İsmayıl Rafiqoğlu
Qanlı Yanvarın birbaşa şahidi olmamışam. 1990-cı ildə Rostov Dövlət Universitetinin filologiya fakültəsində qış imtahanlarını verirdim. Qırğın 10 gün sonra baş versəydi, bəlkə də hər şeyi öz gözümlə görərdim…
Bakıdan qara xəbəri elə o an aldıq. İnternetin olmadığı, televiziyanın tam nəzarətdə olduğu bir dövrdə məlumat çox tez yayıldı. Yataqxanadakı azərbaycanlıların söz-söhbəti kəsilmək bilmirdi, biri bir söz deyirdi, digəri başqa. Telefon xətləri yüklənmişdi, Rostovdan Bakıya zəng vurmaq müşkülə dönmüşdü. Çətinliklə anamla danışa bildim. Çox danışmadı, bircə dedi vəziyyət gərgindir, əməlli-başlı qırğın olub, komendant saatı qoyulub. Qayıtdı bəlkə heç gəlməyəsən, çox qarışıqlıqdır…
Sessiyanı bitirib Moskvada yaşayan dayımgilə getməli oldum. Onunla birlikdə Bakıya qayıtmağıma bir söz demədilər.
Dayım çox üzgün görünürdü, dedi yanvarın 20-nə keçən gecə heç yatmayıb. Bakıda yaşayan qardaşına zəng vuraraq bir neçə saat atışma səsini dinləyib. Xeyli söhbətləşdik, səhəri gün ona qoşulub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə yollandıq. Orada qəribə bir durum vardı, başdan-ayağa yasa bürünmüşdü hər yer. Qərənfillər, Qanlı Yanvar qurbanlarının fotoları çox dəhşətli bir mənzərə yaradırdı. Moskvada yaşayan azərbaycanlılar dərddən bura sığınmışdı.
Dayım Bakıya gedə bilmədi, ailəsini göndərməyə qərar verdi. Moskvaya da ümidli deyildi, imperiya daxildən dağılırdı, çox qarışıq dövr idi. Ən adi qida məhsulları tapılmırdı, soyğunçuluqla məşğul olan quldur dəstələrinin sayı günü-gündən artırdı. Dayım Bakıdan arxayın deyildi, amma ailəsini heç Moskvaya da etibar eləyə bilmirdi. Düşünürdü hər halda vətəndə daha sakit olar onlar üçün, həm də böyük qardaşı da arxalarında durar.
Moskva-Bakı qatarına bilet götürdük. Bizi vağzala aparan taksidə ən vacib çantanı itirdik. Bakıya biletlərdən tutmuş dayımgilin bütün sənədləri, qır-qızılı əldən getdi. Zülmlə kupenin pulunu bir daha ödəyərək Bakıya yollandıq.
Vağzalda düşərkən doğma şəhərimi tanımadım, havada bir ağırlıq duyulurdu. Anamla danışan gündən ömrümdə ilk dəfə saqqal saxlamağa qərar verdiyimdən üz-gözüm qaraya, Bakı da yasa bürünmüşdü.
***
Nə qədər hüzn vardı, nə qədər ağırlıq duyulurdu hər yerdə. Başqa mövzu, söhbət yox idi. 20 Yanvar qırğını beyinlərə hakim olmuşdu.
İki dostumla Şəhidlər xiyabanına getdik. İnsan cəmiyyətində qəribə bir durum olur. Əgər bir yerdə məbəd yaradılırsa, üstündən 5 əsr ötsə də, həmin yerdə uçulub dağılan məscidin, kilsənin yerinə yenisi tikiləcək. Bir yerdə qəbiristanlıq olubsa, nə zamansa həmin yerdə yenə də kimisə dəfn edəcəklər. Sovet hökuməti köhnə Çəmbərəkənd qəbiristanlığını şumlayıb Dağüstü park salmışdı. Məktəb illərində hərdən dərsdən qaçıb parkda gəzərdik. Burada vaxtilə qəbiristanlıq olduğunu sonralar bildim. Deyirlər bu park ötən əsrin 30-cu illərində salınıb, amma köhnə məhəllələri 30-40 il sonra sökəndə hələ də insan sümükləri tapılırmış.
1990-cı ilin yanvarında Dağüstü park şəhidlərin dəfn edildiyi məkana çevrildi. Sanki Çəmbərəkənd qəbiristanlığı bərpa olundu.
Dostlarla birgə yeni qəbirlərin arasında xeyli gəzdik, baş verənləri dərk etməyə çalışdıq.
Tətilin sonuna kimi Bakıda qaldım, başqa mövzu eşitmədim, çünki dağılmaqda olan sovetlə əlaqəli bütün illüziyalarımız da yoxa çıxmışdı.
Matəm saqqalını 40 gündən çox qırxmadım. O dövrü xatırladan bir fotom yadigar qalıb. Hava soyuq olduğundan əynimdə bir qara kürk də var. 20 Yanvar şəhidlərinə saxladığım yası əks etdirir, çərçivəyə salıb neçə ildir bərk-bərk saxlayıram. İllər ötür, xatirələr silinir, amma o fotodan bu gün mənə baxan saqqallı oğlan hələ də Qanlı Yanvarı xatırladır.