Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu açıqlama yayıb: “Dövlət qeydiyyatına alınmaq üçün 2022-ci il dekabrın 22-də beşinci dəfə Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərimizə guya 2023-cü il yanvarın 25-də baxılıb və inkar cavabı “sürətli daşınma xidməti” ilə… aprelin 11-də ünvana çatdırılıb. Nazirliyin cavabına gəlincə, partiyanın təyinatlı orqanlarının fəaliyyətinə xitam verilməsi qərarı qurumun buraxılması kimi yozulub, sənədlər baxılmadan geri qaytarılıb.
Bütün bunlarla ADR-i siyası proseslərdən kənarda qoymağa çalışan hakimiyyət bilsin ki, Azərbaycanda demokratik idarəçiliyə əsaslanan hüquqi dövlət və rifah cəmiyyəti qurulmayanadək bizi azadlıqlar uğrunda mübarizədən heç kəs çəkindirə bilməz. Hüquqi dövlət qurulan kimi ali vəzifəlidən tutmuş icraçıya qədər hər kəs qanun qarşısında cavab verəcək”.
Novator.az bildirir ki, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.
ADR Partiyası nazirliyə üz tutdu
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
ADR-in qeydiyyatı səssizlik içində
ADR Partiyasının sənədləri niyə geri qayıtdı?
ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur
ADR-in qeydiyyatı: müddət başa çatıb
ADR Partiyasının sənədləri yenə geri qayıtdı
ADR: qeydiyyat işi məhkəməyə gedir
ADR-in qeydiyyat məhkəməsi başladı
ADR Partiyası məhkəmədən nə cavab alıb?
ADR Ali Məhkəməyə şikayət verib
ADR-in Ali Məhkəmədən istəyi var
“Mübarizədə bundan sonra da varıq”