Ələsgər Məmmədli
Hüquqşünas
Azərbaycandakı idarəçilik problemlərini hər vaxt ağıl və məntiqlə çözə bilmirsən. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətinin ucuzluğunu həzm edə bilməyib qiymətləri qaldırmaqla problem uydurur.
Bu sahədə ustadırlar. Çözülməkdə olan bir problemi necə böyük problemə çevirdiklərini xatırlayaq.
İllər öncə Bakı Şəhər İcra Hakimiyyəti xeyli investisiya qoyub küçələrdə dayanma aparatları quraşdırdı, saat hesablı sistem tətbiq etdi. Bu nöqtələrdən kənarda maşın saxlamaq qadağan olundu, nəqliyyatın axını müəyyən qədər tənzimləndi. Xeyli də rəsmi vəsait toplandı, dayanma aparatlara atılan pula görə qəbz təqdim olunurdu.
Amma bu sistem vərdişə çevrilib oturuşmağa başlayanda “sehrli əl” 2018-ci ildə şəhər rəhbərliyinə bağlı olmayan Bakı Nəqliyyat Agentliyi yaratdı. Bu qurum paytaxtdakı bütün dayanma aparatlarını söküb elan verdi ki, Nazirlər Kabineti parklanma qiymətini müəyyən edənədək dayanacaq pulsuzdur.
Amma həmin ərazilərdə nağd pul toplayanlar peyda oldu. Günün sonunda bu pulların “məchul” hovuzda birləşdiyinə kimsənin şübhəsi yoxdur.
Bu il Bakı Nəqliyyat Agentliyi ləğv edildi, yerinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi keçdi. Həmin qurum da parklanma qiymətini müəyyən etdirə bilməyib, hər gün yüz minlərlə sürücünün nağd ödədiyi vəsait şəxsi ciblərə gedir, dövlətin kassasına bir qəpik də daxil olmur.
Hörmətli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bəlkə taksidən öncə parklanma qiymətinə əncam çəkib rəsmi qəbz sistemi tətbiq edəsiniz?