İranı indi nə qarışdıracaq? – “Financial Times”
- 13 İyul 2023
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Böyük Britaniyanın “Financial Times” qəzetində “İranlı etirazçılar geri çəkilir, amma nə vaxta qədər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Kim Qattasdır. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Məhsa Əmininin ölümündən dərhal sonra İranın 150-dən çox şəhərini bürüyən etiraz dalğası, deyəsən, qəfil başladığı kimi qəfil də sona çatıb.
22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-də paytaxt Tehranda hicab qaydalarını pozma ittihamı ilə tutulmuş, üç gün sonra xəstəxanada dünyasını dəyişmiş, sentyabrın 18-dən isə bu ölümə etiraz olaraq aksiyalar başlanmışdı. 2023-cü ilin əvvəllərində yekunlaşan, islam rejimi üçün son illərin ən ciddi probleminə çevrilən aksiyalara xarici ölkələrdə də kütləvi dəstək verilirdi. İran diasporunun minlərlə üzvü Berlindən Ottavaya, Los-Ancelesə qədər bir çox şəhərdə izdihamlı yürüşlər keçirirdi.
Ancaq İrandakı kimi xaricdəki aksiyalar da dayanıb. Daha Qərbin sənət adamlarının dilindən “Qadın, həyat, azadlıq” nidası (Məhsa Əmini aksiyalarının əsas şüarı) eşidilmir. İndi onları İranın etirazçı xanımlarına dəstək vermək üçün nümayişkaranə şəkildə ictimai tribunalarda saçlarını kəsən yerdə görmək də mümkün deyil.
Tehran rejimi ilə əsəb davası isə bitməyib. İranın küçələrində hələ də yandırılmış reklam lövhələrini, divarlara həkk edilən etiraz şüarlarını görmək, qadınların hicablı polislərin gözü qabağında başıaçıq gəzməsinə şahidlik etmək olur. Ucqar əyalətlərdə təkəm-seyrək aksiyalar da keçirilir. Ancaq əvvəlki izdiham yoxdur.
Əslində dünyanın hər yerində etiraz hərəkatı bu cür enişli-yoxuşlu olur, yəni hansısa hərəkatın səngiməsi qeyri-adi bir şey deyil. İranda ictimai etirazın alovlanması ilə sönməsi və yaxud əksinə – sönəndən sonra alovlanması arasında vaxt həmişə qısa sürür. Rejim bunu yaxşı bilir. Ona görə hərəkat səngiyəndə buna daimi vəziyyət kimi yox, müvəqqəti möhlət kimi baxır və həmin arada fürsətdən yararlanmağa, sakitlikdən xeyir götürməyə, həm kiçik güzəştlərə getməyə, həm böyük qorxu aşılamağa, eyni zamanda diplomatiya işlədib rejimi xalqın nəzərində yenidən legitimləşdirməyə çalışır.
Hazırda rejimin əsas qayğısı 84 yaşlı dini lider ayətullah Əli Xamneyinin postunu “iks günündə” bir başqasına maneəsiz təhvil vermək, yəni hakimiyyətin ötürülməsi prosesini problemsiz həyata keçirməkdir. ABŞ-ın Karnegi Fondunun eksperti Kərim Sacədpur hesab edir ki, İranda iki güclü və barışmaz qüvvə arasında tarixi savaş gedir. Qüvvələrdən biri dəyişikliklərə təşnə olan, repressiya altında yaşamaqdan bezən, daha çox gənc nəsildən ibarət toplum (İran vətəndaşlarının 60 faizi yaşı 30-dan aşağı insanlardır), digəri isə hakimiyyətdən bərk-bərk yapışmış, islahat qabiliyyətindən məhrum, daha çox yaşlılardan ibarət teokratiya tərəfdarlarıdır.
Etiraz hərəkatına bir hadisə – Məhsa Əmininin tutulması və ölümü təkan vermişdi. Eynilə bir sıra başqa hadisələr nəticəsində də aksiyalar səngiməyə doğru getdi. Adamlar kütləvi həbsləri, olmazın qəddarlıqları, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının tərəddüd etmədən nümayişçilərə atəş açdığını görüb geri çəkilməli oldu. 500-dək insan öldürüldü. Hakimiyyət xofu bərpa etmək üçün edamlar həyata keçirdi, indi də keçirir. 2022-ci ilin oktyabrında həbs olunan, bütöv bir nəslin qorxmaz səsinə çevrilmiş repçi Tumac Salehi hələ də təkadamlıq kamerada saxlanır. Onun mühakiməsi son günlər başlayıb. Bağlı qapılar arxasında artıq iki məhkəmə iclası keçirilib. “Yer üzündə fitnə-fəsad törətməkdə” ittiham olunan 32 yaşlı repçiyə edam cəzası verilə bilər. Tumac Salehinin “Döyüşdən sonra” mahnısının sözlərini xatırlayaq: “Biz bu cəhənnəmin sonunda işıq görürük… Heç bir təzyiq, heç bir qanun, heç bir edam bizi dayandıra bilməz”.
Növbəti hərəkatın nə vaxt baş qaldıracağını, nədən alovlanacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Fevralın əvvəlində mühacirətdə olan iranlı müxaliflər koalisiya yaratmaq, İranın gələcək yol xəritəsi üzərində işləmək məqsədilə bir araya gəldilər. Bu, İranın dağınıq diasporunu, o cümlədən 1979-cu ildə taxtdan salınmış şahın oğlu Rza Pəhləvini, dini rejimin, hicab məcburiyyətinin ən məşhur əleyhdarlarından olan Məsih Əlinejadı və sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadini bir yerə toplamaq baxımından son onilliklərin ən təsirli cəhdi idi. Amma şahlıq quruluşu ilə dünyəvi dövlət quruluşu tərəfdarlarının fikir ayrılığı (bu fikir ayrılığını əsasən Pəhləvilərin ətrafında cəmlənmiş adamlar körükləyir) koalisiyanın bir ay sonra dağılmasına səbəb oldu. Bəziləri hesab edir ki, Tehran rejiminin “parçala, hökm sür” prinsipi ilə diaspor nümayəndələri arasında altdan-altdan yeritdiyi təxribatlar da bu hadisədə rol oynayıb.
Diaspor qoşuldu, ya qoşulmadı, İranda onsuz da on illər boyudur etiraz aksiyaları keçirilir. Lakin tarixən küçə yürüşlərinin çoxu uğur qazanmaq üçün beynəlxalq aləmin, yaxud sürgündəki müxalifətin dəstəyinə, ya da bu dəstəyin hər ikisinə ehtiyac duyur. Məsələn, 1979-cu ilin islam inqilabı hər iki dəstəyi qazana bilmişdi.
Tehran rejiminin tanınmış əleyhdarlarından birinin mənə verdiyi məlumata görə, xaricdəki tutaşmalar İranda böyük məyusluq doğurub. Həmin məyusluq təxminən bu formada ifadə olunur: “Biz burada – ölkənin içində qırılıb batırıq, siz isə orada – xaricdə bir-birinizi qırırsınız”. Başqa müxalif ittifaqlar yarananda bundan dərs çıxarmaq lazım gələcək.
Qəribədir ki, İranın beynəlxalq təcriddən qurtulması ilə koalisiyanın dağılması hadisəsi demək olar üst-üstə düşdü. 2023-cü ilin mart ayında İran və Səudiyyə Ərəbistanı yeddi illik fasilədən sonra diplomatik münasibətləri bərpa etdi. İranın nüvə proqramı və Tehranın həbsdə saxladığı ikili vətəndaşların azad olunması ilə bağlı danışıqlar da bərpa olundu. Tehran ümid edir ki, bu siyasət ona iqtisadi faydalar gətirəcək, yeni ticarət sövdələşmələri əldə olunacaq, eyni zamanda beynəlxalq sanksiyalar yumşalacaq. Tehran qazanacağı yeni pullardan səfalət üzündən küçələrə axışan insanları sakitləşdirmək, onları rejimin daimi əleyhdarlarından uzaqlaşdırmaq üçün istifadə edə biləcəyinə ümid bəsləyir. Lakin bütün bunlar hələlik yalnız xəyaldır, sözdür, diplomatiya, danışıq var, real nəticə isə yoxdur.
“Rejim ölüb, amma hələ bundan xəbəri yoxdur” – Almaniyada yaşayan iranlı rəssam Pərəstu Furuhər etirazlar zamanı Tehrana səfər edib qayıdandan sonra belə demişdi. O günlərdə etiraz hərəkatının İran İslam Respublikasının süqutu ilə bitəcəyini çoxları deyirdi. Amma 44 illik rejim düşünüldüyündən daha möhkəm imiş. Bununla belə elə şeylər var ki, daha ona qayıtmaq mümkün deyil. İran çapalayır, hər keçmiş etirazın bünövrəsi üstündə yeni etiraz dalğası cücərir. Məhsa Əmininin ölümünün ildönümü yaxınlaşır.
Görəsən, növbəti etiraza təkan verən hadisə nə olacaq?
Mənbə: Ft.com