ABŞ-ın CNN kanalının internet səhifəsində “İranda edam yeni hadisə deyil, amma indi məsələ başqa cürdür” adlı məqalə yerləşdirilib. Məqalənin müəllifləri CNN-in əməkdaşları Artemis Moştaqiyan (Moştaqiyan İranda müsəlmanlar arasında geniş yayılmış soyadlardandır) və Məhəmməd Əbdülbaridir. Novator.az məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.
İran İslam Respublikası çoxdan dünya cəlladları cərgəsindədir.
Təhlilçilər hesab edirlər ki, son aylar keçirilən etiraz aksiyalarının iştirakçılarına çıxardığı ölüm hökmləri ilə rejim edamların fərqli bir müstəvisinə də adlayıb.
2022-ci ilin sentyabrından başlanan etiraz hərəkatının artıq bir neçə üzvü edam olunub. Tənqidçilər bu edamları qurama məhkəmə proseslərində tələsik qəbul edilmiş qərarların nəticəsi sayır.
“Amnisti İnternəşnl” təşkilatının 2022-ci ilin may ayında yaydığı hesabata əsasən, 2021-ci ildə İran rejimi 314 nəfəri edam edib. Bu, 2020-ci illə müqayisədə 20 faiz çoxdur. Həmin dövrdə edam olunanların əksəri narkotik ittihamları üzrə təqsirli bilinib.
İctimai fəallar deyirlər ki, 2022-ci ilin sentyabrından başlanan etiraz aksiyalarının iştirakçıları daha ədalətsiz məhkəmə prosesləri ilə üzləşib.
Hüquq müdafiəçiləri həbs olunmuş aksiyaçılar arasında edama məhkum edilənlərin sayının daha da arta biləcəyi barədə xəbərdarlıq edirlər.
CNN kanalının hesablamasına görə, hazırda ən azı 43 nəfər edam təhlükəsi qarşısındadır. “1500 Təsvir” adlı qrupun üzvləri isə bu sayın 100-ə çata biləcəyini düşünür.
“Human Rayts Votç” beynəlxalq hüquq müdafiə təşkilatının İran üzrə araşdırıcısı Tara Sepehrifər CNN-ə açıqlamasında deyir: “Təqsirləndirilən aksiyaçılar məhkəmə prosesləri zamanı istədikləri vəkili seçmək imkanından məhrum olunur, işgəncəyə məruz qoyulur, etirafedici ifadələr verməyə məcbur edilir, axırda da dar ağacına göndərilirlər”.
BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk bugünlərdə bəyan edib ki, İran qılıncını sıyırıb adamları kütləvi şəkildə cinayət işləri ilə təqib edir. Ali komissar bunu dövlətin qətli sanksiyalaşdırması kimi qiymətləndirib.
Tənqidçilər bildirirlər ki, İran hakimiyyəti qanunun ölüm hökmü nəzərdə tutan müddəalarını son etiraz aksiyalarının iştirakçılarına münasibətdə çox başdansovdu formada, sağa-sola tətbiq etməkdədir.
İranın rəsmi KİV-lərinin məlumatına əsasən, aksiyalar zamanı təhlükəsizlik orqanları əməkdaşlarından tutmuş “Bəsic” (İnqilab Keşikçiləri Korpusunun nəzdində fəaliyyət göstərən könüllülər dəstəsi) üzvlərinədək onlarca hökumət işçisi və tərəfdarı qətlə yetirilib. İranlı hüquq müdafiəçiləri isə 481 nəfər aksiyaçının öldürüldüyünü xəbər verirlər.
Tara Sepehrifər deyir ki, iğtişaşlar zamanı həqiqətən təhlükəsizlik qüvvələrinin adamları da həlak olub: “Ancaq nəzərə almaq lazımdır ki, indi İran hakimiyyəti ölüm hökmünü təkcə qəsdən adam öldürmə – təhlükəsizlik işçisinin bilərəkdən öldürülməsi maddəsi ilə tətbiq etmir”.
Çox güman, rejim edam cəzalarının effekt verdiyini, 2022-ci ilin sentyabrında hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişmiş gənc qadın Məhsa Əmininin ölümünə laqeyd qalmayıb səsini ucaldan, küçələri etiraz nidası ilə dolduran insanları çəkindirə bildiyini görür.
“Məhkəmələr və qətllər – bunlar ölkəyə nəzarəti itirmədiyini, hakimiyyəti əldə saxladığını nümayiş etdirmək, cəmiyyətdə xofu gücləndirmək üçün rejimin qurduğu repressiya maşınının bir parçasıdır” – Tara Sepehrifər belə deyir.
BMT-nin İnsan Hüquqları Şurasının məlumatına görə, İranda etirazçıların mühakiməsi zamanı şəriət qanununda edamla cəzalandırılan “Allaha qarşı müharibə” müddəasından geniş formada sui-istifadə olunur.
Bu, ölkənin özündə də tənqidlə qarşılanır.
Şəriətdə küfr kimi qəbul olunan ittihamların aksiyaçılara qarşı istifadə edilməsini mübahisələndirən şəxslərdən biri Tehran Universitetinin professoru, islam hüququ üzrə ekspert Möhsün Borhanidir.
Ötən ilin dekabrında Möhsün Borhani bir teledebatda deyib ki, edam edilən aksiyaçılar Allaha qarşı müharibədə təqsirli bilinsə də, əslində onların əməli bu ittihama uyğun gəlmir.
Möhsün Borhaninin sözlərinə görə, nümayişçilər əllərindəki silahla təhlükəsizlik xidməti işçilərini vurmaq yox, qorxutmaq istəyiblər: “Belə əməl qəti surətdə müharibə anlayışı ilə uzlaşmır, çünki insanın müxalifliyi hökumətə qarşı yönəlib, mülki şəxsə qarşı yox”.
Məhkəmə hökmü ilə edam olunmuş ilk aksiyaçı Möhsün Şəkərinin zabiti yaralamaqda təqsirli bilindiyini xatırladan Tara Sepehrifər qeyd edir ki, barəsində ölüm hökmü çıxarılan digər etirazçılar arasında bundan da qəribə ittihamlarda – dövlət əmlakına ziyan vurmada, dövlət əmlakını yandırmada, terroru yaymaq niyyəti ilə silahdan istifadə etmədə təqsirli bilinənlər var.
İctimai fəalların söylədiyinə görə, İran hakimiyyəti ölümə məhkum edilənlərin harada, nə vaxt, necə edam olunacağı suallarına cavab tapmağa çalışanları karıxdırmaq üçün sözün əsl mənasında informasiya toru qurub, mütəşəkkil qaydada saxta məlumatlar yayır.
Məsələn, insan hüquqları uğrunda mübarizə aparan Atena Daemi “Tvitter” şəbəkəsində yazıb ki, İranın bəzi informasiya agentlikləri ölüm hökmünə məhkum edilmiş fəallardan bir neçəsinin azadlığa buraxıldığı haqda xəbər yayıb, məhkumların ailə üzvləri ilə əlaqə saxladıqda isə bunun yalan olduğu aydınlaşıb.
Fəallar bəyan edirlər ki, İran rejimini eləcə qınamaq kifayət deyil.
Avropa İttifaqı bu tənqiddən nəticə çıxararaq İrana qarşı yeni sanksiyalar paketinin müzakirəsinə başlayıb. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terrorçu təşkilat kimi tanınması məsələsi də müzakirə mövzusudur. Artıq Avropa İttifaqında bu təklifi dəstəkləyənlər var.
Mənbə: CNN.com