Düzünü desəm, bu cür isti qarşılanacağımızı gözləmirdim…
Hava limanından əvvəlcə Klaranın Aktobe şəhərindəki evinə gəldik. Qızlar öz sinif yoldaşları ilə bizim üçün kiçik məclis təşkil etmişdilər. Çox xoş saatlar keçirdik. Həm yeni tanışlıqlar oldu, həm keçmiş günləri xatırladıq. Qızların sinif yoldaşları arasında Rusiyanın Orsk şəhərindən gələn xanım da vardı. Orsk Qazaxıstanla sərhəddə yerləşir. Çox xoş saatlar keçirdik və sonra kəndə – Xersona yollandıq.
Qazaxıstan Xersonu
Tələbə yoldaşlarımızın dostunun maşınıyla kəndə yola düşdük. İki saata yaxın yol qət etdik. Yalnız çöllüklər və taxıl zəmiləri gördük. Nə bir ev gördük, nə bir insan. Düzən və asfalt yollardan uzaqlara baxanda yalnız ara-sıra dəvələr görünürdü.
Xerson Aktobe vilayətinin Karqalinski (Karğalı) rayonunun kəndidir. Kənd 2009-cu ildən Akjayık adlandırılır. Ancaq hamının dilində kəndin köhnə adıdır – Xerson.
Xerson adı kəndə 1906-1911-ci illərdə Çar Rusiyası hökumətinə başçılıq etmiş Pyotr Stolıpinin aqrar islahatları dalğasında Ukraynanın Xerson vilayətindən gələnlərin şəninə verilib.
Hazırda kənddə çox az adam qalıb. Klara ilə bacıları da kəndə yaydan-yaya gəlirlər. İndi bizim gəlişimizlə əlaqədar kənddəki evlərində hazırlıq görmüşdülər.
Rəsmi statistikaya görə, 1999-cu ildə kənddə 643 nəfər yaşayıb. 2009-cu ilin statistikası 335 sakinin yaşadığını göstərib.
Doğrudan da kənddə yalnız bir neçə evdə yaşayışa şahid olduq. Ancaq əsl sürpriz bu tərk olunmuş kənddə bir azərbaycanlının yaşamasıdır.
Yurd adamı, yurd yeri
Tovuz rayonundan olan Habil Kərimov ailəsi ilə birlikdə 38 ildir Xersonda yaşayır. Kənddə hamı onu Ruslan kimi tanıyır.
Qazaxıstanın belə bir ucqar kəndində azərbaycanlının evinə dəyməyə bilməzdik. Kənddə evlər bir-birindən xeyli aralıdır. Tələbə yoldaşlarımızın bir qohumunu ziyarət etdikdən sonra tovuzlu balasına qonaq getdik.
Ruslanın, yəni Habilin evi kəndin ən gözəl evidir. Onun ikimərtəbəli villası olmasa da, evi yaraşığına görə hamısından seçilir. Fermer təsərrüfatı ilə məşğul olan həmyerlimiz özünə hər cür şərait yaradıb.
Habilin birinci həyat yoldaşı – azərbaycanlı xanımdan iki oğlu var. Xanım onu tərk edib vətənə qayıtdıqdan sonra Habil xersonlu rus qadınla ailə qurub. Onlar 4 övlad böyüdüblər.
Habil ilk nikahdan olan övladlarını yanında saxlayıb. Sonra onların birini ailə həyatı qurmayan bacısına övladlığa verib. Onlar Tovuzda yaşayırlar.
Azərbaycanlı xanımla nikahdan olan böyük oğlu isə əhalisinə görə Qazaxıstanın üçüncü şəhəri, ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən olan Çimkənddə ticarətlə məşğuldur.
Habil və ailəsi bizi çox isti qarşıladılar. Gözəl çay süfrəsi açdılar. Gəlin və nəvələr də evdə idi.
Habillə dərdləşməyə macal tapdıq… O, 1985-ci ildə Karqalinski rayonunun Badamşa inzibati mərkəzinə inşaatda işləməyə gəlib. Bir-iki il sonra Xersona yolu düşüb. Kolxoz sakinlər üçün evlər tikirmiş, bir neçə azərbaycanlı da inşaat işlərində iştirak edib.
Habil deyir kəndə gələndə 500 ev varmış burada. Sovet İttifaqı dağılanda çoxları köçüb gedib. Bəziləri Qazaxıstanın digər şəhər və vilayətlərinə, bir qismi isə Rusiyaya.
Habil isə qalmağa üstünlük verib. 1996-cı ilə qədər inşaatda çalışıb. Həmin il kolxoz dağılanda fermerliyə keçib. O zamandan mal-qara saxlamaqla məşğuldur.
Habil həm qazaxca, həm rusca yaxşı danışır. Deyir kənddəki qazaxlar indi-indi dillərini öyrənməyə başlayıblar. Əvvəllər burada hamı rusdilli olub.
Habil Azərbaycana nadir hallarda getdiyini deyir. Bu il ailəsi ilə birlikdə iki aylıq Tovuza gəlibmiş. Tovuzdakı oğlu ilə bacısına yeni ev tikməyə başlayıb.
Habil kənd havasını, sakitliyi daha çox sevir, ona görə Xersondan, yəni Akjayıkdan getmək istəməyib. Həyatından razıdır.
Habilin sözlərinə görə, Qazaxıstanda ən çox azərbaycanlının yaşadığı yer Çimkənddir. O, Çimkənd əhlinin 70 faizinin azərbaycanlılar olduğunu, Aktobe vilayətində isə ən azı min azərbaycanlı ailənin yaşadığını, Qazaxıstanda ümumilikdə ən azı 700 min azərbaycanlı ailənin olduğunu deyir.
Habilgildən çıxandan sonra qızlarla kəndi gəzməyə çıxdıq. Baxımsızlıqdan artıq yox olmuş, torpağa qarışmış evlər gördük. Dağılmış evlərin yanında bir tala ağac və qurumuş su quyularını görürsən. Harada bir topa sıx ağaclıq görürsənsə, demək orada vaxtilə yaşayış olub.
Habil kənddə daha iki evi bərpa edib və oğlanlarına saxlayıb. Buna sevindik. Ən azı daha iki bərpa olunmuş ev azərbaycanlıya məxsusdur.
Kənddə salamat qalmış evlərin hamısının demək olar standart görünüşü – göy, orta ölçülü pəncərəsi və eyni tipli damı var. Otaqların tavanı çox alçaqdır. Havalandırma isə çox zəifdir. Kənd camaatı evlərində nəfəslik açmaqda da maraqlı deyil. Soruşanda pəncərələri niyə bağlı saxlayırsınız, dedilər evə toz-torpaq dolur.
Aktobe vilayətinin, xüsusən də kəndlərinin qışı çox sərt keçir. Ona görə kəndin daimi sakinlərindən savayı qalanları Akjayıka yayda gəlib-gedir.
Kənddə qalan sakinlərin əksəriyyətinin həyətində beş-altı atı var.
At əti yeməsək də, qazaxların məşhur “Beşbarmaq” yeməyinin qoyun və mal ətindən hazırlanmış variantının dadına baxdıq. Qazaxların “ayran”, bizim “qatıq” dediyimiz süd məhsulunun da.
Qazaxlar çayı əsasən südlə içirlər, özü də piyalədə. Səhər, günorta, axşam yeməyində süfrədə həmişə kərə yağı olur. Süfrəyə oturanlar hökmən o yağdan dadmalıdır ki, işləri yağ kimi getsin. Biz də buna əməl etdik. Yaxşı ənənədir.
Xəzərin o tayında
Xersonda iki gecə qaldıqdan sonra şəhərə – Aktobeyə döndük. Bir gün şəhəri gəzib səhəri gün tezdən geri dönməliydik.
Qazaxıstanın dördüncü böyük şəhəri olan Aktobe həm də vilayət mərkəzi hesab olunur. Şəhər daha çox sovet üslubunu saxlayıb. Mikrorayonlar, “xruşşovka” binalar. Avtobuslar eyni vaxtda həm nağd pula, həm də müasir ödəmə üsulu ilə işləyir.
Şəhərdəki dayanacaqlar sovet dövrünün dayanacaqları idi. Klara deyir ki, bəzi yerlərdə müasir dayanacaqlar da var. Ancaq bizim rastımıza çıxmadı.
Aktobenin küçələri genişdir. Mərkəzi yolların kənarında evlər yoxdur. Bəzi binaların altında kiçik dükanlara rast gəlmək olur.
Şəhərin ortasında əhali seyrəkdir. Bəlkə iş günü idi, ona görə.
Yağışlı gün olduğundan çox gəzə bilmədik Aktobeni. Böyük ticarət mərkəzinə getdik, orada yemək yedik, içərisini gəzdik. Lap bizim mollar kimidir. Ancaq birinci mərtəbəsində idman meydançası və fəvvarə də vardı. Bu, ticarət mərkəzini daha cəlbedici edirdi.
Aktobe şəhərində diqqət çəkən daha bir məqam: binaların üstündə böyük rəqəmlərlə onların nömrəsi yazılıb. Binanın nömrəsini aşağıda axtarmaq lazım gəlmir. Çox maraqlı nümunədir.
Bir məqamı da qeyd etmək istərdim. Qazaxıstanın başqa yerlərini deyə bilmərəm, ancaq Aktobedə, elə olduğunuz kənddə da hamı rus dilində danışır. Latın qrafikasına keçmək planı da çoxlarının, xüsusən də yaşlı və orta nəslin ürəyincə deyil.
Şəhərdə reklamlar, tablolar, məkan adları həm rusca, həm də qazaxca yazılıb. Bəzi yerlərdə məkan adları latın qrafikasında da verilib.
Biletimiz birbaşa deyildi, Aktauya gedib oradan Bakıya uçacaqdıq. Ona görə də bir neçə saatlıq Aktau şəhərini də gəzmək istədik. Xəzərin o tayına baxmaq da maraqlı idi bizim üçün.
Aktau şəhərinin mərkəzindəki sahilə enib Xəzər dənizinə baxmağa getdik. Ancaq üfunətdən elə hala düşdük ki, axşama qədər qala bilmədik orada. Rəfiqəmə lazım olan kitabları alıb vaxtından əvvəl hava limanına gəldik.
Xəzərin Aktau sahili çox baxımsız idi. Deyirlər Aktau ətrafında çimərliklər daha yaxşıdır. Ancaq Xəzərin Aktau şəhərinin mərkəzindəki sahilini belə görəndə buna inanmağım gəlmədi. Yaxşı ki, biz Xəzərin o biri tayında, Azərbaycan hissəsində yaşayırıq dedim. Nə qədər narazı qalsaq da, bizim Xəzər daha baxımlı, daha gözəl və daha doğmadır.
…Beş günlük Qazaxıstan səfərimdən təəssüratlarımı bölüşmək istədim. Bu mənim Mərkəzi Asiyaya ilk səfərim idi. Yeni ölkələri görmək ümidi ilə…
Səidə Hüseynova