AXCP Milli Məclisdə iki oxunuşda qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibət bildirib.
Parlament qanun layihəsinin ilkin variantını sentyabrın 7-də təqdim edib, noyabrın 21-də yenilənmiş variantı açıqlayıb. Yeni variant parlamentdə ilk oxunuşdan noyabrın 29-da, ikinci oxunuşdan dekabrın 6-da keçib.
AXCP hesab edir ki, hakimiyyət “Siyasi partiyalar haqqında” yeni qanunu çoxpartiyalı siyasi sistemi, real alternativ qüvvələri hüquq müstəvisindən çıxarıb faktiki məhv etmək məqsədilə qəbul etmək istəyir: “Layihə hakimiyyətə siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq, onlara daha sərt nəzarət, müxalifət partiyalarının üzvlərinə və onların ailələrinə qarşı təzyiqləri daha da artırmaq, istəyəndə onların qeydiyyatını ləğv etmək, yeni partiyaların yaradılmasının qarşısını almaq imkanı yaradacaq.
Qanun layihəsində qeyd edilir ki, dövlət qeydiyyatı üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Qüvvədə olan qanunda bu rəqəm 1000-dir. Azərbaycan hökumətinin 26 may 2011-ci ildə Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyasına rəy üçün təqdim etdiyi layihədə də bu rəqəmin 1000-dən 5000-ə qaldırılması nəzərdə tutulmuşdu, lakin Venesiya Komissiyası buna mənfi rəy vermişdi. Komissiya 5000 üzv şərtinin Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə zidd olduğunu, vətəndaşların hüququnu məhdudlaşdırdığını qeyd etmişdi. İndi 5000 üzv tələbini yenidən qanuna salmaq və ora üzvlərinin sayı 4500-dən aşağı olan partiyaların buraxılmasını nəzərdə tutan müddəa əlavə etmək vətəndaşların siyasi partiyalar vasitəsilə ölkənin siyasi həyatında iştirak hüququnu məhdudlaşdırır, beynəlxalq standartlarla, demokratik prinsiplərlə, xüsusilə siyasi plüralizmlə üst-üstə düşmür.
Yeni qanun layihəsinə əsasən, siyasi partiya öz üzvlərinin reyestrini aparmalı və hazırlanmış siyahı icra hakimiyyəti orqanına təqdim edilməlidir. Partiya üzvlərinin reyestri aparılarkən onların adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi göstərilməlidir. Üzvləri haqqında toplanmış bu məlumatı siyasi partiyadan icra hakimiyyəti orqanına – Ədliyyə Nazirliyinə təqdim etmək tələb olunur. Azərbaycanda müxalif siyasi partiya fəallarının daimi təzyiq altında saxlandığı, polis nəzarətinə məruz qaldığı təcrübəsini nəzərə alsaq, icra hakimiyyəti bu fərdi məlumatlar əsasında hüquq mühafizə orqanlarının əli ilə siyasi partiya fəallarını təqib etmək üçün daha geniş imkanlar əldə edir.
Qanun layihəsi siyasi partiyaların spesifikliyindən, onların daşıdığı ideologiya və dünyagörüşündən asılı olaraq partiya nizamnaməsi ilə tənzimlənməli olan məsələləri dövlətin tənzimləməsinin hüququ bazasını yaradır, bu da siyasi partiyaların, onların qurumlarının fəaliyyətinə lüzumsuz müdaxilələrə imkan verir, siyasi partiyaların daxili müstəqilliyini böyük ölçüdə əlindən alır.
Layihə dövlət qeydiyyatından keçməmiş partiyaların siyasi fəaliyyətlə məşğul olmasını qadağan edir. Bu müddəa mövcud hakimiyyətə real rəqib ola biləcək yeni siyasi partiyaların yaranması və formalaşmasına mane olmaq imkanları yaradır. Belə bir tələb Avropa İnsan Hüquqları Konvensiyasına və Azərbaycan Konstitusiyasına ziddir.
Layihə siyasi partiyaların seçkilərdə iştirakını bir vəzifə olaraq məcburi edir, onların öz iradələri ilə seçkini boykot və ya seçkidə iştirak etmək qərarı verməsinə mane olur, azad seçim hüququnu pozur”.
AXCP bildirir ki, qanun layihəsi mürtəce məzmunludur, siyasi partiyaların, xüsusilə real müxalif siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa, siyasi plüralizmin de-fakto aradan qaldırılmasına xidmət edəcək: “Bunu nəzərə alaraq AXCP hakimiyyəti “Siyasi partiyalar haqqında” bu mürtəce qanunu qəbul etməməyə, qanun layihəsini ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərməyə, Venesiya Komissiyasının indiyə qədərki tövsiyələrini nəzərə almağa çağırır”.
Azərbaycanda 60 partiya dövlət qeydiyyatındadır. AXCP 1995-ci ildə, 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin bazasında qurulub, həmin il dövlət qeydiyyatına alınıb.
Partiyaların yeni qanunu: layihə dərc edildi
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
“Ölkədə elə bir müxalifət var ki…”
Partiyaya ianə: köhnə norma, indiki, plan
Yaxın ölkələrdə partiya qurmaq şərtləri
Yeni qanun nə təhlükə doğurur?
Partiya qanunu: layihə yenilənib
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?
Partiyanın ləğvi: qanun layihəsi nə deyir?
60 partiyaya 180 gün vaxt veriləcək
Partiya qanunu ilk oxunuşdan keçdi
Partiya: yeni layihəyə etiraz, təklif