Akif Qızılbaş
Boya-başa çatdığım Bakıda daim adamları siyasi mövzularda, ictimai problemlərin müzakirəsində fikir bildirməkdə çox passiv gördüm. Azərbaycanlılar heç də bu qədər biganə deyil, sadəcə günümüzdə heç nəyə qarışmamaq, yaxanı kənara çəkmək bir növ adətə çevrilib.
…Abituriyent idim, ali təhsil almağa hazırlaşırdım. Avtobusla gedərkən iki nəfərin deyinməsi diqqətimi çəkdi. Maaş azlığından, iş saatının uzun olmasından danışdılar. Söhbət hamıda maraq doğurduğu an 40-45 yaşlı bir kişi “Əşi, mənim siyasətlə nə işim var? Fəhlə adamam, sən Allah, qoy yaşayışımızı yaşayaq” dedi. Bu ifadəni cəmiyyətin normal yaşamının onurğa sütununu sındıran bir yanaşma kimi qiymətləndirmək olar. Ümumi problemləri bilməmək, öz hüququnu tanımamaq adi hala çevrilib. “Mənim siyasətlə nə işim var” deyənlərin sayı az deyil.
Universitetdə bizə politologiya dərsi keçilirdi. Heç bilirsiniz dərsdə eşitdiyim ilk sözü nə olub? “Siyasət bütün dünya xalqlarının ictimai həyatını əhatə edən, dəyişdirən və istiqamətləndirən qüdrətli fenomendir”. Bəs “nə işim var” deyən Azərbaycan insanı öz ictimai həyatında nəyisə dəyişmək fikrində deyil? Vaxtilə böyük imperiyaların əsasını qoymuş bir xalqın insanları nədən indi siyasətin əlifbasını unudur və ya unutmaq istəyir?
Mən bir gənc, bir vətəndaş kimi cəmiyyətin öz problemlərini həll etmək istədiyini görə bilmirəm, əvəzində səviyyəsiz verilişlərə baxan böyük bir kütləni müşahidə edirəm. Ağac qollu-budaqlı olanda gözəl görünür. Budaqsız, yarpaqsız gözəl görünərmi? Əlbəttə, yox. Budaqlar insanlarımız, ağacın gövdəsi də ictimai həyatımızdır. Gövdəyə yapışıb onu qaldıranda olursan cəmiyyətin bir üzvü, yox, əgər olmursansa, deməli, bu cəmiyyətdə yaşamırsan elə bil. Kənar müşahidəçisən bir növ.
Bitərəf insanları cəmiyyətin ən qorxulu təbəqəsi kimi qiymətləndirən filosoflar var. Kimisə qəbul edə bilərsən, kimisə yox, amma yenə də fikrini bildir. Axı sən də mənimlə bu cəmiyyətdə nəfəs alırsan. Buradakı problem küləyin toxunuşu kimi mənə də dəyəcək, sənə də. Biz bunu vaxtında dərk etməliyik.