Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra 11 nəfərin tutulduğu bildirilir. İyulun 5-də “Turan”a danışan vəkil Səməd Rəhimli deyib ki, onların 8-nə toplantıların təşkili və keçirilməsi qaydasının pozulması ittihamı ilə inzibati həbs cəzaları verilib, 3-nə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinayət işləri qaldırılıb. Səməd Rəhimli tutulanların Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini iddia edib, ancaq bu barədə hər hansı rəsmi bilgi yoxdur.
Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsirinin aradan qaldırılması tələbi qoyub. Polis aksiyanı dağıdıb.
Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Hazırda ərazidə ətraf mühitə təsirlər qiymətləndirilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanır, kənd sakinləri tibbi müayinəyə cəlb olunur.
Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.
Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb
Baş nazir Söyüdlü komissiyası yaratdı
Söyüdlüdə qızılı hansı şirkət çıxarır?
Söyüdlünü qapatmağın hüquqi əsası varmı?