Haqsız və vaxtsız ölümün əlimdən aldığı daha bir əzizimin doğum günüdü bu gün.
Dostluğu da özü kimi əvəzsiz olan Aynurun…
“Bu dəfə sən yaz” dedi keçmiş iş yoldaşlarımızdan biri.
“Ağırdı” dedim.
“Bilirəm, amma yazsan, yaxşı olardı, xatirəsini anardıq”.
Cavan bacısının ölümündən ancaq 30 il sonra onun üçün doğum günü yazısı yaza bilmiş mən ölümünü hələ tam olaraq qəbullanmadığım dostumdan necə yazım?
Nə yazsam, yaxşı olar ki?
Onun gözəl qadın, gözəl insan, möhtəşəm dost olmağındanmı?
Amma bunlar Aynurun qoyub getdiyi boşluğu daha da dərinləşdirir axı.
Bəlkə onu heç unutmadığımdan?
Səsini, gülüşünü hələ lap yaxında eşitməyimdən?
Bəlkə onu hələ də və həmişə çox istəyəcəyimdən?
Amma bunlar Aynurun ölümündə mənimçün heç təsəlli adına da yaxşı bir şey olmadığını xatırladır axı.
Bağışla, dostum, sənə layiq yazı olmadı.
Yaxşı insanın özü qədər yaxşı ola biləcək nə yazmaq olar ki?..
Alya Yaqublu
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının layihə rəhbəri, Ann.az saytının redaktoru olub.
2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.