Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri
Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,24 dəfə artaraq 31,8 milyard dollar olub. Yüksəlişin əsas səbəbi qaz ixracatından gəlirlərdir. 10 ayda qaz gəlirləri ötən ilin eyni dövrünə nəzərən 5 dəfəyədək artaraq 14,6 milyard dollara çatıb.
Azərbaycan yalnız neft-qazın xarici bazarlarda satışından ayda 3,2 milyard dollar əldə edib. Amma bu gəlirlər nə düzgün idarə olunur, nə də ədalətli bölüşdürülür. Gəlirlər əsasən Dövlət Neft Fonduna (DNF) və Dövlət Neft Şirkətinə gedir. DNF-yə gedən gəlirlərin büdcə transfertindən artıq hissəsi idarəetməyə yönəlir. Büdcədən xərcləmələrin (xüsusilə də investisiya istiqamətində) korrupsiya potensialının yüksək olmasından dəfələrlə bəhs etmişik. İdarəetməyə gəlincə, bu ilin 9 ayı ərzində DNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan zərər 4,5 milyard manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı itkilər 4,2 milyard manat təşkil edib.
10 ayda qaz gəlirlərini 5 dəfə artıran, bütövlükdə neft-qaz ixracatından 31,8 milyard dollar gəlir əldə edən Azərbaycan hakimiyyəti istehlakçılara qazın hər 1000 kubmetrini yuxarı tariflə 250 manata satır. İstehlakçıların əksəriyyəti dekabr şaxtasında yuxarı tarifə görə qazdan məhdud həcmdə istifadə edir. Buna nə ad vermək olar?
10 ayda bu qədər varlanan hansı hökumət pensiyaçısına 240 manat, yaşa görə müavinət alan vətəndaşına 180 manat, üçüncü qrup əlilə 120 manat, müharibə veteranına 80 manat ödəyər?
Hökumət xalq artan gəlirləri necə bölüşdürmək hesabatı verməli və korrupsiyanın qarşısını almaq üçün şəffaflılığı təmin etməlidir.