ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qəzəb və ümidsizlik: İranda iqtisadi problemlər etirazları daha da körükləyir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Babək Dehqanpişədir.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, sosial-iqtisadi problemlər İranda hüquq və azadlıqlar uğrunda aparılan mübarizəyə əlavə təkan verir.
2022-ci ilin sentyabrında gənc kürd qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsinin kütləvi etiraz aksiyalarına səbəb olduğunu xatırladan müəllif bildirir ki, əslində, bundan bir qədər əvvəl – yaz aylarından ölkədə gərginlik müşahidə edilirdi: “Qiymətlər sürətlə qalxır, milli valyuta dollara nisbətdə dəyər itirirdi. Etiraz aksiyalarının üçüncü ayında – dekabrda vəziyyət daha da pisləşdi, rəsmi hesabata əsasən, inflyasiya 48 faizi ötdü. Bu, 1995-ci ildən bəri İranda ən pis göstəricidir”.
Müəllif yazır ki, indi bəzi iranlılar evinə ət, hətta yumurta almaqda çətinlik çəkir.
Tehranda yaşayan iqtisadçılardan biri Babək Dehqanpişəyə telefonla verdiyi açıqlamada deyib ki, hökumət inflyasiyanın, korrupsiyanın qarşısını ala bilmir.
İranın uzun illərdir beynəlxalq sanksiyalar altında olduğunu yada salan Babək Dehqanpişə Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan sazişin bu sanksiyaları yumşaldacağına ümidləri doğrultmadığını vurğulayır.
Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə İranın və daha 6 ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyanın iştirakı ilə imzalanıb.
Sazişdə Tehranın nüvə proqramı ilə bağlı sərt məhdudiyyətlərə əməl etməsi, nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açması müqabilində Qərbin, o cümlədən ABŞ-ın və beynəlxalq təşkilatların İrana tətbiq etdiyi bir çox sanksiyanı aradan qaldırmasını nəzərdə tutur.
Lakin Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə ABŞ bu sazişdən çıxıb. 2020-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden sazişə qayıtmaq xəttini seçsə də, hələ bir nəticə əldə olunmayıb.
Babək Dehqanpişə yazır ki, ABŞ-ın nüvə sazişindən çıxması İranda iqtisadi problemlərin daha da artması ilə nəticələnib və iranlıların heç olmasa sosial-iqtisadi sahədə vəziyyətin düzələ biləcəyinə ümidlərini yerə vurub: “İran əhalisinin əksər hissəsi ümid edirdi ki, Cozef Bayden administrasiyası İranla nüvə sazişini bərpa edəcək, sanksiyalar zəifləyəcək. Amma 2022-ci ilin sentyabrından İranda etiraz hərəkatının baş qaldırması və hakimiyyətin aksiyalara çox amansız reaksiya verməsi nüvə sazişinin bərpası məqsədilə aparılan danışıqlarda yeni maneəyə çevrildi”.
Müəllif qeyd edir ki, İrandakı dini rejim ictimai narazılığı səngidə biləcək heç bir addıma, o cümlədən iqtisadi islahatlara getmir, əksinə, beynəlxalq təzyiqlərə baxmayaraq öz xalqı ilə daha qəddar davranır, həbsə atılmış etirazçıları edam etməklə məşğul olur: “Hökumətin aksiyaları yatırmaq cəhdlərinin 500 nəfərdən çox adamın ölümü, 19 min nəfərə yaxın adamın həbsi ilə nəticələndiyi bildirilir. Son həftələrdə artıq barəsində ölüm hökmü verilmiş bir neçə aksiyaçı dar ağacından asılıb.
Bir yandan repressiya güclənir, o biri yandan da iranlılar gündəlik dolanışıq qayğısı içindədir.
Tehranda taksi sürən bir gəncin dediyinə görə, etiraz aksiyaları başlanandan “Snapp!” şirkəti ilə işləyənlərin gəliri xeyli aşağı düşüb.
“Snapp” təxminən “Uber” kimi bir şirkətdir. İnsanlar olduqları və getmək istədikləri yeri göstərməklə onlayn üsulla şirkətə sifariş verib taksi çağıra bilirlər.
Tehranlı sürücünün sözlərinə görə, İran hökuməti etirazçıların aksiyalardan foto və video yaymasının qarşısını almaq üçün internetə girişi məhdudlaşdırdığı üçün “Snapp”dan istifadə imkanları da məhdudlaşıb.
Amma internetə giriş problemi aradan qalxandan sonra da “Snapp” vasitəsilə taksi çağıranların sayı çox artmayıb. Çünki rejimdən narazı vətəndaşlar taksi sürücülərinin onlar haqda məlumatları xüsusi xidmət orqanlarına ötürəcəyindən ehtiyatlanırlar”.
“Repressiyalar baha başa gəlir” – mərkəzi qərargahı Brüssel şəhərində yerləşən Beynəlxalq Böhran Qrupunun İran üzrə layihəsinin direktoru Əli Vaiz “Vaşinqton Post”a belə deyib.
O qeyd edib ki, hökumətin interneti məhdudlaşdırması da xalqa baha oturub, bu, yüz minlərlə adamın əmək bazarında sıxışdırılması ilə nəticələnib.
Babək Dehqanpişə “Qəzəb və ümidsizlik: İranda iqtisadi problemlər etirazları daha da körükləyir” məqaləsində vurğulayır: “Ötən il dekabrın sonunda hökumət milli valyutanın ucuzlaşmasının qarşısını almağa daha bir cəhd göstərərək Mərkəzi Banka yeni rəhbər təyin edib. Ancaq müşahidəçilərin fikrincə, bu kadr dəyişikliyinin çətin ki, qısa vaxtda bir nəticəsi olsun”.
“İranlıların çoxu üçün yalnız bir çıxış yolu qalıb” yazan müəllif həmin çıxış yolunun nədən ibarət olduğunu oxucuların diqqətinə İranda yaşayan bir proqramçının sözləri ilə çatdırır. Proqramçı belə deyib: “İslam inqilabından 44 il ötür. İnsanlar görürlər ki, hakimiyyətdə rasional yanaşmadan əsər-əlamət yoxdur, islahatlara zərrə qədər də ümid qalmayıb. Ona görə indi söhbət yalnız bir məsələdən – rejimi devirməkdən gedir”.
Mənbə: Washingtonpost.com