“Turan”ın məlumatına görə, Qarabağdakı işğalçı rejimin başçısı Araik Arutunyan mayın 4-də sərt açıqlamalar verib. O, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunması ideyasına qarşı çıxıb, dünya birliyinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymadığını iddia edib, silahı yerə qoymayacaqlarını deyib, Azərbaycanı Laçın yolunu qanunsuz nəzarətə götürməkdə günahlandıraraq beynəlxalq ictimaiyyəti buna son qoymağa çağırıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
2023-cü il aprelin 23-də Azərbaycan Ermənistan sərhədində, Laçından Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında sərhəd postu qurub.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur. Ona erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair müzakirələr aparmaq səlahiyyəti verilib.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan 2020-ci ildən rejim başçısıdır. 1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” (hökumət başçısı) olub. 2020-ci il aprelin 14-də “prezident” seçilib, mayın 21-də səlahiyyətlərinin icrasına başlayıb.