1994-cü ildən dövlət qeydiyyatında olan Azərbaycan Kommunist Partiyası ləğv edilib. Xəbəri mayın 5-də “Yeni Müsavat” qəzeti yayıb.
Novator.az bildirir ki, 2023-cü ildə daha 13 partiya fəaliyyətinə son verib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Birlik Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Yeni Yol Partiyası.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.
1992-ci ildə qəbul edilmiş əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.