Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 12-də keçirdiyi brifinqdə Gədəbəyin Söyüdlü kəndində aparılmış monitorinqlərdən danışıb.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib, ikinci göl isə örüş sahələrində yaradılır.
Polis əməkdaşları aksiyanı dağıdıb. Tutulanlar var.
Söyüdlü olayı ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
AZƏRTAC-ın məlumatına iyulun 12-də jurnalistlərə danışan Muxtar Babayev deyib ki, Söyüdlüdə monitorinqlər iyunun 22-dən aparılıb: “Havada təhlükəli maddələrin norma daxilində olduğu aşkarlanıb. Bütün xəstəliklər üzrə statistik göstəricilər ölçülüb. Ölüm səviyyəsində Gədəbəyin Söyüdlü kəndi və ölkə üzrə statistik göstəricilər arasında ciddi fərq yoxdur.
Heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, torpaq münbitliyi istiqamətində geniş monitorinq işləri aparılıb. Örüş, otlaq sahələrinin vəziyyəti qiymətləndirilib. Götürülən torpaq nümunəsi ətrafında hazırda təhlillər aparılır.
Gədəbəydə 86 nöqtədə radiasiya fonu ölçülüb, göstəricilər norma daxilindədir.
Ərazidən keçən Gədəbəy və Mis çaylarında sionid kimi toksik maddələr aşkarlanmayıb”.
Nazir deyib ki, Söyüdlüdə tullantı gölü 2011-ci ildə istifadəyə verilib: “Həmin tullantı anbarının istismar müddəti 3 aya bitəcək. İkinci anbarın tikilməsinə isə razılıq yoxdur. Bunu nəzərə alaraq təmir və ətraf mühitin sağlamlaşdırılması tədbirlərinin aparılması üçün müəssisənin işini dayandırmaq təklif olunur. Beynəlxalq şirkətlərin monitorinqə dəvət edilməsi məqsədilə danışıqlara başlanması da nəzərdə tutulur.
Nöqsanların aradan qaldırılması üçün ciddi tələblər qoyulub. İstismarçı şirkət lazımi layihələr həyata keçirməsə, biz daha sərt tədbirlərin görülməsinə başlayacağıq”.
Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.
İyulun 11-i sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirən prezident İlham Əliyev Söyüdlü olayına toxunaraq deyib: “Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi, göz yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Dövlət başçısı Söyüdlüdə çalışan xarici şirkəti qınayıb: “Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Mən xəbər tutandan sonra zəng edib baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir? Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin, onlar rəy versinlər bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nəyi unutmuram. Ona görə tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır”.
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb
Baş nazir Söyüdlü komissiyası yaratdı
Söyüdlüdə qızılı hansı şirkət çıxarır?
Söyüdlünü qapatmağın hüquqi əsası varmı?
Söyüdlü: araşdırmalar davam edir
Söyüdlü məhbusları Bakıya gətirilib?