Novator.az saytı Mahir N. Qarayevin 2022-ci ilin sonunda qələmə aldığı “Gedək biz olmayan yerə” şeirini oxucuların diqqətinə çatdırır.
GEDƏK BİZ OLMAYAN YERƏ
Gedirik, İlahi, bu dünyanı biz
Allahsız, şairsiz qoyub gedirik…
Ramiz Rövşən
Yüz illərin yorğunuyuq,
min illərin üzgünü;
Eyni sözün vurğunuyuq,
eyni dilin susqunu!
Göylər Allahdan yorulub,
Allah göydən bezən kimi,
Ürək vurmaqdan yorulub,
ayaq heydən düşən kimi –
biz də bezdik bu dünyadan, yorulduq!
Bıçaq kimi gözümüzə dirənib –
gözdən düşüb, cılızlaşıb hər şeyi;
Söz qələmə, qələm sözə dirənib –
düyün düşüb, qəlizləşib hər şeyi.
İyrənirik çiy sözdən, qəlp kəlmədən –
kəlmə kəsib, söz tutmağa həvəs yox;
Qulağımız dəng olub hər nəğmədən,
hər qəzələ səs qatmağa nəfəs yox!
Səsimizi qısıb gedək,
gedək səs olmayan yerə;
Susub gedək –
nəğmə-qəzəl, şeir-söz olmayan yerə…
Bunun yayı o yay deyil,
Bunun qışı o qış deyil;
Bu dünya bizə tay deyil,
Bu dünya bizə tuş deyil!
Su deyincə – suyu axıb yoruldu,
daş deyincə – dağı-daşı töküldü;
Gözlərimiz baxıb-baxıb yoruldu,
dizlərimiz ağırlaşdı, büküldü…
Qəfəs də yox bu dünyada biz sığan –
qarmaqları, tilovları boşalıb;
Zindanına sığışmırıq biz daha –
çarmıxları, buxovları boşalıb!
Hər dərdinə şərik çıxıb,
hər şərindən keçmişik;
Məhbəsindən girib-çıxıb,
məhşərindən keçmişik!
Dərdi dərdə calamaqdan usandıq –
indən belə nə dərd versə, almayaq;
Yalquzaqtək ulamaqdan usandıq –
bir qurd kimi qiyamətə qalmayaq!
Nə itimiz-köpəyimiz azıbdı –
bu dünyada nə bitmişik, qalmışıq?!
Mismarlanmış əlimizdən qan sızır,
ovucları deşik-deşik qalmışıq!
Nə işıq düşən tərəfə,
nə it hürüşən tərəfə;
səssiz-küysüz, səs-səmirsiz –
gedək bir tikə səs-səmir, səmir-səs olmayan yerə…
Hələ bircə başdaşı da
adımızı tanımır –
əlindən su içdiyimiz adam bizi tanımır;
Tanımır bizi doğmalar,
özgələr tanımır bizi –
dünən baxıb keçdiyimiz güzgülər tanımır bizi!
Duyan kimdi, bilən kimdi
Tanrı yazan səbrimizi?!
Duamızı qılan kimdi –
Kimdi qazan qəbrimizi?!
Bu divarın o üzünü
görən kimdi, hörən kimdi?!
Allah baxır gizli-gizli –
ölən kimdi, qalan kimdi?!
Ölən bizi basdıran yox –
qalan bizə kim ağlayar;
Doğru bizə yas tutan yox –
yalan bizə kim ağlayar?!
Keçək dərədən sel kimi,
uçaq təpədən yel kimi;
hasardan-divardan aşıb –
çıxıb gedək dərə-təpə, duman-sis olmayan yerə!
Doğru nədir, yalan nədir –
bəlkə yalan, doğrudan da bizik, biz;
Dəyirman öz işindədir –
çaxçax olub, baş ağrıdan bizik, biz?!
Çərtdiyimiz qələmlərin ucunu
daşa çaxıb, daşımızı qırdılar;
Çəkdiyimiz hər ağrını-acını
başa qaxıb, başımızı yardılar!
Kitab-kitab
sözümüzə od vuraq –
kül olmayan bir sözümüz qalmasın;
Hər külünü
küləklərə sovduraq –
bir izimiz, bir tozumuz qalmasın!
İzsiz-tozsuz itib gedək,
sözsüz-sovsuz çıxıb gedək,
külək kimi bir kimsəyə görünmədən,
su kimi lal axıb gedək;
bu dünya toz içindədir – gedək toz olmayan yerə!
Bir kimsə tutmasın xəbər –
duyuq düşüb, züy tutan da olmasın;
Yolumuza çiçək səpən,
arxamızca su atan da olmasın!
Ağzımıza su alıb
bir kəlmə də danışmayaq;
Susub qalıb
heç Allahın sirrini də açmayaq!
Cınqırımız çıxmasın –
söz çıxmasın dilimizin ucundan;
Əlimizə kəsək yığıb,
daş götürüb çıxıb gedək,
baş götürüb çıxıb gedək –
əli şeytan ətəyində,
dili Allaha and içən
yığın-yığın allahsızın içindən!
Lap tüpürüb çıxıb gedək –
gedək bir Allah bəndəsi, bir ins-cins olmayan yerə!
Lap hər dərddən yaman olsun,
lap hər qəmdən acı olsun;
Anan – mənim anam olsun,
bacım – sənin bacın olsun!
Qoy uyusun hamı dərin yuxuda,
lap olmasın yuxuları çin də heç;
Üç balanı sən qoy şirin yuxuda,
cüt balamı oyatmayım mən də heç!
Gözüyaşlı çıxıb gedək,
başıdaşlı çıxıb gedək –
çıxıb gedək arvad-uşaq, oğul-qız olmayan yerə…
Çaşa-çaşa gəldim yolu –
azdım, yoluna çıxdım;
Dilim lal, ürəyim dolu –
susdum, yalana çıxdım!
Yol sən idin – səndən keçdim,
Yola döndüm – buyur, keç;
Tək sən idin – səni seçdim,
Ayrı kim var – ayır, seç!
Əyrisindən düzünü seç,
ayrısından özünü;
Buyur, məndən özünü seç –
ayır məndən özünü!
Ayrı sözlərdən söz tutub,
handa bir sözə çıxdıq;
Ayrı yollara üz tutub –
sonda üz-üzə çıxdıq!
Ayrı-ayrı, tək-tək gedək
eyni yolu sonacan;
Dayanım – gəl mənə qədər,
dayan – gəlim sənəcən!!!
Və beləcə –
gah sən mənə,
gah mən sənə gələ-gələ,
Sənli-mənli,
mənli-sənli –
gedək biz olmayan yerə…
P.S.
Qaranlıqdı sağ-solumuz –
yer-göy zülmət içində;
Qaranlıqdı son yolumuz –
hər şey zülmət içində…
Nə baxırsan yazıq-yazıq,
bir yalquzaq gözüylə?!
Tərpən gedək, yol uzaqdı,
mən də gəlim izinlə!
Birdəfəlik köçüb gedək,
yeri-göyü ölçüb gedək,
üstümüzdən çırpa-çırpa ulduzları
bu gecədən,
qaranlıqdan keçib gedək –
gedək üzü dan yerinə…
Bələk nədi,
kəfən nədi –
bu dünyanın son ucunda
ağaracaq ürəyimiz bir cüt qoşa varaq kimi!
Orda yanbayan durarıq,
qaranlıqda çaxmaq çəkib yandırarıq –
sən özünü çıraq kimi,
mən özümü şam yerinə…
Mahir N. Qarayev