Hüquqçu Xalid Ağalıyev media azadlığı indeksini şərh edib.
Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı 2023-cü il üzrə media azadlığı indeksini mayın 3-də açıqlayıb. Hesabat Azərbaycanı 180 ölkə arasında 151-ci yerdə göstərir.
Litva 7-ci, Estoniya 8-ci, Latviya 16-cı, Moldova 28-ci, Ermənistan 49-cu, Gürcüstan 77-ci, Ukrayna 79-cu, Qırğızıstan 122-ci, Qazaxıstan 134-cü, Özbəkistan 137-ci, Tacikistan 153-cü, Belarus 157-ci, Rusiya 164-cü, Türkiyə 165-ci, Türkmənistan 176-cı, İran 177-cidir.
Novator.az-ın məlumatına görə, Xalid Ağalıyev yazır ki, 85-100 bal toplayan ölkələrdə media azadlığının durumu yaxşı, 70-85 bal toplayanlarda qənaətbəxş, 55-70 bal toplayanlarda problemli, 40-55 bal toplayanlarda çətin, 0-40 bal toplayanlarda çox ciddi problemli hesab edilir: “Azərbaycan çox ciddi problemli 31 ölkə arasındadır”.
Ekspert qeyd edir ki, dünya media azadlığı baxımından eniş dövrü yaşayır: “2013-cü ildə 26 ölkədə mətbuat azadlığının durumu yaxşı hesab edilirdi, 2023-cü ildə belə ölkələrin sayı 8-ə düşüb.
Azərbaycanın adı mətbuat azadlığının durumu çətin sayılanlarla çox ciddi problemli hesab edilən ölkələrin sərhədindədir. Çox ciddi problemli ölkələr sırasından çətin durumda olan ölkələrin sırasına adlamaq üçün 0,1 bal, daha yaxşı göstəricilər üçünsə daha çox ballar qazanmaq lazımdır.
Azərbaycanı hazırkı mövqeyə gətirən başlıca problemlər nələrdir?
Ən populyar bilgi qaynağı olan teleradio mediası hökumətin tam nəzarətindədir. Tənqidi məzmunu ilə tanınan çap mediaları çoxdan sıradan çıxarılıb, belə internet medialarının əksəriyyətinə giriş blok edilib.
İnformasiyalara çatım problemlidir, bu sahəni tənzimləyən qanunvericilik yaxşı işləmir, jurnalist sorğuları vaxtında, tam cavablandırılmır.
Təsirli jurnalist birlikləri yoxdur, belə quruluşlar hökumətin nəzarəti altındadır. Tənqidi düşüncəlilər tez-tez hədəfə çevrilirlər.
2000-ci illərin sonlarından başlayaraq media qanunvericiliyinin mürtəceləşdirilməsi tendensiyası davam edib, 2022-ci ilin fevralında “Media haqqında” yeni qanunun qüvvəyə minməsi ilə kulminasiya nöqtəsinə çatıb. Həmin qanun, bir çox başqa qanunun müddəaları konstitusiya ilə təminat altına alınan ifadə azadlığı hüququna qorxular doğurmaqda, jurnalist haqlarına qarşı sui-istifadələrə geniş imkanlar yaratmaqdadır.
Müstəqil media üçün həyati önəm daşıyan reklam vəsaitələrinin qapıları da bağlıdır, digər tərəfdən xarici donorlarla əməkdaşlıq yolları qapadılıb. Media hökumətin ayıracağı vəsaitlərdən asılıdır.
Azad media üçün əlverişli, təhlükəsiz ortam, mühit problemi var. Son 10-15 ildə jurnalistlərə təzyiq edənlər, onların peşəkar fəaliyyətlərini yerinə yetirməsini əngəlləyənlər bir dəfə də olsun məsuliyyətə cəlb edilməyiblər.
İndekslərdəki göstəriciləri yüksəltməyin başlıca yolu problemləri müalicə etmək, jurnalist haqlarını məhdudlaşdıran qanunları yaxşılaşdırmaq, jurnalistlərin xeyrinə olan qanunların işləməsini təmin etməkdir”.
1985-ci ildə yaradılan “Sərhədsiz reportyorlar” 2002-ci ildən media azadlığı reytinqi tərtib edir.
2002-ci ilin hesabatında Azərbaycan 101-ci yerdə olub. 2003-cü ildə ölkə 113-cü yerə, 2004-cü ildə 136-cı yerə, 2005-ci ildə 141-ci yerə geriləyib.
2006-cı ilin reytinqində Azərbaycan 135-ci yerdə göstərilib. 2007-ci ildə ölkə 139-cu yerdə, 2008-ci ildə 150-ci yerdə, 2009-cu ildə 146-cı yerdə, 2010-cu ildə 152-ci yerdə, 2011-2012-ci illərdə 162-ci yerdə qərar tutub.
2013-cü ildə Azərbaycan 156-cı yerdə olub, 2014-cü ilin reytinqində 160-cı, 2015-ci ilin reytinqində 162-ci, 2016-cı ilin reytinqində 163-cü yerə düşüb.
2017-ci ildə Azərbaycan 162-ci olub, 2018-ci ilin hesabatında 163-cü pillədə, 2019-cu ilin hesabatında 166-cı pillədə, 2020-ci ilin hesabatında 168-ci pillədə, 2021-ci ilin hesabatında 167-ci pillədə, 2022-ci ilin hesabatında 154-cü pillədə yer alıb.