Dekabrın 11-i Bakıda Azərbaycan Xalq Partiyasının 5-ci qurultayı keçirilib, qurumun nizamnaməsi və proqramı yenilənib, Pənah Hüseyn yenidən sədr seçilib.
Novator.az bildirir ki, 1957-ci il təvəllüdlü Pənah Hüseyn Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980-1983-cü illərdə Sabirabad rayonunda orta məktəb müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
Milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub.
1996-1997 və 2003-2005-ci illərdə həbsdə yatıb. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Azərbaycan Xalq Partiyası 1999-cu ildə dövlət qeydiyyatına alınıb.