Saatlının Nabatkənd və Orta Muğan kəndlərinin bir qrup sakini martın 13-də magistral avtomobil yolunu bağlamağa cəhd edib. Kəndlərin kəskin su problemi yaşadığı, əkin sahələrinin yanıb sıradan çıxdığı bildirilib. Polis aksiyanı dağıdıb. Tutulanlar var.
Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, ölkənin əksər kənd rayonları su qıtlığı çəkir: “Bu, gözü doymayan səlahiyyət sahiblərinin on minlərlə hektar torpaq sahəsinə əl qoyması, bütün su ehtiyatlarını həmin sahələrdəki əkinlərə, bağlara yönəltməsi ilə bağlıdır. Gürcüstanda aşıb-daşan Kür çayının Azərbaycanda qurumasının başqa izahı yoxdur.
Sonuncu tikəsi də əlindən alınan əhalinin etirazlarının qarşısını almaq yox, su problemini həll etmək lazımdır. Qarşıdan su tələbatını artıran fəsillər gəlir. Saatlı hadisələri anonsdur. Narazılıqlar və etirazlar getdikcə artacaq”.
AXCP sədri Əli Kərimli qeyd edir ki, dövlət fonduna daxil olan torpaqlar, o cümlədən örüş torpaqları hakimiyyətə yaxın aqrar şirkətlərə ayrılıb, onlara subsidiya və güzəştli kreditlər verilib: “Kənd təsərrüfatında ədalətsiz yarışla kiçik fermerləri və ailə təsərrüfatlarını müflis ediblər. Bununla da kifayətlənmir, xalqın suyunu həmin aqroholdinqlərə yönəldirlər. 100 minlərlə kəndli yoxsulluğa, aclığa, susuzluğa məhkum olunub”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu qeyd edir ki, hakimiyyət çevrələrinə yaxın aqropark Saatlının suyunu sümürür, eyni problem başqa bölgələrdə də yaşanır: “Belə davam etsə, yayda Azərbaycanda su qırğınları olacaq”.
Vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Rövşən Ağayev yazır ki, su probleminə etiraz edən sakinləri dinləmək, onların problemini həll etmək lazımdır: “Çıxış yolu budur. Güc yolu ilə problemin uzağı müəyyən bir dövr üçün üstü örtülür, uzun müddət yığılan problemlər sonra vulkan kimi püskürür”.