Baş nazir Əli Əsədov iyulun 13-də Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyəti araşdıran komissiyanın iclasını keçirib.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib.
Polis əməkdaşları aksiyanı dağıdıb. Tutulanlar var.
Söyüdlü olayı ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.
13 iyul iclasında çıxış edən Əli Əsədov deyib ki, prezident İlham Əliyevin iyulun 11-i sosial-iqtisadi müşavirədə Söyüdlü komissiyasının fəaliyyətinə iradlar bildirərək müvafiq tapşırıq verib.
Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə aparılmış monitorinqlərin nəticələri barədə məruzə edib.
Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə 2018-ci ildən bəri monitorinq aparmamasını ciddi nöqsan adlandırıb, nazirliyin dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirmədiyini vurğulayıb.
Əli Əsədov icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonasının müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və başqa nöqsanların ciddi araşdırılması və aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəyə səfəri gözlənir. Bu şirkət ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələlərini qiymətləndirəcək.
Baş nazir Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb
Baş nazir Söyüdlü komissiyası yaratdı
Söyüdlüdə qızılı hansı şirkət çıxarır?
Söyüdlünü qapatmağın hüquqi əsası varmı?
Söyüdlü: araşdırmalar davam edir
Söyüdlü məhbusları Bakıya gətirilib?