Bəzən məkanın önəmli olmadığını düşünürsən. Deyirsən əsas – hər zaman sevdiklərimizlə bir arada olmaqdır.
…Həmişə mənə elə gəlir ki, böyüdüyümüz, yaşadığımız evin insan kimi ruhu var, canlıdır. Otaqların, yatdığımız çarpayının, hər səhər şirin çay içdiyimiz mətbəxin, astanasından keçib getdiyimiz qapının, özümüzə bəzək-düzək verdiyimiz aynanın da canı var. Hər guşəsində bizi özümüzə xatırladan anılar…
Bəlkə o üzdəndir doğulub böyüdüyümüz, yaşadığımız evin xatirələri bizə hər zaman əziz olur…
Bəlkə o üzdəndir böyüyüb boya-başa çatdığımız evin, ocağın hər zaman həsrətini çəkirik…
Baxdığımız hər yerdən boy verən, gah içimizi isidən, gah hüznə qərq edən, yaşananlar, yaşanmayanlar, günahlar, savablar, ehtiyacın olduğu anda hər şeyin gəlib keçici olduğunu pıçıldayaraq təsəlli verən, qucaqlayan anılar…
Özünü hələ də uşaq vaxtı yaşadığın evə aid olduğunu hiss etmək bambaşqa bir duyğudur.
Vahid Qazinin “Ruhlar şəhəri: yurd yazıları” kitabını oxuduqda doğulub böyüdüyün evə aid olmaq duyğusu ilə yaşamağın insana verdiyi acılı-şirinli həzzi dəfələrlə yaşadım.
Vahid bəyi “Mən dənizi eşitdim” hekayəsi ilə tanımışam.
“Anlamanın ilk şərtidir sevgi. Sevməzsən anlaya bilməzsən” yazır.
O hekayəni çox sevdim… Bir daha əmin oldum ki, hər bir nəsnə üçün sevgi mütləqdir. Sevmədən tanımaq, anlamaq mümkün deyil.
“Ruhlar şəhəri” kitabını da sevgi ilə vərəqləməyə başladım.
Cümlələrin arxasınca düşüb haraları gəzmədim… Gah Ağdamı gəzdim, gah Xankəndini, gah Xıdırlı dağlarını, gah Kifayət xalanın evini, gah gülümsədim, gah ağladım, gah kədərləndim, gah sevindim, gah özümü qəhrəman kimi bütün olayların içindəki kimi hiss etdim…
“Dikəlib həyətdəki ipə asılmış həmin köynəyə bir də baxıb başımı yastığa atdım. Artıq könlümü almış Ayın ağ gecəsinə büründüm. Yuxularımın stadion projektorları kimi işıqlı olduğu Ağdamlı gecələrin birinə də beləcə girdim…
…Mən yuxudan qalxana quruyarmı bu köynək?!”
Bu cümlələri oxuyanda məktəb illərim yadıma düşdü. Bir sevimli yun gödəkcəm vardı, bibim qızı vermişdi. Rəngi açıq olduğundan tez-tez yuyulurdu. Hər yuyulanda anama həmin sualı verirdim: – Səhərə quruyacaq?
“İlk oyuncaq ilk sevgi kimidir – unudulmur. Xatırlayırsınızmı ilk oyuncağınızı? Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb.
Uşaqlar ilk səmimi söhbətlərini oyuncaqları ilə edirlər. Hətta anaya belə deyə bilmədiklərini onunla bölüşürlər. Dediyimə inanmasanız, ilk oyuncağınızı yada salın!“
Yazıçının ilk oyuncağı dayısının aldığı “Narıncı yarış maşını” olub. O oyuncaq haqqında elə gözəl yazıb ki, oxuduqca əşyaların da ruhunun olduğunu hiss edirsən.
“Maşınım mənimlə danışırdı. Nə dediyini anlayır, duyurdum. Bir dəfə yağışlı gündə onu palçıqda, bir dəfə də şaxtalı qış gecəsi çöldə qoymuşdum. Bunlar mənə günah hissini yaşadan ilk hallar oldu. Özümü etibarsız dost kimi hiss etmişdim”.
“Elə işlər var ki, Tanrılıq deyil, onu bəndələr özləri etməlidirlər. Yarım qalan yolu sonacan getmək kimi…”
Ruhum “Ruhlar şəhəri”ni cümlə-cümlə, sətir-sətir sonacan gəzdi. Bu yolçuluq üçün, mənə özümü xatırladan bu kitaba görə çox minnətdaram!
Sevil Ülvi
Publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş “Ruhlar şəhəri: yurd yazıları” kitabına 2010-cu ildə çıxmış “Ruhlar şəhəri” kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı sayıla biləcək esse, məqalə, qeydlər, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir.
1968-ci ildə Ağdam şəhərində doğulan Vahid Qazi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Ədalət” qəzetinin müxbiri, “Azərbaycan” qəzetinin xüsusi müxbiri olub, Prezident Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib.
Müsavat Partiyasının mətbuat xidmətində çalışıb, “İnam” Plüralizm Mərkəzinə sədrlik, “III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq eləyib.
2012-ci ildən İsveçdə yaşayan Vahid Qazi publisistika ilə yanaşı ədəbi yaradıcılıqla da məşğuldur.