İqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı ilə bağlı müraciətinə cavab gözləyir.
Novator.az bildirir ki, ADR Partiyası 2021-ci il oktyabrın 17-də keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib.
2022-ci il martın 1-də Ədliyyə Nazirliyinin sənədləri geri qaytardığı açıqlanıb. Rəsmi cavabda sənədlərdə bəzi qüsurlar olduğu bildirilib. Martın 16-da partiya Ədliyyə Nazirliyinə yenilənmiş sənədlər təqdim edib.
İyunun 5-də məlumat yayan Qubad İbadoğlu bəyan edib ki, Ədliyyə Nazirliyi mayın 6-da sənədlərə baxılması vaxtının 1 ay uzadıldığını bildirib: “İndi həmin müddət başa çatıb, görək nə cavab verirlər”.
Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.
Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
ADR Partiyasının rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.
ADR Partiyası nazirliyə üz tutdu
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
ADR-in qeydiyyatı səssizlik içində