Mustafa Hacıbəyli
Müsavat Partiyası
Dənizdə dağ boyda dalğalar boy verir, adamlar isə heç nə olmamış kimi üzür. Onlar üzmək ustasıdır, amma su da çox yüngüldür, çünki mən də bu nəhəng dalğaların arasında rahatam, daim suyun üzündə qalıram…
Sahilə doğru dalğalar qumdan nəhəng bir təbii hovuz yaradıb. Belə bir təbiət hadisəsindən xəbərim olmayıb. Hovuzun suyu dupduru, qumu ağappaqdır. Tanımadığım insanlarla birgə burada üzürəm. Suyun səviyyəsi gah qalxır, gah düşür, növbəti dalğa dənizin içindəki bu hovuzun qum divarlarını yuyur, su suya qarışır. Amma hamı xoşbəxtdir, çünki növbəti dalğaların burada yeni təbii hovuz yaradacağını bilir…
İndi isə sahildəyəm. Yarıçılpaq insanlar dəstə-dəstə qumun üstündə oturub söhbətləşir.
Bir qız kenquru kimi hoppanmağa başladı. Yaxınlıqdakı iki adam ona qoşuldu. Sonra daha beş-altı adam. Sonra minlərlə insan. Əvvəl bir istiqamətdə, sonra əks istiqamətdə hərəkətə başladılar.
Minlərlə insanın sinxron hərəkəti kənardan çox möhtəşəm görünür, quşların havada rəqsi kimi…
Duş almağa gedərkən cibimdəki pulu yoxladım. Nə qədərsə kağız pul, bir də qəpiklər var. Yerdən də 20 sent tapdım. Bura Kanadadır, yerdən tapdığım da Kanada sentidir. Axşam hoteldə qalacam, hələ bir neçə gün buradayam.
Bir cavan oğlan yolun kənarında piştaxta qoyub xırdavat satır. Qələm gördüm, qiymətini soruşdum, dedi 65 sentdir. Yaxşı qiymətdir, amma üstümdə yerli pul olmadığı üçün ala bilmədim…
Bakıda güclü yağış yağanda yolun ortası ilə necə çay axdığını hamı görüb. Yolun ortası ilə elə bir çay axır və mən o suyun üzərində yatıb sürətlə üstdən aşağı şütüyürəm. Təqribən beş-altı metr eni olan yol bir bol sulu, iti axarlı çaya dönüb. Bəzi yerlərdə yoxuşlar var, amma suyun sürəti o qədərdir ki, ətalətlə bu yoxuşları da qalxıb-enirəm. Güllə kimi gedir, bundan zövq alıram…
Kanada çox gözəldir, heyf cəmi iki-üç gün qalasıyam. İmkan olan kimi yenə gəlmək lazımdır.
Yolda su tədricən azalır, amma mən əvvəlki surətlə gedirəm…
***
Telefonuma zəng gəlir, yuxudan oyanıram. Tanımadığım nömrədir. Səhər saat səkkizə qalıb. Belə vaxtda adətən kənddəki dostlardan biri zəng vura bilər. Ya da kimsə nömrəni səhv salar…
Telefonun səsini alıb qoyuram kənara…
Yolun ortası ilə axan çay, dənizin içindəki nəhəng və dupduru suyu olan təbii hovuz və sahildəki qızlar yadıma düşür. Kanada çox gözəldir, ora getmək lazımdır. Yox, bunu yuxuda görmüşəm, Kanadada belə şeylər bəlkə də heç yoxdur.
Hə, yoxdur, indi artıq tam oyandım.