Gədəbəyin Söyüdlü kəndində monitorinqə məsul komissiya Nazirlər Kabinetinə təkliflər təqdim edib. İyulun 18-də yayılan rəsmi məlumatda qeyd olunur ki, ərazidə fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığını almayıb: “Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması yer alır. Təkliflər planına ərazidə beynəlxalq şirkətlərin iştirakı ilə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam yerinə yetirilməsi məsələləri daxil edilib.
Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır”.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib.
Polis əməkdaşları aksiyanı dağıdıb. Tutulanlar var.
Söyüdlü olayı ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb
Baş nazir Söyüdlü komissiyası yaratdı
Söyüdlüdə qızılı hansı şirkət çıxarır?
Söyüdlünü qapatmağın hüquqi əsası varmı?
Söyüdlü: araşdırmalar davam edir
Söyüdlü məhbusları Bakıya gətirilib?
Prezidentdən Söyüdlü şərhi, tapşırıqlar