Vahid Qazi
…Çox adamdan məktub almışam. Məni təsirləndirənləri az olmayıb. Bir-ikisini deyim.
Əsgərlikdə anamdan aldığım hər məktubu həyəcanla oxuyurdum. Əvvəl-əvvəl qaçıb kazarmanın arxasındakı meşədə açırdım. “Anamın məktubları” essesində bunun təsvirini vermişəm.
1990-cı illərin əvvəlində Zərdabın ilk Qarabağ şəhidi Samir Abdullayevin yas yerindən reportaj hazırlamışdım. Qəzetdə dərcindən sonra bir məktub gəlmişdi redaksiyaya, mənim adıma. Sən demə, Samirin hamıdan gizli saxladığı istəklisi varmış. Həmin qız idi məktubu yazan. Oxuyanda tüküm göynəmişdi.
Macarıstanda məhbus həyatı yaşayan Ramil Səfərova kitablarımı və bir gün azad olacağına ümid dolu mesajımı göndərmişdim. Sonralar ömür-gün yoldaşı olan qızla. Onda Ramilin Budapeşt türməsində 9-cu ili idi. Bir gün telefonuma zəng gəldi. Ramil Səfərov idi. “Sağ ol” demək üçün zəng eləmişdi. Azadlığa çıxması üfüqdə belə görünməyən adamla danışdınızmı heç? Bilmirdim nə deyəm ona…
Ağalar Qutun “Aşma“ kitabı haqda “Aşılası aşılmazlar” adlı yazı yazmışdım. Dərc elədiyim günün səhəri ondan iki məktub aldım. Birini səhərçağı, o birini axşamüstü göndərmişdi. Elə duyğularla yazmışdı ki! Oxuyub bir xeyli donub qalmışdım. Sonra “Ağalar Məmmədovun məktubları” adlı yeni yazı üçün bunları dəftərimə qeyd eləmişdim: “Vətəndə təklənmək nədir – bilən varmı? Görəsən, bir qədər fərqli düşünən, düşündüyünü dilə gətirən, yazan adama bizim qədər qəddar üz göstərən xalq varmı? Üzü Axundovdan bəri fikir adamlarımıza sərgilədiyimiz tamaşaları deyirəm”.
…Dünən belə məktublardan birini də aldım. Bəxtiyar Hacıyevdən. Həbsxanadan göndərib.
Neçə vaxtdır haqsız həbsinə etiraz olaraq aclıq aksiyası keçirən fəalın məhbəsdən göndərdiyi mesaj məni də sarsıtmışdı: “Ədalətsiz sistemdə və cəmiyyətdə ümidsizliyə düçar olaraq hər gün ölümümü gözləyirəm…”
“Vətəndə təklənmək nədir – bilən varmı?” Ağalar Qut haqda yazdığım yadıma düşdü. Vətəni bütün varlığı ilə sevənlər niyə vətəndə təklənməli, qısnanmalıdır? Bəs cəmiyyət niyə biganədir onlara?
Hələ dövlət! Torpağını 30 illik işğaldan qurtaran, yeri gələndə İrana dirsək göstərməkdən, Avropaya barmaq silkələməkdən, Rusiyaya söz qaytarmaqdan çəkinməyən dövlət! Beş-on tənqidçisindən beləmi çəkinir, qorxur?
Məhbəs divarları arasında ümidsizliyə düçar olan bir vətənsevərə dəstək olmağa əlimdən heç nəyin gəlməməsi də bu uzaq, soyuq ölkədə bir yandan məni üzürdü. Qərara gəldim ki, neçə il qabaq yazdığım “Kontrabas adamlar və ya çığırtılar içində pıçıltı” yazısını ona bağışlayım, ithaf edim. Çox istəyirdim ki, ümidsizliyə qapanmasın, bəzən təkliyin verdiyi gücü duysun.
“Facebook” səhifəmdə paylaşıb əli çatanlardan yazını Bəxtiyara çatdırmalarını xahiş etdim. O yazıda bu cümlələr də var: “Xaos tünlüyündə “tək”liyini qorumağı bacaranlar yeni üfüqlərdən soraq verənlərdir; Qəhrəmanlıq üçün meydan aramırlar, qəhrəmanlığa meydanı özün yaradırsan!; Gücsüzlər güclənmək üçün birləşirlər. Güclü təklikdə də güclüdür”.
Dünən mənə Bəxtiyarın məktubunu göndərdilər:
“Çox hörmətli, dəyərli Vahid bəy!
Mənə ünvanladığınız yazınızı birnəfəsə, çox böyük zövqlə oxudum. Bir konsertdə bir alətlə bağlı müşahidələriniz və cəmiyyətdəki proseslərlə müqayisənizi çox bəyəndim. Bu yazınızı mənə ithaf edərək yenidən paylaşmağınız isə mənim üçün fiziki olaraq belə çətin günlərdə böyük mənəvi dəstək oldu.
Dəstəyinizə görə təşəkkür edirəm. İnşallah, azadlıqda görüşərik”.
… “Səma boyda nəhəng qaranlıq bir inyəgözü şüanı belə gizlədə bilməz!” Ədalətli rifah cəmiyyəti arzusu ilə, qapın açıq olsun!
26 yanvar 2023
İsveç