Rəsmi dairələr Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra tutulmuş şəxslərin sayını, onlara hansı ittihamların irəli sürüldüyünü açıqlamır, başqa mənbələrin, o cümlədən hüquq müdafiəçilərinin bu barədə bilgiləri isə məhduddur.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib, ikinci göl isə örüş sahələrində yaradılır.
Polis əməkdaşları aksiyanı dağıdıb. Daxili İşlər Nazirliyi bəyan edib ki, bəzi şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq süni gölün inşasında çalışanlara daşla, küt alətlərlə xəsarət yetirib və polis əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.
“Turan”ın iyunun 21-də yaydığı məlumatda 5 aksiyaçıya 20 sutkalıq inzibati həbs cəzası verildiyi, 1 nəfərin 1500 manat cərimələndiyi vurğulanıb.
Söyüdlü sakinləri iyunun 21-i Gədəbəy şəhərində yürüş keçiriblər. Rayon polis şöbəsinin qarşısına toplaşan sakinlər 20 iyun aksiyanın güc tətbiqi ilə dağıdılmasını pisləyib, tutulanların buraxılmasını tələb edib. Aksiyaçıların qarşısına çıxan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov deyib ki, qızıl mədəninə bağlı göl 11 il əvvəl salınıb, bu vaxta qədər sakinlərin hər hansı narazılığı olmayıb, ikinci gölün yaradılması isə nəzərdə tutulmur. O, gölün Söyüdlüdə ekologiyaya ziyan vurduğu təsdiqlənəcəyi halda tədbirlər görüləcəyini əlavə edib.
Söyüdlü olayı ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
İyunun 22-də polis Söyüdlü kəndinə giriş-çıxışı nəzarətə götürüb və məhdudiyyətlər tətbiq edib.
İyunun 25-də baş nazir Söyüdlü komissiyasının ilkin hesabat iclasını keçirib. Muxtar Babayev tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə məruzə edib. Bildirilib ki, ərazidə ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanır. O da vurğulanıb ki, ərazidə fəaliyyət göstərən şirkətdən su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur.
İyulun 5-də “Turan”a danışan vəkil Səməd Rəhimli deyib ki, Söyüdlü aksiyasından sonra 11 nəfər tutulub, onların 8-nə toplantıların təşkili və keçirilməsi qaydasının pozulması ittihamı ilə inzibati həbs cəzaları verilib, 3-nə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinayət işləri qaldırılıb. Səməd Rəhimli tutulanların Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini iddia edib.
Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.
İyulun 11-i sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirən prezident İlham Əliyev Söyüdlü olayına toxunaraq deyib: “Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi, göz yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil.
Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunub. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik. Vətəndaşlar da mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil”.
Dövlət başçısı Söyüdlüdə çalışan xarici şirkəti qınayıb: “Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Mən xəbər tutandan sonra zəng edib baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir? Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin, onlar rəy versinlər bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nəyi unutmuram. Ona görə tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır”.
Novator.az bildirir ki, bəzi hüquq müdafiəçiləri, siyasətçilər və ictimaiyyət nümayəndələri sabiq deputat Nazim Bəydəmirlinin həbsini Söyüdlü olayı ilə bağlayır. 20 iyun aksiyasından sonra Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib, qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün təhlükələr törətdiyini deyib.
1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli iqtisad elmləri doktorudur. 1993-cü ildən Rusiyada, 2000-ci ildən Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini təmsil edib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.
Hakimiyyətə yaxın media quruluşları Söyüdlü olayında Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun da adını hallandırır. 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub. 1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib. 2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb. 2022-ci il mayın 27-də əfv edilən Saleh Rüstəmov vətəndaşı olduğu Rusiyaya göndərilib, paytaxt Moskvada yaşayır.
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb
Baş nazir Söyüdlü komissiyası yaratdı
Söyüdlüdə qızılı hansı şirkət çıxarır?
Söyüdlünü qapatmağın hüquqi əsası varmı?
Söyüdlü: araşdırmalar davam edir